Qahirə, 21 mart, AZƏRTAC
Ramazan ayının başa çatması Əlcəzairdə yalnız bayram sevinci ilə deyil, həm də dərin mənəvi məna daşıyan qədim ənənələrlə yadda qalır.
AZƏRTAC xəbər verir ki, bu ənənələrdən biri də yerli dildə “Haqq əl-milh” (duz haqqı) adlandırılan xüsusi hədiyyə vermə adətidir.
Əlcəzair ailələrində geniş yayılmış bu ənənəyə görə, Ramazan ayı boyunca ailəsinə xidmət edən qadına – çox vaxt həyat yoldaşına, eləcə də anaya, bacıya və ya nənəyə bayramın ilk günündə hədiyyə təqdim olunur. Bu, sadəcə maddi dəyər daşımır, daha çox minnətdarlıq və hörmətin ifadəsi kimi qəbul edilir. Qədim tarixi olan bu ənənə qadının ailə daxilində gördüyü zəhmətin bir daha dəyərləndirilməsi məqsədi daşıyır.
Ənənəvi olaraq bu hədiyyələr qızıl zinət əşyaları, pul, geyim və ya parça şəklində olurdu. Müasir dövrdə isə texnologiyanın inkişafı ilə hədiyyələr sırasında smartfon, planşet və ya kompüter də yer almağa başlayıb. Lakin mütəxəssislər vurğulayır ki, əsas məsələ hədiyyənin qiyməti deyil, təşəkkür və minnətdarlığın ifadəsidir.
Adətən hədiyyə Fitr bayramının ilk günü, ailə üzvləri səhər süfrəsi ətrafında toplaşarkən təqdim olunur. Bu an həm qadının zəhmətinin ictimai şəkildə qiymətləndirilməsi, həm də ailə bağlarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.