Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, Üçüncü dünya müharibəsi bəlkə də artıq başlayıb, sadəcə bu barədə hələ rəsmi şəkildə danışılmır.
Ölkə.Az xəbər verir ki, bu fikirləri o, "Berliner Zeitung" qəzetinə müsahibəsində səsləndirib.
“Üçüncü dünya müharibəsinin qarşısını almaq çətin olacaq. Ola bilsin ki, o artıq başlayıb, sadəcə biz bunu hələ rəsmi şəkildə belə adlandırmırıq”, – deyə Vuçiç bildirib. Onun sözlərinə görə, “neft, qaz, minerallar, nadir metallar və digər resurslar uğrunda mübarizə çoxdan start götürüb”.
“Hazırda bir çox tərəf, ilk növbədə, vaxt qazanmağa çalışır. Eyni zamanda isə daha böyük və genişmiqyaslı qarşıdurmalara hazırlıq gedir”, – deyə o qeyd edib.
Serbiya lideri xəbərdarlıq edib ki, belə münaqişələrdə gələcəkdə taktiki nüvə silahından istifadə ehtimalını da istisna etmir: “Təəssüf ki, bunu mümkün variant kimi görürəm”.
Vuçiç xatırladıb ki, həm Birinci, həm də İkinci dünya müharibələri əvvəlcə regional münaqişələrdən başlayaraq sonradan hərbi-siyasi blokların formalaşmasına gətirib çıxarıb.
“Böyük dövlətlərin maraqları o qədər fərqli və əhəmiyyətlidir ki, hansısa tərəfin asanlıqla geri çəkilməsi real görünmür. Məhz bu da sonda eskalasiyaya səbəb olur”, – deyə o vurğulayıb.
Onun fikrincə, böyük güclər ən azı səmimi şəkildə etiraf etməlidir ki, artıq BMT çərçivəsində mövcud olan əvvəlki nizamı istəmirlər və hazırda yeni beynəlxalq düzən uğrunda mübarizə gedir.
Serbiya prezidenti əlavə edib ki, Ukrayna və Yaxın Şərqdəki kimi münaqişələr “demək olar ki, qaçılmaz şəkildə yeni qarşıdurmalara yol açır”. O, həmçinin qeyd edib ki, İranın güclü ABŞ-yə qarşı dura bilməsi digər dövlətlər üçün də müəyyən siqnal rolunu oynayır.