İlham Əliyev: Bu, böyük xoşbəxtlikdir!
Bu günlərdə ikiqat xoşbəxtlik yaşayırıq. Müqəddəs Ramazan ayında həm də xalqımız üçün çox əziz olan Novruz bayramını qeyd edirik. Yurdumuza bahar gəlir. Qarlı-şaxtalı qış öz yerini çiçək ətirli, isti nəfəsli bahara verir. Ana təbiət oyanır. Torpaq altından bənövşənin boy göstərməsi, ağacların çiçək açması, çəmənlərin göyərməsi, quşların cəh-cəh vurub nəğmələr oxuması insanın qəlbini sonsuz sevinc və ümid hissi ilə doldurur.
Artıq baharın gəlişini simvolizə edən dörd çərşənbəni yola salmışıq. Ölkəmizdə dövlət səviyyəsində qeyd edilən Novruz bayramına da lazımi hazırlıqlar görülüb - hər evdən Novruzun rəmzləri olan ləziz bişmişlərin adamı iştaha gətirən qoxusu gəlir. Novruz tonqallarına hazırlıqlar da öz yerində.
Azad ərazilərdə ilk Novruz tonqalı Şuşada alovlandırılıb
Şanlı Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə Novruz bayramı ilə əlaqədar gözəl ənənə yaranıb. Belə ki, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edərək “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurd yerlərinə qayıdan soydaşlarımızla birlikdə bayram tonqalları qalayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva builki Novruz ərəfəsində martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət ediblər.
Tonqalların yandırılması Novruzun geniş yayılmış adətlərindən biridir. Ta qədimdən insanlar tonqal qalamaqla və onun üzərindən atlanmaqla azar-bezarlarını odda yanndırmaq inanclarını ifadə ediblər. Əcdadlarımızın təsəvvüründə od, tonqal, eyni zamanda, işığı, hərarəti, Günəşi simvolizə edib. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağırılması anlamında qəbul olunur.
Azərbaycan xalqının, yurd yerlərinə qayıdan keçmiş qaçqın və məcburi köçkün soydaşlarımızın Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə azad Qarabağda bayram tonqalı qalamağa və onun ətrafında şənlənməyə böyük mənəvi haqqı var. Bu, həm də rəmzi məna daşıyır. Otuz il ərzində şər qüvvələr torpaqlarımızı işğal atında saxlamışlar və burada ağlagəlməz vəhşiliklər törətmişlər.
Biz otuz il ərzində təcəvüzkar dövlət olan Ermənistanın işğalı səbəbindən Azərbaycanın ərazisinin 20 faizini təşkil edən regionlarımızda bayram tonqalları alovlandıra bilmirdik. Xalqımızın qəlbində mənfur düşmənin nəzarətində qalan torpaqlarımıza sonsuz bağlılıq var idi. Xəyallarımız, ruhumuz hər an bizləri o yerlərə çəkib aparırdı. Otuz il ərzində xalqımıza, dövlətimizə, Prezidentimizə müxtəlif dairələrdən böyük təzyiqlər göstərildi. Bizi işğalla, torpaqlarımızın yad əllərdə olması faktı ilə barışmağa sövq etməyə çalışırdılar. Barışmadıq, dövlət və xalq olaraq təzyiqlərə baş əymədik, yurd yerlərimizə qayıdacağımıza inandıq. Prezident İlham Əliyevin işğal faktına gec-tez, istənilən yolla son qoyulacağına əminlik ifadə etməsi bu inamı möhkəmləndirirdi.
Müqəddəs arzumuza 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində əldə olunan qələbələr sayəsində çatdıq. İndi Azərbaycanın bütün torğaqları azaddır, bütün ərazilərimizdə aylı-ulduzlu bayrağımız əzəmətlə dalğalanır.
