AZ

Ulduzlarda yaz bayramı

Amerika prezidenti Tramp yaponiyalı jurnalistin “Niyə İranı vurmağa başlayanda bunu müttəfiqlərinizə, həmçinin Yaponiyaya xəbər vermədiniz” sualına fantastik cavab verib: “Siz də Pirl Harboru vuranda nədənsə mənə öncədən deməmişdiniz”. Açığı, son illərdə belə məzəli hazırcavablığa rast gəlməmişdim. 

Ümumiyyətlə, Trampı “yaşlı”, “sarsaq”, “dəli” adlandıranlar məncə çox tələsirlər. Bu adam qəti ağılsıza bənzəmir, əksinə, uzaqgörənliklə davranır. Böyük ehtimal, o qəsdən özünü hüştürüm kimi aparır. Diqqətləri pozur, çaşdırır. 

Məsələn, deyirlər guya o, Putinin dostudur. Halbuki, de fakto Rusiyanın dünyadakı son 4-5 müttəfiq və həmfikirini sıradan çıxarmaqla məşğuldur. Venesuelanı, Suriyanı həll edib, indi İranın işinə baxır. Artıq Kuba da qaranlıq içindədir. 

Özü də Tramp bu işləri çox hiyləgərliklə edir. Əvvəlcə diqqəti yayındırır, İranla danışıqlar aparır, Omanı vasitəçi salır və bu məqamda guya Qrenlandiyanı Danimarkanın əlindən almaq istəyir. Bütün planet, o cümlədən Azərbaycan çayxana elektoratı başlayır bu temada Qərb dünyası, NATO bloku ilə məzələnməyə. Sonra isə baxırsan təyyarələr İranın üzərindədir, qırxillik dini lider də “qeybə çəkilib”. Boksda buna “sağ göstərib, sol vurmaq” deyirlər. 

Sözü isə ona gətirirəm ki, uca millətimizin bütün bayramları mübarək və qutlu olsun. Çox tarixi bir dövrdə yaşayırıq. Alimlərin rəyinə görə axırıncı dəfə Novruz, Ramazan və cümə eyni günə Miladdan öncə 150-ci ildə düşmüşdür, özü də avqust ayında... 

Təbii, zarafat edirəm, əslində Miladdan öncə nəinki Ramazan bayramı, heç avqust adlı ay da ola bilməzdi. Hərçənd, deyilənə görə bizim bir tarixçi alim haçansa Amerikada elmi konfransdakı çıxışında “Azərbaycan dini tolerant ölkədir, ərazimizdə bizim eradan öncə tikilən qədim kilsələr vardır” söyləyərək hamını şoka salmışdır. Bir kulinarımızın kitabında isə “Üç bacı” dolmasının eramızın 7-ci əsrindən etibarən Şəki-Qarabağ mətbəxinə məxsusluğu göstərilib, halbuki, Kolumb Amerikanı 1492-ci ildə kəşf edib. Yəni, bamadurun və bibərin Azərbaycana gətirilməsinə azı 900 il qalırdı. 

Lakin bütün hallarda 3 bayramın 1 günə təsadüf eləməyi böyük uğurdur, bu gün hamı sevinməlidir. Dövlət siyasətimiz də bunu tələb edir. Dünyanın başqa heç bir ərazisində belə qiymətli hökumətə rast gəlinmir. Bütün xalqlar yalvarırlar, deyirlər hökumətinizi bir aylığına bizə icarəyə verin, vermirik. 

Ancaq bayramların, xüsusilə Novruzun arxaik adət-ənənələrlə keçirilməsi müəyyən qədər bezdiricidir, insanlarımız təşəbbüskar olmalı, novatorluq etməlidir. Məsələn, daimi oxucularımızdan Ruslan müəllim yazmışdı, yoxsa mən özüm fikir verməmişdim, deyir İlaxır çərşənbədə hamı cücərən toxum videosu, şəkli paylaşırdı, sanki bu, Şitil bayramıdır. 

Açığı, mən bilmirəm sayın oxucumuz nəyin videosunu görməyi arzulayır, bu haqda təklifini də verməmişdir. Novruzda şitil şəkli əvəzinə nə şəkli paylaşılmalıdır? Bu bir az da dəlləyin sünnət elədiyi obyektin lövhəsinə saat şəkli vurmağı haqqında məşhur anekdotu xatırladır. Kimsə soruşur ki, bura niyə saat şəkli vurmusan, dəllək deyir bəs səncə mən bura nəyin şəklini vurmalıyam? 

Bəzi eksponatlarda isə dəyişiklik etmək mümkündür, hətta zəruridir. Məsələn, Keçəl və Kosanı süni intellekt, planşet, smartfon və kompüterlərlə əvəzləmək lazımdır. Canlı tonqallar, səmənilər təbiətə ziyan vurmaqdır, israfçılıqdır, bunları da virtual tonqal və elektron səməni ilə dəyişməliyik. 

Bakının hansısa rayonunda icra başçısının və deputatın iştirak elədiyi Novruz mərasimində hətta içində saman presi qoyulan araba var idi! İndiki Bakıya araba və samanın nə dəxli var? Niyə biz yaz bayramında mütləq dəvə bəzəməliyik? Dron bəzəmək olmazmı? (Adları da oxşayır, birhürgüclü dəvənin latınca elmi adı “dromedarius”dur). 

Nə üçün COP-29 tədbiri yaz bayramında əksini tapmır?

İnşallah, gələn Novruzu Mars planetində, Olimpus dağının ətəyində toplaşaq. Əlbəttə, ulduzlararası portalda qeydiyyatdan keçməklə.

Seçilən
59
50
musavat.com

10Mənbələr