AZ

Qəlbləri isidən Novruz: Xarici turistlər bahar bayramını Bakıda qarşılayırlar - REPORTAJ FOTO

Bakı, 21 mart, AZƏRTAC

Novruzun nəfəsi Bakının küçələrinə xüsusi bir ruh qatıb. Rəngarəng dekorasiyalarla bəzədilən şəhər sanki bayram nağılını xatırladır. Bu sehrli ab-hava təkcə yerli sakinləri deyil, yaxın və uzaq ölkələrdən gələn qonaqları da özünə cəlb edir. Xarici vətəndaşlar bu bayramın istiliyini və səmimiyyətini böyük maraq və heyranlıqla qarşılayırlar.

AZƏRTAC-ın müxbirləri şəhərimizin xarici qonaqları ilə həmsöhbət olub, onların təəssüratlarını öyrəniblər.

Hindistandan olan Aniş Kumar Raveendran Bakıya 8 günlüyə gəldiyini və bu səfərin planlı olmadığını deyib: "Mən tək səyahət edirəm. Yaxşı bir təklif sayəsində bura gəldim. Özümü çox rahat və xoşbəxt hiss edirəm. Burada bütün iş stressindən və gündəlik problemlərdən uzaqlaşa bilmişəm. İlk gecə şəhər mənə sakit göründü, amma bu gün gəzəndə fikrim tam dəyişdi. İnsanlar çox mehriban və köməksevərdir, hava isə sərin və çox rahatdır. Yaxın Şərq və Hindistanla müqayisədə burada özünü daha sakit və yaxşı hiss edirsən. Təsadüfən bu yerləri kəşf etdim və həqiqətən çox bəyəndim. Düşünürəm ki, gələcəkdə ailəmi də bura gətirəcəyəm. Bakının bu qədər gözəl bir yer olacağını gözləmirdim. Burada olmaqdan çox məmnunam”.

Rusiyalı qonaq İlyin Svyatoslav isə ölkəmizə Şahdağa xizək sürməyə gəldiyini, hər şeyi çox bəyəndiyini deyib: "Bu gün Bakıya bu gözəl şəhəri görmək üçün gəldim. Biz burada heç vaxt olmamışıq. Gəlişimiz Novruz bayramına təsadüf etdi. Biz ilk dəfə şəhərdə gəzintiyə çıxmışıq və bu meydana gəlmişik. Çox maraqlıdır. Bizim də oxşar böyük bayramlarımız var. İnsanların əyləndiyini ilk dəfə görürəm. Xüsusilə də təzə yemək yediyimiz üçün əhvali-ruhiyyəmiz əladır. Bundan sonra sahilə gedib görməli yerlərinizi gəzəcəyik. Sabah İçərişəhərə ekskursiya edəcəyik. Hər şey əladır və düşünürəm ki, Azərbaycan və gözəl Bakı haqqında daha çox və daha yaxşı məlumat əldə edəcəyik".

Xarici turistlər arasında Türkiyədən olan vətəndaşlar üstünlük təşkil edir. Həyat yoldaşı və iki qızı ilə birlikdə ölkəmizə təşrif buyuran Çidəm Yücəl iki gündür şəhərimizi gəzdiyini, burada Novruz bayramının, insanların, şənliklərin çox gözəl olduğunu vurğulayıb.

"Azərbaycanın milli geyimlərini, rəqslərini və yeməklərini çox bəyəndik. Türkiyədə də Novruz bayramı var, amma bu qədər coşğulu keçirilmir. Burada fərqli bir bayram havası var. Azərbaycan xalqını çox sevirəm, çox istiqanlıdırlar, dostluğumuzun, qardaşlığımızın cani-könüldən daimi olmasını istəyirik", - deyə o əlavə edib.

Bakıda ən son 22 il əvvəl olduğunu bildirən Semih Tabaköz isə deyib: "İyirmi iki il əvvəl mənim qızım Bakıda universitetdə oxuyurdu. Ondan sonra ilk dəfədir Bakıya gəlirəm. Bakı o vaxtdan çox fərqlənir. Azərbaycanlıları sevirəm, eyni kökdənik, eyni millətik. Bir həftədir buradayıq. Gələn il yenə gələcəyik. Burada bayram Türkiyədən fərqli keçirilir. Bakıda hava da, insanlar da gözəldir, qardaşlıq duyğuları, yardımsevərlik var. Türk dünyasına hər zaman birlik, bərabərlik, gözəl bayramlar arzulayırıq. Allah hamımıza gözəl, sağlam günlər nəsib etsin".

Şəhərimizin mərkəzində bayram ab-havasına qapılan Gülər Gürcan burada möhtəşəm bir atmosferin hökm sürdüyünü deyib. Ölkəmizi çox sevdiyini bildirən G.Gürcan xalqımızın bayramını təbrik edib, baharın özü ilə birlikdə gözəlliklər gətirməsini diləyib.

Beləliklə, Bakının qədim küçələrindən yüksələn bayram sədaları və milli təamların ətri dünyanın dörd bir yanından gələn insanları eyni mədəniyyət süfrəsində birləşdirir. Xarici qonaqların böyük heyranlıqla dilə gətirdikləri bu xoş təəssüratlar Azərbaycanın qonaqpərvərliyini və Novruzun bəşəri mahiyyətini bir daha sübut edir. Şəhərin hər guşəsində hiss olunan bu səmimi ab-hava göstərir ki, Bakı təkcə tarixi abidələri ilə deyil, həm də qəlbləri isidən bayram ruhu ilə turistlər üçün unudulmaz bir ünvana çevrilib. Baharın gəlişi ilə yenilənən paytaxtımız qonaqlarını hələ uzun illər öz sehrli nağılına qonaq etməyə davam edəcək.

Müxbir - Göyçək Mahmudlu
Operator - Ceyhun Mustafayev
Fotoqraf - Orxan Kərimov
Seçilən
58
1
azertag.az

2Mənbələr