BAKI, 22 mart. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan metroda mübahisə etdiyi qadından və onun oğlundan üzr istəyib.
Teleqraf xəbər verir ki, Paşinyanüzrünü Facebook səhifəsində canlı yayımda istəyib.
"Formada və məzmunda deyilməmiş şeylərə görə üzr istəyirəm. Hörmətli Mosiyan xanım, baş verənlərə görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, metroda və ya başqa yerdə yenidən görüşmək və sakit söhbət etmək imkanı olacaq. Bu söhbətin baş tutmasını istərdim. Bilirəm ki, imtina edəcəksiniz və bir neçə sərt söz əlavə edəcəksiniz - bunu təvazökarlıqla qəbul edirəm.Bəzi şeyləri uyğunsuz jestlərlə və səhv tonda dediyimi qəbul edirəm", - hökumət başçısı bildirib.
Xatırladaq ki, Nikol Paşinyan İrəvan metrosunda olarkən, Qarabağdan köçdüyünü iddia edən bir qadınla mübahisə edib.
Qadın onu ermənilərin Qarabağdan köçməsinin qarşısını almamaqda ittiham edib.
Paşinyan isə qadına belə cavab verib:
"Biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə məni insanların Qarabağdan Ermənistana getməməsi üçün sərhədləri bağlamaqda günahlandıran siz idiniz. İndi isə buraya gəlib deyirsiniz: "Geri qayıtmaq istəyirdik".
Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız?
Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın".