AZ

Samir Əliyev: “Klub rəhbərləri akademiyalarında olan istedadlardan xəbərsizdir” - MÜSAHİBƏ

“Avrokuboklar uğrunda da maraqlı mübarizə gedir. Mövsümün əvvəlində “Neftçi” avrokuboklar zonasından uzaq düşsə də, artıq oraya yaxınlaşıb”.

Bunu Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Misli Premyer Liqasında “Sabah” və “Qarabağ” arasında gərgin çempionluq mübarizəsi gedir. Sizcə, çempion kim olacaq?

– Mövsümün əvvəlində heç kim təsəvvür etməzdi ki, hansısa bir klubumuz “Qarabağ”a çempionluq mübarizəsində ciddi müqavimət göstərər. 12 komandalı çempionat həqiqətən də maraqlı məcrada keçir. Artıq “Qarabağ”a ciddi rəqib formalaşıb. “Sabah”ın çempion olmaq üçün yaxşı şansı var. Amma konkret proqnoz verməkdə adam çətinlik çəkir. Səhv etmirəmsə, “Qarabağ” 2017/2018 mövsümündə də belə bir situasiya ilə qarşılaşmışdı. “Qəbələ” ikinci dövrədən sonra 5-6 xal öndə olsa da, “Qarabağ” sonda çempionluğu bayram etmişdi.

– “Sabah” və “Qarabağ”dan başqa, hansı klublarımızın bizi avrokubokda təmsil edəcəyini düşünürsünüz?

– Avrokuboklar uğrunda da maraqlı mübarizə gedir. Mövsümün əvvəlində “Neftçi” avrokuboklar zonasından uzaq düşsə də, artıq oraya yaxınlaşıb. “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan”, hətta son oyunlarda xallar itirən “Sumqayıt”ın da şansı var.

– Kubokda hansı komandanın qalib olmaq şansı daha çoxdur? “Sabah” titulunu qoruya biləcək?

– Kubok elə bir yarışdır ki, burada öncədən proqnoz vermək çətindir. Təcrübə də onu göstərib ki, gözləmədiyin komandalar da finala çıxır və ya kuboka sahib olur. Düşünürəm ki, yarımfinalda “Qarabağ” və “Sabah” arasında qırğın mübarizə gedəcək. Məncə, bunlardan hansı biri finala çıxacaqsa, o da kubokun qalibi olacaq.

– Vaxtilə oynadığınız və baş məşqçisi olduğunuz “Neftçi”nin Yuri Vernidubun gəlişindən sonrakı çıxışını necə dəyərləndirirsiniz?

– Vernidub təcrübəsinə, bacarığına və savadına görə nəinki Ukraynada, ondan kənarda da tanınan mütəxəssisdir. Mən onu “Zarya”da baş məşqçi işlədiyi vaxtdan xatırlayıram. Çünki 2015-ci ildə Ukraynada PRO kateqoriyası kurslarını oxuyanda Vernidubun həmin vaxt çalışdırdığı “Zarya”nın oyunlarını canlı izləmişdim. Onun fəlsəfəsinə, tələblərinə bələdəm. “Neftçi”yə gəlişindən sonra yaxın çevrədəki insanlarla söhbətdə vurğulayırdım ki, Vernidub “ağ-qaralar” üçün düzgün seçimdir, uğur qazanacağına inanıram. Onun təyinatından sonra avrokuboklara düşmək şansının yaranması “Neftçi” və klubun azarkeşləri adına sevindirici haldır. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır və böyük azarkeş kütləsinə sahibdir. Bu komandanın avrokubokda oynaması, gələcəkdə çempionluq uğrunda mübarizə aparması həm çempionata əlavə rəng qatacaq, həm də ümumi inkişaf olacaq.

– Mahir Emreli bugünlərdə “Kayzerslautern”in heyətində qol vurdu, Nəriman Axundzadə isə artıq ABŞ-dədir. Legioner həyatı yaşayan futbolçularımızın sayının artması üçün nə etməliyik?

– Uzun fasilədən sonra Mahirin qol vurması sevindirici məqamdır. Emreli xeyli müddət idi ki, zədədən əziyyət çəkirdi. Fikrimcə, hələ optimal formasında deyil. Amma axırıncı matçda sonradan meydana daxil olub qol vurması həm Mahir, həm klubu, həm də klubun azarkeşləri üçün əla məqamdır. Gələcək oyunlarda Mahirdə özünəgüvən daha çox olacaq. Nərimanın da legioner həyatı yaşayacağı gözlənilən idi. Gözlənilməz hal o oldu ki, Avropanı deyil, ABŞ-ni seçdi. Ona da uğurlar arzulayıram. Legioner həyatı yaşamaq kənardan asan görünsə də, çox çətindir. Yeni mühitə uyğunlaşmaq, yeni komandada heyətə düşmək üçün rəqabət aparmaq asan məsələ deyil. Arzu edirəm ki, Nərimanın da legioner həyatı uzunömürlü olsun. Onun ardınca digər gənc futbolçularımızın da gedişi baş tutsun. Ümid edirəm ki, legionerlərimizin sayı artacaq. Belə oyunçularımızın çox olması üçün ilk növbədə uşaq futboluna və akademiyalara diqqəti artırmalıyıq. Klub rəhbərləri tərəfindən akademiyalara istənilən səviyyədə diqqət yoxdur. Hətta elələri var ki, akademiyalarında olan 16, 17, 19 yaşlı istedadlı futbolçulardan xəbərsizdirlər.

İdman.Biz
Seçilən
46
1
idman.biz

2Mənbələr