AZ

“Sabah” yenə amansızdır – Bu komandanın ən böyük rəqibi...

“Sabah” amansız mübarizəsini davam etdirir.

Niyə amansız?

Ona görə ki Valdas Dambrauskasın komandası sadəcə, qələbə qazanmır, bu qələbəyə meydanda sərgilənən oyunla şübhə yeri də qoymur.

Rəqib məşqçilər də artıq oyun sonrası mətbuat konfranslarında rəqibin gücünü qəbul etməyi, girişi bu sözlərlə açmağı bir növ özlərinə borc bilirlər. “Sabah” – “Sumqayıt” (3:1) oyununda meydan sahiblərinin üstünlüyü o qədər bariz idi ki, çox güman ki ilk hissədən sonra çox az adam “bayquşlar”ın bu matçda xal itirəcəyini düşünərdi.

“Sabah”ın gücü ilə bağlı futbol ictimaiyyətində elə fikri formalaşıb ki, artıq bu komandanın hansısa oyunda minimal hesablı qələbəsi də eniş kimi dəyərləndirilir.

Premyer Liqada “Kəpəz”lə ev, “Qəbələ” ilə səfər oyunlarında bunun şahidi olmuşduq. Bu “Sabah” çempionluğa layiq komandadır. Amma mövsümün sonunda çempion olmasalar belə, bu komandaya sərgilədikləri əyləncəli, baxımlı oyuna görə təşəkkür düşür.

İndi “Sabah”ın yeganə rəqibi bəlkə də özüdür. Niyə? Çünki belə sürət yığmış komandaya özlərindən başqa kim əngəl ola bilər ki?

Belə anlarda çempionluq mentaliteti olmayan komandalarda ardıcıl qələbələrdən sonra başgicəllənmə, eyforiya ən böyük düşmənlərdəndir.

Amma “Sabah”da hələ ki bu müşahidə edilmir. Bunu baş məşqçinin, futbolçuların yanaşmasından da görmək olur. Komanda dünən çox rahat qələbə qazandı.

Dambrauskas mətbuat konfransında, İvan Lepinitsa da klubun mətbuat xidmətinə verdiyi açıqlamada qələbə sevinci ilə yanaşı, son dəqiqədə buraxılan qolun təəssüfünü də xüsusi qeyd etdilər.

Başqası olsa bunun üstündən çox sakit keçə, son dəqiqədə buraxılan qolu heç dilinə belə gətirməzdi. Amma “Sabah”ın baş məşqçisi və futbolçusu bunu xüsusi məqam kimi qabardır.

Deməli, “Sabah” çox diqqətlidir, oyunun hər anı, hər dəqiqəsi, hər saniyəsi onlar üçün mühümdür.

Bayaq bu “Sabah”a özündən başqa heç kimin mane ola bilməyəcəyini qeyd etmişdim. Komandaya əngəl ola biləcək başqa bir məqam da fasilələrdir.

Adətən, belə fasilələr komandanın hazırlığına müəyyən mənada təsir edə bilir. Amma hələ ki, “Sabah” bu fasilələrdən də üzüağ çıxmağı bacarıb.

Növbəti – milli komandaların oyunları ilə bağlı fasilədən sonrakı ilk oyun isə çempionluq uğrunda mübarizədə əsas rəqib olan “Qarabağ”a qarşı olacaq. Fasilənin ilk imtahanı, özü də necə imtahan...

Xəlil Sadıq

Seçilən
18
sportinfo.az

1Mənbələr