İran Silahlı Qüvvələri hərbi doktrinasını kökündən dəyişərək müdafiə mövqeyindən hücum mərhələsinə keçdiyini bəyan edib.
Musavat.com "Khabar Fouri"yə istinadən xəbər verir ki, bu barədə "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi məlumat verib.
Komandan qeyd edib ki, döyüş taktikası artıq dəyişdirilib və əməliyyatlarda ən müasir silahlar, o cümlədən qabaqcıl hərbi avadanlıqlar tətbiq olunacaq.
Abdullahi xüsusi vurğulayıb ki, ABŞ və İsrail ordularını gözlənilməz "sürprizlər" gözləyir.
Eyni zamanda, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif rəsmi Vaşinqtonun hədələrinə sərt cavab verib.

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açılmayacağı təqdirdə İranın elektrik stansiyalarını vuracağı ilə bağlı xəbərdarlığını şərh edən Arif, Tehranın infrastrukturuna hər hansı hücumun bütün regionda kütləvi elektrik kəsintilərinə səbəb olacağını bildirib.
"İranın özünü müdafiə hüququ qüvvədədir və İslam Respublikasını təhdid edənlər nəticələrə görə məsuliyyət daşıyacaqlar", - deyə o əlavə edib.
Vitse-prezident İranın heç vaxt müharibə tərəfdarı olmadığını, lakin özünü müdafiə etməkdə tərəddüd etməyəcəyini vurğulayaraq, münaqişənin "nə vaxt və necə" bitəcəyinə yalnız Tehranın qərar verəcəyini deyib.
Musavat.com