AZ

Əliyar Ağayev Kipr yunanlarına od qoydu... – 10 sarı, 2 qırmızı vərəqə, sayılmayan qol!

Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından biri yetərincə dramatik axarda keçib. “Kristal Pelas”la səfər oyununda qolsuz heç-heçəyə nail olan Cənubi Kipr AEK-i ev oyununda sərfəli nəticə qazanmaqla mərhələ adlamaq istəyirdi. Ancaq...
Larnakada keçirilən və 7019 azarkeşin izlədiyi bu oyuna xüsusi yer ayırmağımızın səbəbi idarəçiliyin Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlərə tapşırılmasıdı. Ağayevə Zeynal Zeynalovla Akif Əmirəli yardım edib, 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib, niderlandlı Jeron Manşo VAR hakimi, digər həmvətənimiz Nicat İsmayıllı VAR hakiminin köməkçisi kimi çalışıb.
Oyun Kipr yunanları üçün pis başlayıb. Artıq 13-cü dəqiqədə İsmaila Sarr hesabı açıb. Seneqallı hücumçu 23-cü dəqiqədə növbəti dəfə fərqlənsə də, VAR-dan onun ofsaydda olmasıyla bağlı Ağayevə siqnal gəlib. VAR monitoruna baxmağı lazım bilən Əliyar bəy qolu qeydə almayıb. İlk yarıda həm meydan sahiblərinə, həm də qonaqlara bir sarı vərəqə göstərilib.
Əsl macəralar 2-ci hissədə və əlavə vaxtda baş verib. 63-cü dəqiqədə hesabı bərabərləşdirən ispaniyalı Enrik Saborit 10 dəqiqə sonra ikinci “sarı” ilə meydandan qovulub. 1:1 hesabı əlavə vaxtı qaçılmaz edib. 99-cu dəqiqədə Sarr növbəti dəfə ingilisləri irəli çıxarıb. Bundan sonra meydanda mübarizə daha sərt xarakter alıb. 103-cü dəqiqədə AEK-dən Entso Kabrera ciddi zədə alıb. Argentinalı hücumçu bir neçə dəqiqə davam gətirsə də, 110-cu dəqiqədə həkimlərin yardımı ilə meydanı tərk edib. 114-cü dəqiqədə “Kristal Pelas”ın cərimə meydançasıdan sərt toqquşma olub. Ağayev meydan sahiblərinin penalti tələbinə məhəl qoymayıb, iki dəqiqə sonra isə yan xəttə yaxınlaşaraq qonaqların baş məşqçisi Oliver Qlasnerə də sarı vərəqə göstərib. Bu da son deyildi... AEK-dən Petros İoannu 120+1-ci dəqiqədə rəqibə qarşı çox kobud “sürüşmə” fəndindən yararlanır, buna görə yalnız sarı vərəqə ilə cəzalandığını görüncə məmnunluq yaşayır. Amma VAR-dan Ağayevə növbəti dəfə siqnal gəlir. O, mümkün qırmızı vərəqəni yoxlamaq üçün VAR monitoruna yaxınlaşır və “sarı”nı “qırmızı” ilə əvəz edir. Həmvətənimiz 120+7-ci dəqiqədə son fitini çalır və oyunu bitirir, çiyinlərindən ağır yük götürülən adam kimi dərindən nəfəs alır. “Kristal Pelas” 1/4 finala adlayır, Ağayev isə oyunu ümumilikdə 10 sarı, 2 qırmızı vərəqə ilə yola verir. Maraqlıdı, UEFA belə ağır, çətin oyundan sonra həmvətənimizə cari mövsümdə bir daha təyinat verəcəkmi?
ORXAN

Seçilən
93
3
football-plus.az

4Mənbələr