AZ

Azərbaycanlı qadınlar ən çox hansı ölkələrin vətəndaşları ilə evlənirlər?

Son illər azərbaycanlı xanımların xarici ölkə vətəndaşlarıyla ailə qurması tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Xarici vətəndaşlarla ailə quran azərbaycanlıların böyük hissəsi qadınlardır. Onlar daha çox Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarını seçirlər.

2025-ci il üzrə açıqlanan rəsmi statistika göstərir ki, azərbaycanlıların xarici vətəndaşlarla evlilikləri artıq təsadüfi hal deyil, davamlı sosial prosesə çevrilib. Belə ki, Türkiyə Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə Türkiyədə ümumilikdə 552 237 nikah qeydə alınıb.

Bakıvaxtı.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bu nikahlardan 1 936-sı Azərbaycan vətəndaşı olan qadınların, 253-ü isə Azərbaycan vətəndaşı olan kişilərin payına düşür.

Paralel olaraq, Azərbaycan üzrə göstəricilər də qarışıq nikahların artdığını təsdiqləyir. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında, ümumilikdə 2 081 nikah rəsmiləşdirilib. Bu evliliklərdə əsas tərəfdaş ölkələr sırasında Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan xüsusi yer tutur.

Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar ən çox Türkiyə (304 nikah), Rusiya (225 nikah) və Gürcüstan vətəndaşları ilə (196 nikah) ailə qurublar.

Əlaqələr artdıqca tanışlıqlar genişlənir

Sosioloq Mail Yaqubun sözlərinə görə, son illər azərbaycanlı xanımların və bəylərin xarici vətəndaşlarla ailə qurması tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəbi insanlar arasında əlaqələrin və ünsiyyət imkanlarının genişlənməsidir:

"Sovetlər dövründə Azərbaycanın xarici ölkələrlə münasibətləri məhdud idi, internet və sosial şəbəkələr mövcud deyildi. İnformasiya texnologiyalarının inkişafı, miqrasiyanın artması nəticəsində əlaqələr çoxalıb. Əlaqələr artdıqca tanışlıqlar genişlənir, tanışlıqlardan isə ailələr formalaşır. Bu, tamamilə təbii və obyektiv prosesdir".

M.Yaqub bildirdi ki, xüsusilə Rusiya və Türkiyə ilə bu cür evliliklərin daha çox olması təsadüfi deyil:

"Hər iki ölkə Azərbaycana coğrafi, tarixi və sosial baxımdan yaxındır. Rusiya ilə uzunmüddətli miqrasiya əlaqələri mövcuddur və bu ölkədə azərbaycanlı kişilərin rus xanımlarla ailə qurması daha çox müşahidə olunur. Türkiyədə isə əksinə, azərbaycanlı xanımların türkiyəli bəylərlə evlənməsi tendensiyası son illərdə artıb. Bu prosesin əsas səbəbi yenə də kommunikasiyanın intensivliyidir. Türkiyə ilə bağlı şəxsi müşahidələrimə əsasən demək olar ki, azərbaycanlı xanımların daha evdar, ailəyə və həyat yoldaşına qarşı daha diqqətli olmaları cəlbedici amillərdən biridir. Lakin bu, əsas səbəb deyil, sadəcə faktorlardan biridir".

Xalqlar milli və etnik kimliklərini qorumalıdır

Sosioloqun fikrincə, bu tendensiyanın Azərbaycan üçün mənfi tərəfləri də var:

"İlk növbədə, demoqrafik baxımdan ölkə üçün risklidir. Azərbaycanlı xanım xarici vətəndaşla ailə qurduqda, əksər hallarda Azərbaycan vətəndaşlığından çıxaraq başqa ölkənin vətəndaşlığına keçir. Əhali sayı çox olmayan ölkə üçün bu, arzuolunan hal deyil. Əhalinin artımı hərbi, strateji, siyasi və iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Digər mühüm məqam mədəni aspektlə bağlıdır. Xarici vətəndaşla ailə qurmaq nəticəsində həmin ölkənin mədəni mühiti fərdin həyatına təsir göstərir və bu, bəzi hallarda assimilyasiya riskini artırır. Müasir sosiologiya göstərir ki, qloballaşma güclənsə də, xalqlar milli və etnik kimliklərini qorumağa meyillidirlər. Öz mədəniyyətinə sədaqət müasirliyə zidd deyil, əksinə, sağlam cəmiyyətlərin əsas göstəricisidir".

