AZ

Bodrumda yanan yaxtaların Anar Əlizadəyə aid olmadığı iddia olunub

Yalıkavak Marina rəhbərliyi hadisə ilə bağlı yayılan məlumatların yanlış olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, 2026-cı il martın 21-də, şənbə günü səhər saat 03:30 radələrində Bodrumda yerləşən Yalıkavak Marinada lövbər salmış yaxtalardan birində yanğın baş verib. Güclü küləyin təsiri ilə alov qısa müddətdə genişlənərək yaxınlıqda olan digər gəmilərə də keçib və nəticədə bir neçə yaxta ciddi maddi zərər görüb.

Yalıkavak Marina-nın baş direktoru Umut Özkan hakkin.az portalına bildirib ki, Marina əməkdaşlarının və aidiyyəti dövlət qurumlarının operativ və koordinasiyalı fəaliyyəti sayəsində yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb və daha geniş miqyas almasının qarşısı alınıb.

Hadisədən dərhal sonra Azərbaycan KİV-lərində yayılan məlumatlarda yanan 5 yaxtanın azərbaycanlı iş adamı Anar Əlizadəyə məxsus olduğu iddia edilib. Lakin Umut Özkan bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq, sözügedən yaxtaların Anar Əlizadəyə aid olmadığını qəti şəkildə təkzib edib. O, eyni zamanda yaxtaların sahiblərinin kimliyini açıqlamaqdan imtina edib, lakin onların Türkiyə vətəndaşları olduğunu qeyd edib.

Marina rəhbəri əlavə edib ki, hazırda hadisə yerində texniki təhlükəsizlik tədbirləri davam etdirilir, xüsusilə konstruksiyaların soyudulması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, marina ərazisində qonaqların, istifadəçilərin və personalın təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır.

Türkiyənin Fövqəladə Hallar qurumlarından verilən məlumata görə, yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə rəsmi texniki araşdırmaya başlanılıb. Hadisənin detalları və dəymiş ziyanın miqyası ilə bağlı əlavə məlumatların araşdırma yekunlaşdıqdan sonra açıqlanacağı gözlənilir.

Poliqon.info

Seçilən
75
poliqon.info

1Mənbələr