AZ

Səsi olsa da, səhnəsi olmayan adam Orxan Saffari yazır…

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Hərdən fikirləşirəm ki, görəsən, Aqil M. Quliyev niyə Xəzər Süleymanlı, Kamran Ağabalayev olmur?

Yəni səsi, vizual görüntüsü rahatlıqla ona şeir deməyə, fərqlənməyə əsas verir. Axı məsələn, məhz onun səsi minlər, ayağını yerə bərk dirəsə hətta milyonlarla səsin içində fərqlənə bilir. Belə olan halda M.Quliyev niyə gedib özünü kinoda məhv etdi ki? Onu kim aldatdı ki, sən yaxşı aktyor, rejissorsan? Kimlər çəkdi paxıllığını?

Konkret desək, bu səslə başqa istiqamətlərdə daha yaxşı işlər görmək olduğu halda, Aqil M. Quliyev heç nə etməməyi seçdi.

Məsələn, bəzi səslər var ki, o səs adamı özünə çəkir. Bəzi səslər var, adamı itələyir. Aqil M.Quliyevin səsi isə adamı heç yerə aparmır. Əvvəl nəsə deyirdisə, indi heç nə də demir, “həə, nooolsun?” effekti yaradır. Çünki onun istedadı, iddiası ilə səsi vəhdət təşkil etmir.

Obrazlı desək, onda səs var, sima var, bir balaca istedad da var. Ancaq bunların heç bir bir araya gəlmir, əməkdaşlıq etmir. Hərəsi ayrı lahiyədir.

Başqa sözlə, Aqil M.Quliyev material olaraq var, ancaq məhsul ola bilmir.

O ki, hardasa səsi olan bir balaca uşaq görürsən, görəndə də deyirsən ki, bu səsi heyif etmə, oxu, ancaq o uşaq da böyüyüb başqa sahəyə gedir. İndi Aqil M.Quliyevdə də məsələ təxminən belədir.

Ancaq burada bir məsələ də var. Aqil M. Quliyevin film fəaliyyətinə baxanda mənə aydın olur ki, əslində, şeir desəydi də, yəqin ki, pis-pis şeirlər deyəcəkdi, zövqü olmayacaqdı. Yəni qiraət fəaliyyəti də kino fəaliyyəti kimi olacaqdısa, tay hessat.

Doğrudur, onun səsi fərqli olsa da, bəzən bu fərqlilik gülməli də olur. Məsələn, hərdən o danışanda elə bilirəm ki, kənddəyəm, kimsə göy rəngli, ancaq artıq qabıq verən, “kraska”sı tökülən qapını açır. Ya da hansısa qorxu filminə baxırsan, növbəti kadrda uşaqları yeyən manyak müəllim içəri girir.

Aqil M. Quliyevin rejissor, aktyor, prodüser və s. obrazlarda işləri olub. Əlbəttə, gördüyü bütün işlər pis deyil, qismən ortababa yaxın olanlar da var.

Ümumiyyətlə, istənilən sənət sahəsində ortabab olmaq pisdir. Ya tamamilə yaxşı olmalısan, ya pis. Ortabablıq ortada qalmaqdır, olmasa daha yaxşıdır, təntəsi yox, təsəllisi var. Bu isə böyük mənada ziyandır.

Aqil M. Quliyev xüsusən aktyorluq üçün uyğun istedad sahibi deyil. Baxmayaraq ki, səsi də, siması da ekran üçündür, amma sanki kamera onu görmür. Bəlkə də, Azərbaycanda kinoya bu qədər uyğun olan, ancaq yapışmayan ikinci bir adam yoxdur.

Konkret desək, məsələn, onun seçildiyi heç bir rol da yoxdur.

Nə kommersiya filmlərində, nə də digər. Kim nə xatırlayır?

Yəni elə bir yaxşı rol varmı ki, yada düşəndə onu fikirləşəsən?

Ya Aqil M. Quliyevi haradasa görəndə adamın yadına bir rol düşsün?

Görünür, adamın yadına, daha dəqiq, qulağına ancaq Aqilin səsi düşür. O da hərdən başa düşmək şərti ilə.

Artıq uzun illərdir sənətdə olsa da, işlər görsə də, hələ ən yaxşı halda həvəskar, potensialı olan, ancaq bunu realizə edə bilməyən kimi qiymətləndirmək mümkündür. Bu, bir gənc sənət adamı üçün keçərli səbəb, ümidverici məsələ olsa da, Aqil M.Quliyev yaşında, təcrübəsində olan adam üçün faciədir.

İndi əksəriyyət ona sənətkar deməli, nəsə öyrənməli idi. Ancaq heç kimin Aqil M.Quliyeva ehtiyacı yoxdur.

Bir sözlə, Aqil M.Quliyev səhnə üçün olsa da, səhnə onu qəbul etmir.

Onu bir sözlə ifadə etsək, belə də demək olar:

“Səsi olsa da, səhnəsi olmayan adam”.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
icma.az

1Mənbələr