AZ

Aqil Nəbiyev: "İtkilərə baxmayaraq, Bolqarıstandan istədiyimiz nəticə ilə qayıdacağımıza inanıram"

Azərbaycanın U-17 millisi Bolqarıstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən öncə heyətdə itkilərlə üzləşib.

Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis komandanın hazırlıq qrafiki və səfər planı barədə məlumat verib:

"Ayın 17-dən bir yerdəyik, toplanış artıq yekunlaşmaq üzrədir. Bu müddətdə bir neçə məhsuldar məşq geridə qalıb. Son hazırlığımızı tamamlayıb, Bolqarıstana yola düşəcəyik. Hər şey əvvəlcədən tutulmuş plan və proqram üzrə davam edir".

Baş məşqçi heyətdəki ciddi itkilər və kadr problemlərini qabardıb:

"Müəyyən sıxıntılar və kadr problemləri var. Birinci raunddan cəzalı olan və sarı vərəqə limitini dolduran iki futbolçumuz var ki, onlar bizə ilk oyunlarda kömək edə bilməyəcəklər. Bundan əlavə, əməliyyat olunan və müxtəlif zədələr səbəbindən Avropaya bizimlə gedə bilməyən oyunçular var. Əsas qapıçılarımızdan biri olan Rauf Əyyubovun bir yaş böyüklərin (U-19) heyətinə qoşulması da işimizə çətinlik yaradır. Lakin biz məşqçilər korpusu olaraq çalışırıq ki, bu çatışmazlıqları futbolçulara hiss etdirməyək və işimizi yüksək səviyyədə görək".

Rəqiblərin dərindən təhlil olunduğunu bildirən mütəxəssis qrupdakı hədəflərindən söz açıb:

"Martın 24-ü, 27-si və 30-da müvafiq olaraq Bolqarıstan, Litva və Malta yığmaları ilə qarşılaşacağıq. Hər üç rəqibi təhlil etmişik, onların güclü və zəif tərəflərini müəyyənləşdirmişik. Bizim üçün start oyunu olan Bolqarıstanla matç çox vacibdir. İlk oyunda yaxşı nəticə qazanmalıyıq ki, növbəti görüşlərə daha yüksək motivasiya ilə çıxaq. Məqsədimiz qrupda ilk pillələrdən birini tutmaqdır. Komandaya, futbolçulara güvənirəm. İnanıram ki, Bolqarıstandan istədiyimiz nəticə ilə qayıdacağıq".

Seçilən
81
2
far.az

3Mənbələr