AZ

Abituriyentlərin narazılığı niyə səngimir? – Repetitorluq, çətin suallar və şəffaflıq disbalansı

Son günlər Azərbaycanda təhsil gündəmini zəbt edən əsas mövzulardan biri buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı yaranan müzakirələrdir. Sosial şəbəkələrdə geniş yayılan paylaşımlar, abituriyentlərin və valideynlərin narazılıq dolu fikirləri, xüsusilə test tapşırıqlarının çətinlik səviyyəsi və proqramdan kənara çıxması iddiaları cəmiyyətdə müəyyən suallar doğurub. Bu müzakirələr təkcə imtahan iştirakçıları ilə məhdudlaşmır, eyni zamanda müəllimlər, təhsil ekspertləri və ictimaiyyət nümayəndələri arasında da fikir ayrılığına səbəb olur. Bəziləri hesab edir ki, imtahan sualları şagirdlərin real bilik və bacarıqlarını yoxlamaqdan daha çox onları çaşdırmağa yönəlib, digərləri isə bu iddiaların emosional yanaşmadan qaynaqlandığını düşünür. Məhz bu ziddiyyətli yanaşmalar fonunda məsələ daha da aktuallaşır və rəsmi qurumların mövqeyi xüsusi maraq doğurur. Dövlət İmtahan Mərkəzi isə bu iddialara qəti şəkildə etiraz edir və imtahanların tam şəffaf, əvvəlcədən elan olunmuş proqram əsasında hazırlandığını bildirir. Rəsmi açıqlamalarda vurğulanır ki, hər il imtahan proqramları əvvəlcədən ictimaiyyətə təqdim olunur, test modelləri müzakirəyə çıxarılır və hətta imtahandan dərhal sonra tapşırıqların izahı belə açıq şəkildə paylaşılır. Bu isə prosesin şəffaflığını təmin etmək və mümkün narazılıqların qarşısını almaq məqsədi daşıyır. Bununla belə, ictimai müzakirələrin səngiməməsi göstərir ki, problem təkcə texniki və ya metodiki məsələlərlə məhdudlaşmır. Burada həm də abituriyentlərin psixoloji hazırlığı, təhsil sistemindəki ümumi yanaşmalar, repetitorluğun rolu və valideyn gözləntiləri kimi daha geniş faktorlar da ön plana çıxır. İmtahan nəticələrinin gənclərin gələcəyinə birbaşa təsir etməsi isə bu mövzunu daha həssas və mübahisəli edir. İmtahanlarla bağlı yaranan bu müzakirələr təkcə konkret sualların düzgünlüyü məsələsi deyil, bütövlükdə təhsil sisteminə olan inam, şəffaflıq və ədalət prinsipləri ətrafında cəmlənən daha geniş bir ictimai diskussiyanın göstəricisidir. 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Olaylar.az-a danışıb. Ekspert bildirib ki, hər il buraxılış və blok imtahanlarından sonra Dövlət İmtahan Mərkəzi bu cür ittihamlarla qarşılaşır. Əgər bu, birinci və ya ikinci il baş versəydi, yaxud heç olmasa son beş ildə belə şikayətlər səslənməsəydi, Dövlət İmtahan Mərkəzini haqlı saymaq olardı. Amma artıq neçə illərdir eyni məzmunlu narazılıqlar, iddialar və tənqidlər davam edir. Məsələ burasındadır ki, Dövlət İmtahan Mərkəzi bu müzakirələrdən nəticə çıxarmaq əvəzinə, daha çətin, daha radikal və mürəkkəb addımlar atır ki, bu da anlaşılan deyil. Hamı hesab edir ki, qəbul prosesi müəyyən qədər sadələşdirilməlidir ki, heç olmasa dövlətin müəyyən etdiyi strateji plan üzrə yerlər dolsun və boş qalan yerlər olmasın. Lakin görünən odur ki, Dövlət İmtahan Mərkəzi daha çox abituriyentləri sıxışdıran yanaşma sərgiləyir. 

Ekspertin sözlərinə görə, bu il şagirdlərin və valideynlərin yanaşmasında müəyyən fərqlilik müşahidə olunur. Burada repetitorlar və kurs rəhbərləri də ittiham edilir. Bildirilir ki, sınaq imtahanlarını hazırlayan müəllimlər və kurslar sualları öz tədris proqramlarına uyğun tərtib edirlər. Buna görə də şagirdlər həmin sınaqlarda daha yüksək nəticə göstərirlər. Lakin buraxılış imtahanından sonra mənzərə fərqli oldu. Yüksək nəticə göstərən şagirdlər belə qeyd etdilər ki, real imtahandakı suallar sınaq imtahanlarında istifadə olunanlardan daha çətin idi. Bu isə belə bir fikir yaradır ki, suallar tədris proqramından kənara çıxıb. Dövlət İmtahan Mərkəzi isə bu iddiaları qəbul etmir. Bu halda başqa bir məsələ ortaya çıxır: bəzi müəllimlər və kurslar müəyyən istiqamətdə hazırlıq aparır və bu da region məktəbləri ilə şəhər məktəbləri arasında fərq yaradır. Dövlət İmtahan Mərkəzinin əlavə vəsaitlərinə çıxışı olan, kurslara gedən şagirdlər daha uğurlu nəticə əldə edə bilir. Digərləri isə təəssüf ki, eyni nəticəni göstərə bilmir. Bu da ümumilikdə ciddi disbalans yaradır. Bu səbəbdən Dövlət İmtahan Mərkəzi bu kimi iddiaların və narazılıqların qarşısını almaq üçün buraxılış imtahanlarını mümkün qədər bir gün ərzində keçirməyi nəzərdən keçirməlidir. Mövcud maddi-texniki baza buna imkan verir. Digər tərəfdən, əvvəllər buraxılış imtahanlarının nəticələrinin dörd həftə ərzində elan edilməsi nəzərdə tutulurdu, indi isə bu müddət yeddi həftəyə qədər uzadılıb. Bu da abituriyentlərdə əlavə gərginlik və narahatlıq yaradır. Bu gecikmənin səbəbi kimi texniki imkanların çatışmazlığı, yoxsa başqa amillər olduğu aydın deyil. 

Ekspert qeyd edib ki, ona görə də Dövlət İmtahan Mərkəzi öz fəaliyyətinə yenidən baxmalı, müəyyən struktur dəyişiklikləri etməlidir. Eyni zamanda, Azərbaycanda qəbul sistemi ilə bağlı alternativ variantlar da tətbiq olunmalıdır. Məsələn, bəzi universitetlər yüksək nəticə göstərən abituriyentləri birbaşa qəbul edə və onlara təqaüd təklif edə bilər. Artıq belə təcrübə mövcuddur - bəzi universitetlər, o cümlədən ADA Universiteti, SAT nəticələri əsasında qəbul aparır və bu, Dövlət İmtahan Mərkəzinin imtahanlarından kənar alternativ yol yaradır. Əgər bu praktika daha çox universitetdə tətbiq olunsa, rəqabət də artar. Bu gün yüksək nəticə göstərən şagirdlər xarici, xüsusilə Avropa və Qərb universitetləri tərəfindən təqaüdlə cəlb olunurlar. Halbuki həmin istedadlı gənclərin ölkə daxilində qalması həm insan kapitalı, həm də maliyyə baxımından daha faydalı olardı.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
olaylar.az

1Mənbələr