Dünya snukerinin canlı əfsanəsi Ronni O'Sallivan Çində keçirilən "World Open" turnirində tarixi rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 1/4 final mərhələsində Rayan Dey ilə qarşılaşan "roket" ləqəbli idmançı, rəqibini 5:0 hesabı ilə darmadağın edərək yarımfinala yüksəlib. Lakin matçın əsas hadisəsi Ronninin rəsmi yarışlarda indiyədək qeydə alınmış ən yüksək breyki (xal seriyasını) yeniləməsi olub.

Təcrübəli oyunçu "free ball" (sərbəst top) qaydasından maksimum yararlanaraq bir seriyada düz 153 xal toplamağı bacarıb. Bununla da o, Ceymi Börnetə məxsus olan 22 illik rekordu (148 xal) tarixin tozlu rəflərinə gömüb.

Beləliklə, O'Sallivan klassik maksimum göstərici sayılan 147 xal limitini rəsmi turnirdə geridə qoyan ilk idmançı kimi adını tarixə yazdırıb.