Bakı, 22 mart, AZƏRTAC
Britaniya Hərbi Dəniz Qüvvələrinin “HMS Anson” nüvə sualtı qayığı Ərəbistan dənizinin şimalındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə "The Mail on Sunday" qəzeti hərbi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, sualtı qayıq Avstraliya və ABŞ arasında AUKUS üçtərəfli müdafiə tərəfdaşlığı çərçivəsində fevral ayında çatdığı Avstraliyanın Pert şəhərindən martın 6-da yola düşüb. Qeyd olunur ki, zərurət yaranarsa, sualtı qayıq ABŞ-ın İrana qarşı hərbi əməliyyatında istifadə edilə bilər.
Martın 21-də Britaniyanın xarici işlər naziri İvet Kuper Londonun İrana qarşı hücum əməliyyatlarında iştirak etmək niyyətində olmadığını bildirib. O, Birləşmiş Krallığın regiondakı müttəfiqlərinə yalnız müdafiə yardımı göstərdiyini, onlara qarşı atılan raketləri və dronları vurmağa kömək etdiyini vurğulayıb.