AZ

İranla müharibəni həm nüvə arsenalı, həm də dövlət elitasının məhv edilməsinə hədəflənmiş siyasət kimi görmək lazımdır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

2026‑cı ilin fevralından başlayan ABŞ‑İsrail hücumları çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri və hərbi komandirləri hədəf alınıb və öldürülüb. İranın ali dini rəhbəri Əli Xamnei birgə hava zərbələri nəticəsində həyatını itirib, bu, münaqişənin ən yüksək səviyyəli itkisi kimi qeydə alınıb. Son günlər Tehranın Təhlükəsizlik Şurasının başçısı Əli Laricani və İranın daxili Bəsic yarımhərbi qüvvələrinin komandiri Golamrza Sülemani də hədəflənərək öldürülüb. Bu kimi strateji zərbələr İranın siyasi və hərbi idarəetmə strukturuna ciddi təsir göstərir və ölkənin rəhbərliyində böyük boşluqlar yaradır.ABŞ İranın nüvə arsenalını məhv etmək istəyir, yoxsa hakimiyyətdə mövcud olmağa davam edən molla rejimini?

Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail-ABŞ ittifaqı İrandan hazırkı şəraitdə total müharibə taktikasına keçiblər: “Yəni sadəcə bir hədəfə vurmaq yox, bir istiqamətdə müharibə aparmaq yox, mümkün olan bütün istiqamətlərdə müharibə aparmaqla İran rejimini susdurmaq hazırda ABŞ-İsrail Birliyinin əsas hədəfidir. Bu hədəfə doğru mərhələ-mərhələ gəldilər. Əvvəlcə İranın nüvə və raket arsenalını məhv etməyi hədəf kimi qoydular. Hesab elədilər ki, artıq İranın nüvə və raket arsenalı tamamilə məhv edilib. Ondan sonra görəndə ki, nüvə və raket arsenalının məhvi İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarmadı, yeni bir mərhələ açıldı. Bu da İranın ali dini rəhbəri Xamneinin öldürülməsindən ibarət oldu. Ancaq Xameneinin öldürülməsin gözlənilən hakimiyyət dəyişikliyi və rejimin çökməsi ilə nəticələnmədiyi üçün taktika yenidən dəyişdirildi, İran hakimiyyətini və dövlət elitasını başsızlaşdırmaq planına keçdilər”.

Aydın Quliyev

Aydın Quliyev qeyd edib ki, hazırda Amerikanın və İsrailin İrana qarşı apardığı müharibə həm total müharibə xarakteri daşıyır, həm də İranın dövlət elitasını başsızlaşdırmaq məqsədini güdür: “Buna görə heç nədən çəkinmədən hər vəzifəyə qoyulan şəxsin açıq şəkildə məhv edilməsini elan edirlər, heç kim bunu İrana qarşı İsrailin və ABŞ-ın "dövlət terroru müharibəsi" kimi qiymətləndirməsindən çəkinmir. Çünki hədəf İran rejimini çökdürməkdir. İran rejiminin dayağı həm nüvə arsenalı hesab olunur, həm də rejimin başında dayanan populyar şəxslər İran rejiminin dayağıdır.

Hazırda İsrailin və Amerikanın İranla müharibəsini həm nüvə arsenalının məhv edilməsi, həm də dövlət elitasının məhv edilməsi istiqamətində aparılan siyasət kimi dəyərləndirmək lazımdır. Bu kursun sonunda nə nəticə verəcəyi isə gələcəyin işidir. Amma ortada olan fakt budur ki, həm nüvə arsenalının məhv edilməsi, həm raket arsenalının məhv edilməsi, həm də dövlət elitasının terror yolu ilə ortadan götürülməsi hələlik İranda rejim dəyişikliyinə gətirib çıxarmır. Bu vəziyyət Amerika Birləşmiş Ştatları və İsrail rəhbərliyini xeyli dərəcədə qıcıqlandırır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
50
bizimyol.info

10Mənbələr