AZ

Ailə institutunda yeni reallıq: Cəmiyyəti nə gözləyir?

2025-ci il üzrə açıqlanan rəsmi statistika göstərir ki, azərbaycanlıların xarici vətəndaşlarla evlilikləri artıq təsadüfi hal deyil, davamlı sosial prosesə çevrilib. Belə ki, Türkiyə Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə Türkiyədə ümumilikdə 552 237 nikah qeydə alınıb. Bu nikahlardan 1 936-sı Azərbaycan vətəndaşı olan qadınların, 253-ü isə Azərbaycan vətəndaşı olan kişilərin payına düşür.

Paralel olaraq, Azərbaycan üzrə göstəricilər də qarışıq nikahların artdığını təsdiqləyir. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında, ümumilikdə 2 081 nikah rəsmiləşdirilib. Bu evliliklərdə əsas tərəfdaş ölkələr sırasında Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan xüsusi yer tutur.

Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar ən çox Türkiyə (304 nikah), Rusiya (225 nikah) və Gürcüstan vətəndaşları ilə (196 nikah) ailə qurublar.

“Əlaqələr artdıqca tanışlıqlar genişlənir”

Sosioloq Mail Yaqubun sözlərinə görə, son illər azərbaycanlı xanımların və bəylərin xarici vətəndaşlarla ailə qurması tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəbi insanlar arasında əlaqələrin və ünsiyyət imkanlarının genişlənməsidir: “Sovetlər dövründə Azərbaycanın xarici ölkələrlə münasibətləri məhdud idi, internet və sosial şəbəkələr mövcud deyildi. İnformasiya texnologiyalarının inkişafı, miqrasiyanın artması nəticəsində əlaqələr çoxalıb. Əlaqələr artdıqca tanışlıqlar genişlənir, tanışlıqlardan isə ailələr formalaşır. Bu, tamamilə təbii və obyektiv prosesdir”.

Seçilən
48
publika.az

1Mənbələr