AZ

Beynəlxalq Aqrobiznes Forumunda Azərbaycanın strateji rolu vurğulanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Afina, 21 mart, AZƏRTAC

Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və aqrobiznes sahəsində Afinada keçirilən 8-ci Beynəlxalq Aqrobiznes Forumunda Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov “Qlobal geosiyasətin ərzaq təhlükəsizliyinə təsiri” mövzusunda panel müzakirəsində iştirak edib.

AZƏRTAC xəbər verir ki, səfir çıxışında ərzaq təhlükəsizliyinin artıq yalnız kənd təsərrüfatı ilə deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və geosiyasi sabitliklə sıx bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, münaqişələr və logistika zəncirindəki pozuntular qlobal ərzaq bazarlarına birbaşa təsir göstərir.

Səfir Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyini qeyd edərək, ölkəmizin etibarlı nəqliyyat və enerji tərəfdaşı olduğunu söyləyib.

Bildirilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlər regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsində artıq iqtisadi təsirlər müşahidə olunur, o cümlədən regionda tranzit imkanları genişlənib.

Həmçinin vurğulanıb ki, enerji qiymətlərinin azalması kənd təsərrüfatı xərclərinə və ərzaq qiymətlərinə müsbət təsir edir. Səfir Orta Dəhlizin və TRIPP layihəsinin əhəmiyyətini qeyd edərək, bu marşrutların Asiya ilə Avropa arasında etibarlı alternativ kimi rolunu önə çəkib.

Sonda qlobal ərzaq təhlükəsizliyi üçün nəqliyyatın şaxələndirilməsi, enerji bazarlarının sabitliyi və beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Forum çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub və tədbirdə diplomatik korpus, şirkət və digər qurumların nümayəndələri iştirak ediblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
azertag.az

1Mənbələr