AZ

Turan Manafzadə: Novruz bayramını yeni əsərlə qeyd etmək mənim üçün bir qürurdur

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 21 mart, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadənin “Novruz” adlı yeni əsəri ictimaiyyətə təqdim edilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun təşəbbüsü ilə ərsəyə gələn əsərin musiqisi Turan Manafzadəyə, sözləri isə Kürşad Zorluya aiddir.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən Turan Manafzadə əsərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dinləndiyini və rəğbətlə qarşılandığını bildirib.

O deyib: “Novruz bizin uşaqlığımızdan təntənə ilə qeyd etdiyimiz ən əziz bayramımızdır. Artıq uzun illərdir Türkiyədə yaşayan və Azərbaycan musiqisini dünyada təmsil edən bir sənətçi, Azərbaycanın Əməkdar artisti olaraq Türk dünyasının ən vacib rəmzlərindən olan Novruz bayramını bir əsərlə qeyd etmək mənim üçün bir qürurdur. Bu, eyni zamanda Türkiyə Cümhuriyyətinin 100-cü ilinə həsr etdiyim əsərə Türkiyə dövlətinin, şəxsən Kürşad Zorlunun verdiyi qiymətdir ki, bunu da özüm üçün bir şərəf hesab edirəm. Çünki musiqi mənəviyyatımızın ən gözəl dili, qəlblərin, mədəniyyətlərin yaxınlaşması üçün ən dəyərli vasitədir. Bu vəsilə ilə ən səmimi arzularımla bütün Türk dünyasının Novruz bayramını təbrik edirəm”.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
1
azertag.az

2Mənbələr