AZ

Qaraciyər xərçənginin qarşısını bu üsulla almaq olar Professor

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Qaraciyər xərçəngi çox vaxt sirroz zəmnində baş verir.

Ölkə.Az xəbər verir ki,bu sözləri türkiyəli orqan tranplant cərrahı professor Şinasi Sevmiş deyib.

"Təxminən 80% hal sirroz xəstələrində müşahidə olunur. Hepatit B və Hepatit C səbəbindən yaranan sirroz əhəmiyyətli bir risk faktorudur. Bundan əlavə, bəzi genetik irsi xəstəliklər, metabolik xəstəliklər və aflatoksinlər kimi zəhərli maddələrə məruz qalma da qaraciyər xərçənginə səbəb ola bilər".

O bildirib ki, davamlı olaraq vəziyyəti izləmək və qorunmaqla xəstəliyin qarşısını almaq mümkündür. Həkim əlavə edib ki, qaraciyər rast gəlinən şişlərin böyük hissəsi başqa orqanlardan yayılan xərçəngdir:

"Qaraciyər şişlərinin əksəriyyəti mədə, bağırsaq, mədəaltı vəzi, döş və ağciyər kimi orqanlardan metastaz nəticəsində əmələ gəlir. Qaraciyərin özündən əmələ gələn şişlər bütün xərçəng xəstəliklərinin təxminən 10 faizini təşkil edir".

Hər il dünyada təxminən 1 milyon insana qaraciyər xərçəngi diaqnozu qoyulduğunu vurğulayan Prof. Dr. Sevmiş əlavə edib:

"Təəssüf ki, hər il təxminən 1 milyon insan da bu xəstəlikdən həyatını itirir. Bu rəqəmlər qaraciyər xərçənginin nə qədər ciddi bir problem olduğunu açıq şəkildə göstərir".

Mütəxəssis qaraciyər xərçənginin erkən mərhələlərində simptomlar göstərməyə biləcəyini söyləyib:

"Xəstəlik adətən yorğunluq, iştahsızlıq və çəki itkisi kimi ümumi şikayətlərlə özünü göstərir. Sirrozlu xəstələrdə qarın yuxarı sağ hissəsində ağrı və ümumi vəziyyətin qəfil pisləşməsi də vacib xəbərdarlıq əlamətləridir.

Xüsusilə sirroz xəstələri mütəmadi olaraq ultrasəs müayinəsi ilə izlənilməlidir. Diaqnozda kompüter tomoqrafiyası, MRT və bəzi qan analizləri də istifadə olunur. Şiş markerinin AFP-ni izləmək şişləri erkən mərhələlərdə aşkar etməyə kömək edə bilər".

Həkimin sözlərinə görə, əlamətlər göstərməyə başlayan şişlərin əksəriyyətinə artıq cərrahi müdaxilə mərhələsi çoxdan  keçmiş olur: 

"Əməliyyat oluna bilən xəstələrdə orta ömür uzunluğu daha uzun olsa da, müalicə oluna bilməyən xəstələrdə bu müddət təəssüf ki, aylarla məhdudlaşır".

Dr.Sevmiş qaraciyər nəqlinin qaraciyər xərçəngi üçün ən təsirli müalicə üsullarından biri olduğunu vurğulayıb:

"Sirroz əsasında inkişaf edən şişlərdə qaraciyər nəqli həm sirroz, həm də xərçəngi eyni vaxtda müalicə etmək şansı təqdim edir. Transplantasiya şansı olmayan xəstələrdə məqsəd şişi cərrahi yolla çıxarmaq və ya müdaxilə üsulları ilə nəzarət etməkdir".

Əməliyyat üçün uyğun olmayan xəstələrdə fərqli üsulların rol oynadığını izah edən professor deyib:

"Kemoembolizasiya, radioembolizasiya, radiotezlik ablasiyası və spirt inyeksiyası kimi müdaxilə üsulları ilə xəstəliyin irəliləməsi yavaşlaya və ömür uzunluğu uzadıla bilər.

Ən vacib məqsəd sirrozun inkişafının qarşısını almaqdır. Bu məqsədlə spirtli içki qəbulundan çəkinmək və hepatit B və C infeksiyalarına qarşı tədbirlər görmək lazımdır. Hepatit B peyvəndi bu baxımdan son dərəcə təsirlidir", - deyə o bildirib.

Professor Dr. Sevmiş həmçinin bəzi genetik yolla keçən xəstəliklərin erkən aşkarlanmasının vacib olduğunu bildirib:

"Ailə üzvlərinin müayinəsi və lazımi müalicələrə başlamaq gələcəkdə qaraciyər xərçənginin inkişafının qarşısını ala bilər".

Professor sirroz xəstələrinin yaxından izlənilməsinin vacibliyini vurğulayaraq deyib: "Bu xəstələrdə müntəzəm müayinələr qaraciyər xərçənginin qarşısını ala bilər..."

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
2
olke.az

3Mənbələr