15400 tamaşaçı tutumun olan Gəncə şəhər stadionunda son tamamlanma işləri görülür.
Həftələr öncədən xəbər verdiyimiz kimi, son anda bir problem yaranmazsa, Premyer Liqanın son turu çərçivəsində "Kəpəz" "Neftçi"ni məhz bu arenada qəbul edəcək.
Amma narahat olmağa əsas yoxdur.
Azər Bağırov sağ olsun, "Kəpəz"i böyük biabırçılıqdan xilas edib.
Qayıdaq mövsümün əvvəlinə...
6 oyun, 6 məğlubiyyət.
Liqanı tərk etməyə ən real namizəd Qərb təmsilçisi idi.
Hələ onda çox müzakirə olunurdu ki, heyif Gəncə şəhər stadionundan.
Bu cür möhtəşəm arena Premyer Liqadan kənarda qala, Birinci Liqa görüşlərini qəbul etmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Məhz Bağırovun gəlişindən sonra vəziyyəti 180 dərəcə dəyişmək mümkün oldu.
Təhlükə qapıdan qovuldu, narahatlıq aradan qalxdı.
Sonuncu pilləyə enmək ehtimalı faktiki real deyil.
Pley-off oynamaq təhlükəsindən də xilas olmaq potensialı yüksəkdir.
Bu gün "Kəpəz" daha üst sıralara qalxmaq üçün mübarizə aparır.
Gəncəli azarkeşlər könül rahatlığı ilə yeni mövsümə hazırlaşa bilərlər.
İndi qalır illərdi klubun üzərinə həkk edilmiş autsayder damğasından qurtulmaq.
Yalnız liqada qalmaq hədəfini özünən uzaq tutmaq.
Böyük futbol ənənəsi olan şəhərin artıq əla stadionu da var.
Rəhbərlik minimum ortabab, avrokuboklara "əlcək atacaq" gücdə kollektiv qurmağa indidən başlaya bilər.
XANOĞLAN / SPORTİNFO.AZ