AZ

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabilə hava zərbəsi endirməsi nəticəsində yüzlərlə insan həyatını itirib. İlkin məlumatlara görə, ən azı 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Taliban hakimiyyətinin yaydığı məlumata görə, Kabildəki reabilitasiya mərkəzi hədəf alınıb. Hazırda mərkəzdə axtarış-xilasetmə əməliyyatları davam edir.

Pakistan tərəfi xəstəxana hücumu iddialarını rədd edir və vurğulayır ki, yalnız “Taliban”a aid hərbi hədəflərə dəqiq zərbələr endirilib.

Bəs gərginliyin artması nə vəd edir?

Mövzu ilə bağlı Pakistanlı politoloq Musavar Tanoli Bizim.Media-ya açıqlamasında bildirib ki, Pakistan-Əfqanıstan sərhədi boyunca baş verən son gərginlik və silahlı toqquşmalar bütün regionun sabitliyini, sülhünü və rifahını dərindən təhdid edir:
 

“Pakistan 1947-ci ildə müstəqil olanda Əfqanıstan buna qarşı çıxan yeganə ölkə idi. Bunun əsas səbəbi paştunların yaşadığı bölgələrlə bağlı mübahisə idi. Əfqanıstan düşünürdü ki, bu ərazilər ya müstəqil olmalı, ya da ona birləşdirilməlidir. Pakistan isə həmin bölgədə keçirilən referendumun insanların Pakistana qoşulmaq istədiyini göstərdiyini deyirdi. Bu fikir ayrılığı iki ölkə arasında uzunmüddətli etimadsızlığın əsasını qoydu”.


Tanoli bildirib ki, bu gərginliyin əsas mərkəzində isə Dürand xətti dayanır:

“Bu sərhəd hələ 1893-cü ildə çəkilib. Pakistan bu xətti rəsmi sərhəd kimi qəbul edir, amma Əfqanıstan illərdir bunu tanımır. Çünki bu sərhəd paştun tayfalarını iki yerə bölür. Məhz bu məsələ iki ölkə arasında daimi problem yaradır. Digər mühüm məsələ təhlükəsizlikdir. Pakistan iddia edir ki, ona qarşı fəaliyyət göstərən bəzi silahlı qruplar Əfqanıstan ərazisində gizlənir və oradan hücumlar təşkil edir. Əfqanıstan isə bu iddialarla tam razılaşmır. Bu da münasibətləri daha da gərginləşdirir”.

Analitik hesab edir ki, diplomatik danışıqların radikallığı, gərginliyin hələ uzun müddət davam edəcəyindən xəbər verir:

“Son dövrlərdə isə vəziyyət daha da kəskinləşib. Pakistan rəhbərliyi Əfqanıstanın dron hücumları etdiyini iddia edir. Deyilir ki, bu dronlar vurulub, amma qalıqları mülki insanlara zərər verib. Pakistan bunu “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirir və belə hallara sərt cavab verəcəyini bildirir. Ümumilikdə, Pakistan deyir ki, sərhəd qanunidir və Əfqanıstan öz ərazisindəki silahlı qrupları nəzarətdə saxlamalıdır. Əks halda, bu cür hadisələr regionda sabitliyi daha da poza bilər”.

Xatırladaq ki, münaqişə fevral ayının sonunda Pakistanın Əfqanıstana açıq müharibə elan etməsindən sonra daha da gərginləşib. Hər iki tərəf sərhəd bölgələrində qarşılıqlı hücumlar həyata keçirib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
70
1
bizim.media

2Mənbələr