AZ

“İrəvan Aİ-yə yaxınlaşsa...” - ŞOK İDDİA

Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan erməni politoloq öz ölkəsinin Avropa kursunun ciddi risklər doğurduğunu etiraf edib.

Musavat.com bildirir ki, bu barədə erməni politoloq Karen İgityan açıqlamalar verib.

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına inteqrasiya perspektivləri olduqca qeyri-müəyyəndir və bir sıra ciddi suallar doğurur.

İgityan bildirib ki, ilk növbədə, Avropa İttifaqının özü gələcəkdə indiki formada mövcud olub-olmayacağı sual altındadır. Onun fikrincə, artıq Qərbdə belə bu qurumun effektivliyi və davamlılığı ilə bağlı müzakirələr aparılır.

Politoloq əlavə edib ki, Ermənistanın Aİ ilə coğrafi əlaqəsi də ciddi problemdir. Bu əlaqə yalnız Türkiyə və ya Gürcüstan üzərindən mümkündür. Lakin Türkiyənin uzun illərdir Aİ-yə qəbul olunmaması, Gürcüstanın isə Brüssellə problemlərinin mövcudluğu bu prosesi daha da çətinləşdirir. O qeyd edib ki, Ermənistan hazırda faktiki olaraq Avrasiya İqtisadi İttifaqının üzvüdür, lakin bu qurumla birbaşa sərhədi yoxdur və bu da əlavə çətinliklər yaradır.

İgityan bildirib ki, Ermənistan iqtisadi baxımdan Rusiyadan asılı olduğu halda, siyasi kursunu Qərbə yönəltməyə çalışır. Onun fikrincə, bu iki istiqaməti paralel şəkildə davam etdirmək real görünmür.

Erməni politoloq xəbərdarlıq edib ki, Rusiya Ermənistanın Qərbə yönəlməsini görərsə, hazırda güzəştlərlə təqdim olunan enerji resurslarının qiymətlərini artıra bilər və bu, ölkə iqtisadiyyatına ciddi zərbə vurar.

“Ermənistan Avrasiya İttifaqının bütün üstünlüklərini itirə, eyni zamanda Avropa İttifaqından heç bir real üstünlük əldə etməyə bilər”, – deyə o bildirib.

İgityan həmçinin Ermənistan Xarici Kəşfiyyat Xidmətinin son açıqlamalarını tənqid edərək onların daha çox siyasi və təbliğat xarakteri daşıdığını qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət bu cür bəyanatlarla Rusiyanı “hibrid təhlükə” kimi təqdim etməyə çalışır, eyni zamanda daxili siyasi məqsədlər güdür.

Erməni politoloq iddia edib ki, bu proseslər çərçivəsində Rusiyada yaşayan və seçkilərdə iştirak etmək istəyən Ermənistan vətəndaşlarının hüquqlarının məhdudlaşdırılması planlaşdırılır. O əlavə edib ki, Ermənistan hakimiyyətinin antirusiya ritorikası yeni deyil və bu kurs seçkilərdən sonra da davam edə bilər. İgityanın fikrincə, Paşinyanın hakimiyyətdə qalması halında Qərbə inteqrasiya xətti daha da güclənəcək.

Onun sözlərinə görə, Qərbin bu dəstəyi ilə yanaşı, Paşinyan hakimiyyəti daxildə mövqeyini qorumaq üçün təhlükə faktorundan istifadə edir.

Beləliklə, İgityan Ermənistanın hazırkı siyasətinin ölkəni strateji risklər qarşısında qoyduğunu və bu kursun ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr