AZ

Bayramda radar tələsi: Texniki baxışın vaxtı bitən sürücülər nə etməli?

Azərbaycanda baharın gəlişini müjdələyən təbiətin oyanış bayramı olan Novruz və mənəvi saflıq rəmzi sayılan müqəddəs Ramazan ayı bu il eyni dövrə təsadüf edərək ölkədə xüsusi bayram ab-havası yaradıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu əlamətdar günlərlə əlaqədar ölkə ərazisində ardıcıl qeyri-iş günləri elan edilib, dövlət müəssisələrinin fəaliyyətinə fasilə verilib. Lakin bu istirahət günlərində sürücüləri ən çox düşündürən məsələlərdən biri də nəqliyyat vasitələrinin icbari texniki baxış müddətinin bitməsidir.

Belə ki, qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdə, sistem avtomatik olaraq elektron protokol tərtib edir və bu da sürücülər üçün əlavə maliyyə yükü deməkdir. Dövlət qurumlarının işləmədiyi bir vaxtda texniki baxışın necə həyata keçirilməsi və cərimələrdən yayınma yolları aktuallığını qoruyur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, bu, hər il bayram günlərində rast gəlinən tipik bir problemdir:

“Lakin mövcud qanunvericilik və Daxili İşlər Nazirliyinin iş rejimi bu məsələdə sürücülərin köməyinə çatır. Vətəndaşlar bilməlidir ki, Baş Dövlət Yol Polisi İdarəsinin texniki baxış mərkəzləri, xüsusilə Bakı şəhərinin Zabrat və Lökbatan qəsəbələrində yerləşən müasir diaqnostika mərkəzləri bayram günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yəni dövlət idarələri işləmir deyə texniki baxışdan keçməmək sadəcə bəhanə ola bilər, sürücülər növbəyə durmadan bu günlərdə daha rahat şəkildə avtomobillərini yoxlatdıra bilərlər”.

Ələddinzadənin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər üçün texniki baxışdan keçməməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur və bu cərimə elektron kameralar vasitəsilə avtomatik qeydə alınır:

“Sistem bayramdır deyə dayanmır, müddət bitdiyi andan 20 gün keçdikdən sonra ilk cərimə yazılır və bu, hər 20 gündən bir təkrarlana bilər. Sürücülərə tövsiyə edirəm ki, ASAN pay və ya e-police tətbiqi vasitəsilə texniki baxışın son gününü dəqiqləşdirsinlər və diaqnostika mərkəzlərinin səhər saat 09:00-dan etibarən açıq olduğunu unutmasınlar. Bayram günləri texniki baxışdan keçməmək üçün əsas deyil, əksinə yolların boş olması mərkəzlərə çatımı daha da asanlaşdırır, ona görə də cəriməyə düşməmək üçün sürücülərdən məsuliyyətli olmaları xahiş olunur”.

Tunar
NOCOMMENT.az

Seçilən
60
nocomment.az

1Mənbələr