AZ

Estetik əməliyyat etdirənlər OXUSUN: Bu halda həkimi məhkəməyə verə bilərsiniz…

Son illər estetik əməliyyatlara maraq sürətlə artır və bir çox insan xarici görünüşünü dəyişmək üçün plastik cərrahiyəyə üz tutur. Lakin hər zaman nəticə gözlənildiyi kimi olmur və bəzi hallarda pasiyentlər həm estetik, həm də sağlamlıq baxımından problemlərlə üzləşirlər. Belə vəziyyətlərdə hüquqi məsuliyyət məsələsi gündəmə gəlir.

Bəs estetik əməliyyatın nəticəsi qane etmədikdə həkimi məhkəməyə vermək mümkündürmü?

Bu barədə KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, tərəflər arasında göstərilən xidmətdən narazılıq yarandıqda məsələ araşdırılmalıdır.

Sahibkarın

“Belə hallarda ilk növbədə müvafiq qurumlara, o cümlədən prokurorluğa müraciət etmək vacibdir. Əgər əməliyyat nəticəsində pasiyentin sağlamlığına ciddi zərər dəyibsə, bu zaman fakt üzrə araşdırma aparılır və həkimin əməli “səhlənkarlıq” maddəsi ilə cinayət məsuliyyəti yarada bilər”.

Hüquqşünas vurğulayıb ki, həkimin fəaliyyətinə ilkin qiymət məhkəmə-tibbi ekspertiza tərəfindən verilməlidir. Ekspert rəyindən sonra şəxsin təqsirinin olub-olmaması müəyyən edilir.

“Əgər həkimin əməlində cinayət tərkibi aşkarlanmazsa, pasiyent mülki qaydada məhkəməyə müraciət edə bilər. Bu zaman zərərçəkmiş şəxs həm dəymiş ziyanın, həm də gələcək müalicə xərclərinin ödənilməsini tələb etmək hüququna malikdir”.

Hüquqşünas pasiyentlərə öncədən diqqətli olmağı da tövsiyə edib. Onun sözlərinə görə, vətəndaşlar xidmət aldıqları tibb müəssisəsindən ödəniş qəbzi tələb etməli, həkimin sertifikatlarını yoxlamalı və tərəflər arasında yazılı müqavilənin bağlanmasına xüsusi diqqət yetirməlidirlər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
69
1
konkret.az

2Mənbələr