AZ

Partiya sədri: “Yeni fərman sosial rifahının gücləndirilməsinə xidmət edir”

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib. 

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib. 

Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib. 

Qeyd edək ki, hazırda ölkədə dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Onların 8283 nəfəri qadınlardır. Dövlət sektorunda çalışan vətəndaşlarımız sayı 861,4 min nəfərdir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, hazırda dövlət qulluqçularının orta aylıq əməkhaqqı 1971 manat təşkil edir. 

Aparılan son islahatların bu göstəriciyə əlavə təsir edəcəyi və maaşlarda müəyyən artımların müşahidə olunacağı gözlənilir. Mütəxəssislər hesab edirlər ki, Prezident tərəfindən imzalanan son fərman ümumilikdə sosial rifahın yüksəlməsinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına və əmək məhsuldarlığının artmasına müsbət təsir göstərəcək. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, yeni fərman dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması və əməkhaqqı sisteminin təkmilləşdirilməsinə yönəlib: 

"Azərbaycan Prezidenti İlham Əliyev dövlət idarəçiliyində aparılan islahatların, xüsusilə də iqtisadi islahatların davamı olaraq dövlət qulluğunda əməkhaqqı sisteminin daha da təkmilləşdirilməsi və balanslı şəkildə həyata keçirilməsi məqsədilə bir neçə fərman imzaladı. 

İmzalanan fərmanlar dövlət qulluqçularının əməkhaqqı sistemində tətbiq edilən yeni islahatların müəyyənləşdirilməsi, həll olunması, eyni zamanda dövlət qulluqçularının maaşlarının artırılması, maddi vəziyyətinin yaxşılaşdırılmasına yönələn addımdır. 

Bu yanaşmada əsas məqsəd bir tərəfdən dövlət sektorunda çalışanlar, o cümlədən dövlət qulluqçularının əməkhaqlarının və sosial təminat sisteminin ümumilikdə təkmilləşdirilməsi yolu ilə onların sosial rifahının gücləndirilməsinə istiqamətlənib. Digər tərəfdən, ümumilikdə dövlət sektorunda əməkhaqqına vahid və sistemli yanaşmanın tətbiqi kimi qəbul edilir". 

Onun sözlərinə görə, bu yöndə həyata keçirilən tədbirlər həm də beynəlxalq standartlara uyğunluğu təmin edir: 

"Azərbaycanda aparılan islahatlar institusional və iqtisadi islahatların tərkib hissəsi kimi də çıxış edir. Prezidentimiz tərəfindən imzalanmış son fərmanlar dövlət sektorunun fəaliyyətinin təkmilləşdirilməsinə və bu sahədə çalışanların sosial müdafiəsinin daha effektiv şəkildə təmin olunmasına da imkan yaradır. 

Bu islahatlar eyni zamanda müasir dövrümüzün çağırışlarına və ölkəmizin yeni hədəflərinə uyğun olaraq idarəetmə sisteminin daha da təkmilləşdirilməsini özündə ehtiva edir. Bunun üçün də əlverişli şərait yaratmış olur. Əvvəlki dövrdə əməkhaqları ilə mükafat verilməsi sistemi və digər iş stajına, müxtəlif parametrlərə görə əməyin ödənilməsi sistemi tətbiq olunurdu ki, bu da bəzi hallarda obyektiv yanaşmanı tam olaraq təmin etmirdi. 

Müəyyən qədər narahatlıqlar yaradırdı, bəzən neqativ hallara da şərait yaratmış olurdu. Bu sənədlərin qəbulu və yeni sərəncamın verilməsi dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid kimi xarakterizə olunmalıdır. Bu da həmin sahəyə peşəkar mütəxəssislərin, həmçinin gənclərin, istedadlı, peşəkar kadrların cəlb olunmasını da stimullaşdıracaq". 

Deputat qeyd edib ki, sənəd eyni zamanda dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addım kimi də qəbul edilməlidir: 

"Qeyd etdiyim nüanslar dövlət qulluğu sahəsində ədalətliliyin də təmin olunmasına, həmçinin özəl sektorla rəqabətli əməkhaqqı sisteminin formalaşmasına imkan vermiş olacaq. Bu da dövlət qulluğu sahəsində özəl sektora kadr axınının azalmasına, o cümlədən gənc, peşəkar, bacarıqlı kadrların dövlət qulluğu sisteminə cəlb olunmasına yönələn addım kimi, onların əməyinin, fəaliyyətinin stimullaşdırılmasına yönəlik addım və töhfə kimi də qiymətləndirilməlidir. 

Təbii ki, tərəfimizdən də təqdir olunur və bu cür yanaşma müasir dövrün tələblərinə uyğun olaraq qanunvericilikdə müvafiq qərarların qəbulu birmənalı olaraq Azərbaycanın dövlətinin həyata keçirdiyi müxtəlif sahələr üzrə islahatların tərkib hissəsidir. 

Gələcəkdə də bu cür addımların atılması ilə yeni formatlar müəyyənləşəcək və beynəlxalq standartlara uyğunluq, bütövlükdə dəyişən dünyamızın yeni standartlarına uyğunluğu təmin ediləcəkdir". 

Gülər Həsənli 

"Cebheinfo.az"

 

Açar sözlər:

dövlət qulluqçuları Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr