AZ

"Neftçi" "Forza Neftçi"yə görə 100 min manatdan çox ziyana düşüb! Fanklub klubu içindən yeyən gücə çevrilib!

AFFA İntizam Komitəsi azarkeşlərinin Misli premyer-liqasının 24-cü turundakı davranışına görə "Neftçi"ni 8000 manat cərimələyib. Buna tərəfdarların "Qəbələ" ilə matçda rəqib futbolçunun, konkret Səlahət Ağayevin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 6-cı dəfə təkrarlanması səbəb olub.

Xatırlayırsızsa, paytaxt təmsilçisi 23-cü turda da azarkeşlərinin ucbatından 23000 manat ziyana düşmüşdü. Həmin cərimənin səbəbi isə tərəfdarların "Turan Tovuz"la oyunda təhqiredici pankart açması və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi, bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması idi.

Təbii ki, bu xoşagəlməz tendensiya diqqətimizdən yayına bilməzdi. Odu ki, "ağ-qaralar"ın cari mövsümdə tərəfdarlarının yol verdiyi qayda pozuntularına görə nə qədər cərimə olunduğunu hesablamaq qərarına gəldik.

Bəlli oldu ki, bakılılar azarkeşləri tərəfindən 4-cü turda "Sabah"la görüşdə meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 3000, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün 5000, 7-ci turda "Zirə"ylə qarşılaşmada kütləvi iğtişaş törədildiyinə görə 10000, 8-ci turda "Araz-Naxçıvan"la oyunda rəqibin və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 6000, rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyindən 3000, 9-cu turda "Qəbələ" ilə matç bitəndən sonra pirotexniki vasitədən istifadə edildiyinə görə 3000, 11-ci turda "Qarabağ"la oyunda meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün 3500, rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari "futbol ili"ndə üçüncü dəfə baş verdiyinə görə 7000, oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə 3000 manat cərimə olunub. Həmçinin Azərbaycan derbisində stadiona dəymiş zərər "ağ-qaralar" tərəfindən qarşılanıb.

Göründüyü kimi, "Neftçi" təkcə birinci dövrədə tərəfdarları üzündən 43500 manat itirib. Ancaq ikinci dövrə də sakit keçməyib. Komanda azarkeşləri tərəfindən 14-cü turda "Sabah"la oyunda oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal  cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 5000 (bu dəfə də stadiona dəymiş zərəri qonaqlar ödəyib), 15-ci turda “Karvan-Yevlax”la matçda meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığı üçün 4000 ("Neftçi" bu görüşdə həm də tərəfdarların rəqibin avtobusuna vurduğu zərəri ödəyib) manat cərimələnib.

Üçüncü dövrəyə gəlincə, girişdə qeyd olunan qayda pozuntuları öz yerində. Azarkeşlər tərəfindən 20-ci turda "Kəpəz"lə qarşılaşmada rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığına görə paytaxt təmsilçisi 8000 manat itirib. 22-ci turda "Şamaxı"yla matçda isə stadionda 35 ədəd oturacaq sındırılıb. Təbii ki, bu zərəri də qonaqlar, yəni "ağ-qaralar" ödəyib.

"Neftçi"nin tərəfdarları kubok oyununda da dinc durmayıb. Belə ki, klub azarkeşləri tərəfindən Bizon ölkə kubokun 1/8 final mərhələsində "Zirə" ilə matçda meydançaya kənar əşyalar atıldığına və bu hal yarışda ilk dəfə yaşandığına görə 2000, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə baş verdiyinə görə 5000 manat ziyana düşüb.

Beləliklə, "Neftçi" cari mövsümdə tərəfdarları üzündən 98500 manat cərimə olunub. Hələ biz klubun stadiona və avtobusa dəyən zərəri qarşılamaq üçün ödədiyi pulu saymırıq. Paytaxt təmsilçisinin tərəfdarları daha məsuliyyətli olmağa borcludu. "Neftçi" ən böyük azarkeş ordusuna malik olmağın cəzasını çəkməməli, xoşbəxtliyini yaşamalıdı.

Əlbəttə, İntizam Komitəsinin tərəfdarlarla bağlı mövqeyi sərt görünür. Dəqiq desək, cərimə məbləğləri həddən artıq böyükdü. Lakin azarkeşlər, xüsusilə "Forza Neftçi" fanklubu bu məqama diqqət yetirməli, klubun maliyyə gücünün belə səbəblərdən azalmasında rol oynamamalıdı. Axı yuxarıda qeyd olunan qayda pozuntularının, demək olar ki, hamısının müəllifi məhz adı çəkilən fanklubdu...

KƏNAN BAHADIR

Seçilən
54
2
football-plus.az

3Mənbələr