Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı növbəti sərt bəyanatla çıxış edib. O bildirib ki, İsrailin həyata keçirdiyi əməliyyatlar yalnız Vaşinqtonun qərarı ilə dayandırıla bilər.
ABŞ lideri qeyd edib ki, regionda aparılan genişmiqyaslı hərbi kampaniya artıq son mərhələyə daxil olub və qarşıya qoyulan məqsədlərə çatmaq üzrədir. Onun sözlərinə görə, İranın raket imkanları, buraxılış qurğuları və müdafiə sənayesi ciddi şəkildə sıradan çıxarılıb.
Tramp əlavə edib ki, ABŞ-ın əsas məqsədi İranın nüvə qabiliyyətinə yiyələnməsinin qarşısını almaqdır və belə bir təhlükə yaranarsa, Vaşinqton sürətli və qətiyyətli cavab verməyə hazırdır.
Prezident həmçinin vurğulayıb ki, ABŞ regiondakı müttəfiqlərinin – İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək niyyətindədir.
Hörmüz boğazı ilə bağlı danışan Tramp bildirib ki, bu strateji marşrutdan istifadə edən ölkələr onun təhlükəsizliyini özləri təmin etməlidir. ABŞ isə yalnız zərurət yaranacağı halda dəstək verə bilər.
Bununla yanaşı, Tramp İranla hər hansı anlaşma əldə etmək niyyətində olmadığını, əsas diqqətinin “qələbəyə” yönəldiyini açıq şəkildə ifadə edib.
Musavat.com