Rasional planlar da var

Psixoloq Vüsalə Əmiraslanova isə düşünür ki, əvvəlki dövrlərdə də azərbaycanlı xanımların xarici vətəndaşlarla ailə qurması halları az olmayıb. Lakin son illərdə bu prosesin mahiyyəti dəyişib:

"Əgər əvvəllər bu evliliklər daha çox ailə qurmaq məqsədi daşıyırdısa, bu gün artıq özünü inkişaf etdirən, təhsil alan və karyera hədəfləri olan xanımlar arasında da bu meyl artıb. Hazırda bu qərarların arxasında yalnız emosional deyil, rasional planlar da dayanır. Bir çox xanımlar ailə qurarkən karyera imkanlarını, sosial rifahı, təhlükəsiz həyat şəraitini, eləcə də ailədaxili iş bölgüsünün ədalətli aparılmasını nəzərə alırlar. Qadına münasibətin daha hörmətli olduğunu düşündükləri ölkələrdə yaşamaq, vətəndaşlıq almaq və xüsusilə Avropa ölkələrinə köçmək istəyi bu seçimlərdə mühüm rol oynayır".

V.Əmiraslanovanın sözlərinə görə, bəzi xanımlar azərbaycanlı ilə ailə qurduqları halda həyatlarına həddindən artıq müdaxilə olacağından ehtiyat edirlər:

"Bu düşüncə evlilikdən qaçmağa və ya xarici vətəndaşla ailə qurmağa meyli gücləndirir. Daha sərbəst həyat, psixoloji və maddi yükün az olması, ailə müdaxiləsinin minimuma endirilməsi əsas motivlərdəndir.

Diqqətçəkən məqamlardan biri də odur ki, azərbaycanlı xanımlar daha çox Türkiyə vətəndaşlarına üstünlük verirlər. Ortaq din, oxşar dil və mədəni yaxınlıq bu seçimi asanlaşdırır. Digər tərəfdən, Böyük Britaniya və digər Avropa ölkələrində yaşayan ingilisdilli xalqların təmsilçiləri ilə evliliklər daha çox həmin dili bilən və xaricdə təhsil alan xanımlar arasında müşahidə olunur. Bəzi hallarda evlilik, həmin ölkədə qalmaq üçün hüquqi təminat rolunu da oynayır".

Bu evliliklərin arxasında...

Psixoloq kişilərin əcnəbilərlə qurduğu evliliklərdən də danışdı:

"Azərbaycan kişilərinin xarici xanımlarla evlənməsi əsasən xaricdə qalmaq məqsədi daşıyır. Xarici xanımı Azərbaycana gətirib burada yaşamaq halları çox nadirdir. Çox vaxt bu evliliklərin arxasında daimi yaşamaq və ya vətəndaşlıq almaq istəyi dayanır".

V.Əmiraslanovanın fikrincə, qarışıq nikahların müsbət tərəfləri də var: "Bu evliliklər vasitəsilə Azərbaycanın xaricdə əlaqələri genişlənir, başqa ölkələrin dəyərləri və idarəetmə modelləri öyrənilir, gediş-gəliş imkanları artır, övladların gələcəkdə xaricdə təhsil alma perspektivi yaranır".

Ana xaricidirsə, uşaq da əcnəbidir

Psixoloqun sözlərinə görə, belə izdivacların mənfi tərəflər də az deyil. Əksər hallarda ailə tam şəkildə xaricə köçməyə məcbur qalır:

"Evlilikdən əvvəl "Azərbaycana köçəcəyik" vədləri verilsə də, praktikada bu nadir hallarda baş verir. Bəzi kişilər düşünür ki, "biz azərbaycanlıyıqsa, uşağımız da avtomatik azərbaycanlı olacaq". Lakin unudulmamalıdır ki, uşağın tərbiyəsində ananın rolu həlledicidir və ana hansı mədəniyyətdə formalaşıbsa, övlad da istər-istəməz həmin etnosun psixologiyasını və dəyərlərini mənimsəyir".

Seçilən
57
4
bakivaxti.az

4Mənbələr