Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın həyat yoldaşı Rafael Quliyev xanımını doğum günü münasibəti ilə təbrik edib.
Musavat.com xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb:
"Bahar, birgə həyatımızın 24 ili ərzində mən həmişə sənin siyasi karyeranın kölgəsində qalmağa çalışmışam. Elə buna görə də səni ad günün münasibətilə yalnız ev şəraitində təbrik edirəm. Düşünürəm ki, bu "karantin" artıq geridə qalıb. Biz sübut etdik ki, əgər ailədə hər iki tərəf əsas məsələlərdə eyni düşünür və bir-birini dəstəkləyirsə, belə bir ailə tandemi almazdan da möhkəm olur. Allah həyatımızdan nəyisə silirsə, deməli, tezliklə onun yerinə daha yeni və daha işıqlı bir şey yazacaq. Səninlə həyatımı bağladığım üçün xoşbəxtəm. Bu sözləri deməkdən çəkinmirəm, çünki bundan sonra deyəcəklərim sənin xarakterinin yalnız kiçik bir hissəsidir. Sənin fəaliyyətində qarşılaşdığın və köklü şəkildə həll etdiyin problemləri məndən yaxşı heç kim bilməz. Sən öz sahən üzrə beynəlxalq forumlarda ölkəmizi böyük uğurla təmsil edirsən. Heç vaxt kiməsə ölkəmizi və onun siyasətini ləkələməyə imkan vermirsən. Səni ad günün və bahar bayramı münasibətilə təbrik edirəm, halbuki sən özün elə "Bahar"san. Allah sənə sağlam və uzun ömür versin, Vətənimiz - Azərbaycan naminə.
Ümid edirəm ki, bu paylaşımı oxuyanlar fikirlərimi ifadə edərkən bəzi sərbəstliklərimə görə məni bağışlayar. Yazdıqlarım Bahar xanımın müsbət keyfiyyətlərinin yalnız kiçik bir hissəsidir".
![]()
Bahar Muradova da öz sosial media hesabında həyat yoldaşına təşəkkür edib:
"Hörmətli Rafael müəllim, səmimi və ürəkdən gələn bu dəyərli sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm! Uzun illər ərzində qarşılıqlı hörmət, etimad və dəstək üzərində formalaşan ailəmizin həyatın çətin və məsuliyyətli anlarında yanımda olması və mənə güc verməsi həm qürurverici, həm də böyük mənəvi dayaqdır. Hamımız üçün qorunması vacib olan ailə dəyərlərimiz hər zaman mənim üçün əsas olub və ictimai fəaliyyətimdə də bu dəyərlərə sadiq qalmağa çalışmışam. Ölkəmizə xidmət yolunda ailəmin anlayışı və dəstəyi mənim üçün ən böyük güc mənbəyidir. Gözəl arzularına görə minnətdaram. Mən də öz növbəmdə bu gözəl bayramlar münasibətilə Sizi ürəkdən təbrik edirəm! Qoy, Uca Tanrı hər bir ailəyə sağlamlıq, sevgi, sədaqət, möhkəm birlik nəsib etsin və Azərbaycanımızı qorusun!"
Qeyd edək ki, Bahar Muradova Mingəçevir şəhərinin ilk sakinlərindən və qurucularından hesab olunan Şahvələd Quliyevin gəlinidir. Məlumata əsasən, Şahvələd Quliyev 1912-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub. O, sonradan Mingəçevir şəhərinə köçərək burada müxtəlif məsul vəzifələrdə çalışıb və şəhərin formalaşması, inkişafı prosesində fəal iştirak edib. Bu səbəbdən o, Mingəçevirin ilk sakinlərindən və qurucularından biri kimi xatırlanır. Şahvələd Quliyev 1991-ci ildə vəfat edib və Mingəçevir şəhərində yerləşən Əli qəbiristanlığında dəfn olunub.
Şahvələd Quliyevin ailəsi də ölkənin ictimai-mədəni həyatında tanınan simalar yetişdirib. Onun qızı, Azərbaycan teatr səhnəsində tanınmış aktrisa Şəlalə Quliyeva 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir və 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Bahar Muradova 2005–2019-cu illərdə Milli Məclisin sədr müavini olub, 2020-ci ildən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir.
Şahanə Rəhimli
Musavat.com