Dünyanın bir çox yerində yeni il atəşfəşanlıq və səs-küylə qarşılandığı halda, İndoneziyanın turistik Bali adasında yeni il tam əksinə - sükut, qaranlıq və daxili hüzurla başlayır. "Nyepi" olaraq bilinən Bali yeni ilində ada 24 saat ərzində sanki donur.
Milli.Az xəbər verir ki, səssizlik 19 Mart saat 06:00-dan 20 Mart saat 06:00-a qədər davam edir.
Dörd əsas qadağa
Nyepi günü "Catur Brata Penyepian" adı verilən dörd təməl qayda tətbiq olunur:
- Evdən çıxmamaq
- Od və işıq yandırmaq olmaz
- İşləmək qadağandır
- Əyləncə fəaliyyətlərindən uzaq durmaq
Bu qaydaların məqsədi yalnız fiziki sükut yaratmaq deyil. Balililər bu günü meditasiya, dua və daxili təmizlənmə üçün istifadə edirlər. İnanca görə, küçələrin boş və qaranlıq olması şər ruhlara dünyanın tərk edildiyi mesajını verir və onları adadan uzaqlaşdırır.
Nyepi günü Bali dünyadan təcrid olunur:
Hava limanı və limanlar: Ngurah Rai Beynəlxalq Hava Limanı da daxil olmaqla bütün nəqliyyat qovşaqları bağlanır.
Küçələr: Yalnız təcili tibbi yardım maşınlarına icazə verilir. "Pecalang" adlanan ənənəvi təhlükəsizlik işçiləri qaydalara əməl olunmasına nəzarət edir.
Rabitə: İnternet və telekommunikasiya xidmətləri məhdudlaşdırıla bilər. Turistlərə əvvəlcədən ailələrinə xəbər vermək tövsiyə olunur.
Sükutdan əvvəlki səs-küy: Ogoh-Ogoh
Sükut günündən bir gün əvvəl ("Pengerupukan") adada böyük canlanma yaşanır. Gənclər tərəfindən hazırlanan "Ogoh-Ogoh" adlı nəhəng canavar fiqurları musiqi və rəqs müşayiəti ilə küçələrdə gəzdirilir. Bu ritual şər enerjiləri adadan qovmağı simvolizə edir.
Nyepi gecəsi bütün işıqların söndürülməsi adada qeyri-adi bir mənzərə yaradır. İşıq çirklənməsi olmadığı üçün Süd Yolu (Samanyolu) və ulduzlar adi gözlə möhtəşəm dəqiqliklə görünür. Bu, astrofotoqraflar və ulduz həvəskarları üçün ilin ən bənzərsiz anıdır.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)