Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Rafet El Roman üçüncü dəfə azərbaycanlı xanımla ailə qurmağa hazırlaşır. Müğənni seçdiyi xanımın kimliyini hələlik ictimaiyyətə açıqlamasa da, artıq 3 aydır nişanlı olduqlarını və yaxın zamanda rəsmi nikah bağlayacaqlarını bildirib.
Bu xəbər həm Türkiyə, həm də Azərbaycan mediasında geniş maraq doğurub və iki ölkə şou-biznesinin diqqətini yenidən bu mövzuya yönəldib.
Qeyd edək ki, indiyədək bir sıra türkiyəli məşhurlar azərbaycanlı xanımlarla ailə həyatı qurub.
Musavat.com həmin məşhurlardan bir neçəsini təqdim edir.
Türkiyənin ən məşhur ifaçılarından olan Doğuş Azərbaycanın tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızı ilə ailə həyatı qurub. Cütlük 2014-cü ildə rəsmi nikah bağlayıb. Onların 2016-cı ildə dünyaya gələn Arda və Arın adlı əkiz övladları var. Bu evlilik uzun illərdir həm media, həm də ictimaiyyət tərəfindən maraqla izlənilən və nümunə kimi göstərilən ailələrdən biridir.
![]()
Türkiyənin əfsanəvi aktyoru Kemal Sunalın oğlu, tanınmış aktyor Ali Sunal da azərbaycanlı xanım Nazlı Sunal (Qurbanzadə) ilə ailə qurub. Hüquqşünas ixtisasına malik olan Nazlı xanım media diqqətindən uzaq qalmağa üstünlük versə də, bu evlilik tez-tez maraq doğurur. Cütlüyün iki qız övladı var və onlar ailə həyatlarını daha çox gözlərdən kənarda yaşamağa çalışırlar.
![]()
Tanınmış aktyor Tolga Karel isə 2011-ci ildə azərbaycanlı model Günay Musayeva ilə evlənib. Bu evlilik uzun müddət şou-biznesin ən çox müzakirə olunan münasibətlərindən biri olub. Lakin cütlük 2015-ci ildə qalmaqallı məhkəmə prosesi ilə boşanıb. Onların bu nikahdan Cahangir adlı bir oğlu var.
![]()
Azərbaycanlı müğənni İradə İbrahimova isə tanınmış türkiyəli iş adamı Ceyhun İzer ilə ailə qurub. 2009-cu ildə evlənən cütlük uzun illərdir Türkiyədə yaşayır. Onların İpək adlı bir qızı və Əli adlı bir oğlu var.
![]()
Xalidə Gəray
Musavat.com