Eyni zamanda, artıq bayram tonqalları da ölkəmizin bütün regionlarında alovlandırılır. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk Novruz tonqalını Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il 20 mart tarixində Şuşada Cıdır düzündə alovlandırıblar. İşğaldan azad olunmuş ərazilərdə ilk Novruz tonqalının Şuşada alovlandırılması sıradan bir hadisə deyildi. Azərbaycan xalqının bu qədim şəhərə böyük mənəvi bağlılığı var. Uca dağlar qoynunda qərar tutan Şuşa tarixi Azərbaycan şəhəridir, onun əsası Pənahəli xan tərəfindən qoyulub. 28 il əsarətdə qalan şəhər mənfur düşmən tərəfindən dağıntılara məruz qalıb. Düşmən Şuşanın tarixi simasını pozmağa, şəhərin simasından azərbaycanlı izlərini silməyə, onu erməniləşdirməyə çalışıb. Ancaq bu mümkün olmayıb. Şuşa dağıntılara məruz qalsa da, milli ruhunu qoruyub. Prezident İlham Əliyev Şuşada bayram tonqalını alovlandırdıqdan sonra xalqa ünvanladığı müraciətndə şəhərin işğaldan azad edilməsini tarixi hadisə kimi dəyərləndirəörək vurğulayıb: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Şuşadan sonra işğaldan azad edilmiş ərazilərdə Novruz tonqalları 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə alovlandırılıb. Xankəndi işğal illərində separatism yuvasına çevrilmişdi. Azərbaycan əleyhinə bəyanatlar buradan verilir, məkrli müharibə cinayətlərinin planları burada hazırlanırdı. Separatçılar 44 günlük müharibənin dərslərindən lazımi nəticələr çıxartmadılar və Xankəndidə çirkin fəaliyyətlərini davam etdirdilər. Buna görə də Azərbaycan 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirərək Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi. Xankəndidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə bayrağımız ədədi dalğalanacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2025-ci ilin Novruz tonqalını yeni ünvanda - Ağdərənin Həsənriz kəndində alovlandırdılar. Bu, postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərimizdə alovlandırlan sayca beşinci tonqal idi.
Bayram sevinci yaşanan daha bir ünvan - Xocavənd rayonunun Xanoba kəndi
Prezident İlham Əliyevin Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüşdə bildirdiyi kimi, Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Məhz Ordumuzun şücaəti sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam təmin etməyə nail oldu.
Şanlı zəfərlərimiz sayəsində artıq Qarabağa bu yerlərin əsl sahibləri qayıdırlar. İşğaldan azad olunmuş ərazilər postmüharibə dövründə sözün əsl mənasında quruculuq-abadlıq meydanına çevrilib. Dövlətin və yenilməz Azərbaycan xalqının gücü ilə göz önündə yeni bir Qarabağ formalaşmaqdadır. Sakinlərlə görüşdə “İndi qurub-yaratmaq dövrüdür” deyən Prezident İlham Əliyev vurğulayıb: “...Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar”.
Postmüharibə dövründə azad ərazilərdə bayram tonqallarının qalanması da tarixi torpaqlarımızın yeni dönəminin xoş nişanəsidir. Azad Qarabağda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sayca altıncı tonqal Xocavənd rayonunun Xanoba kəndində qalanıb. Beləliklə də, işğaldan azad olunmuş ərazilərdə Novruz sevinci yaşanan növbəti ünvan Xocavənd rayonunun Xanoba kəndi olub.
Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayış məntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Kənddə mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq.
Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər - 441 ailə qayıdıb.
Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb. Kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa olunub, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılıb. Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdə Qarabağda birlikdə bayram tonqalı qalamağı böyük xoşbəxtlik kimi səciyyələndirib. “Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İndiki nəsillərə müqəddəs ərməğan
Prezident İlham Əliyev öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Dövlətimizin başçısı Novruz bayramı münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edib, hər kəsə cansağlığı, səadət və işlərindədə nailiyyətlər diləyib. Bildirldiyi kimi, Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. “Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İndiki qloballaşma şəraitində xalqlar təhlükəli assimilasiyalarla üz-üzədirlər. İnsanlarıln milli-dini kimliklərinə təhdidlər artıb. Belə şəraitdə xalqların mənəvi bütövlüyünün təmin olunmasında müstəsna rola malik milli-mənəvi dəyərlərin qorunmasının aktuallığı daha da artıb. Təbrikdə vurğulandığı kimi, Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ölkəmizdə Novruzun el bayramı kimi yüksək səviyyədə qeyd ollunmasından məmnunluğunu bildirən dövlətimizin başçısı vurğulayıb: “Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.
Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik”.
Prezident İlham Əliyev həmçinin sosial media hesablarında Novruz bayramı ilə bağlı video paylaşılıb. Paylaşımda deyilir: “Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”.
Mübariz ABDULLAYEV