AZ

“Yaşıl dərə”nin yenicə başlayan ağ günləri

Bu bələdiyyədən tədbirə dəvət alanda hər dəfə  maraqlı məqamlarla üz-üzə qalır,  hansısa yeniliyi sanki kəşf etmiş kimi görünürəm.

Bələdiyyənin kollektivi formalaşdığı 26 il ərzində  ənənələrinə sadiq qalaraq fəaliyyətləri ilə, kreativ ideyaları ilə gələn qonaqları, iştirakçıları təəcübləndirməkdən sanki zövq alır. Əslində öz amplualarındadırlar və bununla da vətəndaşlara, seçicilərinə xidmətdədirlər. Görünən odur ki, ilk dövrdə heç nədən çəkinmədən şəhər icra hakimiyyətinin birinci mərtəbəsində fəaliyyət göstərmələri ilə sanki demək istəyirdilər ki  “biz də varıq”. Və birinci mərtəbədə olmaları ilə ilk olaraq vətəndaşın “dadına çatmağı” ənənəyə çevirməyi hələ o illərdə bacarmışdılar.

Keçirdikləri növbəti tədbir də müqəddəs bayramlarımıza həsr olunsa da, əslində şəhərin bu massivində ilk dəfə idi ki, həm də belə möhtəşəm bir layihənin təməli qoyulurdu.

Dörd min kv.metrlik ərazidə ən müasir tələblərə cavab verən parkın salınması, üstəlik ərazidə dayanıqlı maliyyə mənbəyinin yaradılması ideyası, nəticə etibari ilə yaşayış massivində abadlıq işlərinin aparılması da məhz  bələdiyyənin ilk sədri olmuş və şəhərin hazırki siyasi rəhbəri tərəfindən  bələdiyyənin hesabat yığıncağında təklif olunmuşdu.

Yəqin ki, hiss etdiniz ki, söhbət Sumqayıt şəhərindən və onun təcrübəsi yayıla biləcək səviyyədə olan bələdiyyəsindən gedir.   

Yaşayış massivinə gedərkən yol boyu şəhərdəki təmizlik diqqətimdən qaçmadı. Üstəlik hər kəsin iş başında olması da şəhərdə idarəçiliyin hansı səviyyədə olmasından xəbər verirdi. Beləliklə, “Yaşıl dərəyə” çatırıq. AzərTAc-ın xüsusi müxbiri Ətrabə Rzayeva da bizimlə birlikdə idi.

*****

“Yaşıl dərə”də isə həyat qaynayırdı. Hamı Sumqayıt bələdiyyəsinin yeni salınmaqda olan parkına yön alırdı. Şəhid və qazi ailələrinin tədbirin ən görkəmli yerində oturmaları üçün şəraitin yaradılması təşkilatçıların diqqətindən yayınmamışdı. Yaşayış massıvının sakinlərinin və xüsusəndə azyaşlılar sevinci isə yerə-göyə sığmırdı. Hazırlıqlar lazımı səviyyədə idi. Hiss olunurdu ki, tədbirin hər bir, hətta ən xırda bir detalı belə kollektivdə müzakirə olunmuşdu. İşin gedişi zamanı hər hansı sual verilməsinə, qısası, hansısa neqativə yer qoyulmamışdı. Bu isə təşkilatçılğın hansı səviyyədə olmasından xəbər verirdi.

Milli Məclisin üzvü Mehriban Vəliyevanın çıxışı, ardınca bələdiyyə sədri Adil Xudadatovun və şəhid xanımının çıxışları tədbirə ayrı bir rəng qatdı.

Əlavə edim ki, ikinci dəfə idi ki, MM üzvü olan xanım Mehriban Vəliyevanın çıxışına qulaq asırdım. Birinci dəfə bələdiyyənin hesabat yığıncağındakı çıxışı diqqətimi çəkmişdi. Yəni ekspromt, bir nəfəsə, sədrin çıxışına qulaq verib, sonrada onu təhlil edərək çıxış edəsən, etiraf edim ki, bu heç də hər Milli Məclis üzvünə xas olan cəhət deyil. Bu görüşdə də xanım deputata məhz  bələdiyyə barəsində söylədiyi fikirlərə görə, təşəkkürümü bildirdim. Kaş ki, hər bir Milli Məclis üzvü bələdiyyənin təşkil etdiyi tədbirdə iştirak etməklə, həm də  obyektiv  şəkildə bələdiyyənin fəaliyyəti barəsində fikirlərini bildirəydilər. Nə isə, mətləbdən uzaqlaşmayım.

Beləliklə, dörd min kv.metrlik parkın may ayında istifadəyə verilməsi nəzərdə tutulur. Park yaşayış massivinin tən ortasında yerləşir. Park ərazisinin 40 faizə yaxın hissəsi yaşıllıq zolağı olacaq. Burada uşaq atraksionları, fəvvarə, söhbətkeşlər və digər xidmət sahələrinin olması da nəzərdə tutulub. Layihənin müəllifi isə elə sədr Adil Xudadatovun özü idi. Qeyd edim ki, bələdiyyə sədri ixtisasca memardır, uzun illər şəhərin baş memarı vəzifəsində çalışıb. Parka gedən yolun asfalt vurulması da görüləcək işlərdən hesab olunur.

*****

Tədbir öz axarı ilə gedir, Sumqayıtlı sənət adamı Namiq Mənanın həm Sumqayıt barəsində şeiri,  həm də bələdiyyənin fəaliyyətinə bədahatən söylədiyi meyxana, üstəlik balacaların yumurta döyüşdürməsi, şeir söyləmələri, idmançıların qol güləşdirməsi, ata-oğul kəndirbazların maraqlı çıxışı sakinlərdə bayram  günündə xoş ovqat yaratdı. Tədbirin sonunda  sədr Adil Xudadatovun kollektiv üzvləri ilə birgə tonqal ətrafında “Yallı” süzmələri  isə kollektivdə hökm sürən səmimiyyətdən xəbər verirdi.

*****

“Yaşıl dərə” sakinlərinin bəxtindən həmin gün havanın günəşli olması, üstəlik hər hansı formada şıltaqlıq etməməsi onlara Novruz şənliyindən sonadək zövq almağa həm də şərait yaratmış oldu. Görünən odur ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun təşəbbüsü ilə “Yaşıl dərəlilər”in ağ günə çıxacağı gün uzaqda deyil. Belə məsuliyyətli bir vəzifəni isə Sumqayıt bələdiyyəsi öz üzərinə götürüb.

Beləliklə, “Yaşıl dərədə” keçirilən  ilk tədbir Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatovun təbrik mesajı ilə başa çatdı. Bizə isə belə məqamda bələdiyyə sədrinə və ətrafında formalaşdırdığı dəyərli kollektiv üzvlərinə yalnız uğurlar arzulamaq qalır.

Seçilən
37
1
unikal.az

2Mənbələr