AZ

Məhkəmə Maskı “Twitter”-in alan zaman manipulyasiyada günahkar sayıb

Milyarder Elon Mask 2022-ci ildə “Twitter Inc.”-i satın aldığı zaman şirkəti nüfuzdan salmağa çalışaraq investorları qəsdən yanıltmaqda təqsirli bilinib.

Bu barədə Bloomberg agentliyi martın 21-də San-Fransiskoda andlılar məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Andlılar belə qənaətə gəliblər ki, Mask “Twitter”-də saxta hesabların sayının çox olması ilə bağlı açıqlamalar verərkən və sövdələşmədən imtina etməyə çalışdığını göstərərkən investorları bilərəkdən yanlış istiqamətləndirib. Araşdırmanın predmetinə 13 may 2022-ci il tarixli tvit daxil olub. Həmin tvitdə Mask “Twitter ilə razılaşmanın spam və saxta hesabların istifadəçilərin 5 faizindən az olduğunu təsdiqləyən məlumatlar əldə olunana qədər müvəqqəti dayandırıldığını” bildirmişdi.

Məhkəmə müəyyən edib ki, bu addımlar əslində şirkətin qiymətini aşağı salmağa yönəlmiş planın bir hissəsi olub. 2022-ci ilin iyulunda “Twitter Inc.” Maskın sövdələşmədən imtina etməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra şirkətin səhmləri 32,52 dollara qədər ucuzlaşıb ki, bu da Maskın təklif etdiyi alış qiymətindən 40 faiz aşağı olub. Daha sonra iş adamı sosial şəbəkəni alaraq adını “X” olaraq dəyişib.

Qərara əsasən, Maskın ödəyəcəyi kompensasiya yüz milyonlarla, hətta milyardlarla dollar ola bilər. Səkkiz nəfərdən ibarət komissiya Maskın açıqlamalarının təxminən beş ay ərzində hər ticarət günündə səhmlərin qiymətinə necə təsir etdiyini hesablayıb.

Kompensasiyanın dəqiq məbləği səhmdarların fərdi iddialar qaldırmasından sonra müəyyən ediləcək. İnvestorların vəkili Mark Molumphy qərardan sonra kompensasiyanın təxminən 2,6 milyard dollar təşkil edə biləcəyini bildirib.

Elon Maskın vəkilləri isə qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Seçilən
38
2
apa.az

3Mənbələr