AZ

Politoloq Elman Telmanoğlu: Yaxın Şərqdə baş verən proseslərdə “müsəlman həmrəyliyi” anlayışı siyasi rəqabətin kölgəsində qalır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan tərəfindən səsləndirilən bu sual əslində Yaxın Şərqdə uzun illərdir davam edən geosiyasi qarşıdurmanın mahiyyətinə toxunur. Məsələ dini ritorikadan daha çox, regional güc balansı və siyasi maraqlar kontekstində izah olunmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Elman Telmanoğlu bildirib ki, ilk növbədə, İran özünü “İslamın müdafiəçisi” kimi təqdim etsə də, onun xarici siyasəti ideoloji yanaşma ilə yanaşı, konkret strateji məqsədlərə əsaslanır: “Tehran regionda təsir dairəsini genişləndirmək üçün müxtəlif ölkələrdə, xüsusilə İraq, Suriya, Livan və Yəmən, ona yaxın silahlı və siyasi qrupları dəstəkləyir. Bu isə bir çox müsəlman dövlətləri tərəfindən birbaşa təhlükə kimi qəbul olunur.

İkincisi, regionda əsas qarşıdurma xətti İran ilə Səudiyyə Ərəbistanı arasında liderlik uğrunda rəqabətdir. Riyad sünni dünyasının aparıcı gücü kimi çıxış etdiyi halda, Tehran şiə təsir zonası qurmağa çalışır. Bu rəqabət dini çalar alsa da, mahiyyət etibarilə siyasi hegemonluq mübarizəsidir.

Üçüncüsü, İranın bəzi müsəlman ölkələrinə qarşı sərt addımları (birbaşa və ya dolayı yollarla) onun təhlükəsizlik doktrinası ilə bağlıdır. Tehran hesab edir ki, öz sərhədlərindən kənarda “müdafiə xətti” qurmaq daxili təhlükəsizliyini təmin edir. Bu isə digər dövlətlərin suverenliyinə müdaxilə kimi qiymətləndirilir və qarşıdurmanı dərinləşdirir”.

“Türkiyə, Azərbaycan və Körfəz ölkələri kimi aktorların da daxil olduğu bu mürəkkəb mənzərədə ittifaqlar və qarşıdurmalar yalnız dini identiklik üzərindən deyil, enerji marşrutları, təhlükəsizlik arxitekturası və böyük güclərlə münasibətlər prizmasından formalaşır. Beləliklə, “İran niyə İslam ölkələrini vurur?” sualının cavabı ondan ibarətdir ki, burada əsas motiv dini deyil, geosiyasi maraqlar, regional liderlik iddiaları və təhlükəsizlik strategiyalarıdır. Bu reallıq isə Yaxın Şərqdə “müsəlman həmrəyliyi” anlayışının tez-tez siyasi rəqabətin kölgəsində qaldığını göstərir” deyə politoloq qeyd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib ki, "İran İslam dininin müdafiəçisi olduğunu iddia edir, lakin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ, Bəhreyn, Oman, İordaniya, Türkiyə, Azərbaycan və Livan kimi müsəlman ölkələrinə hücum edir".

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
bizimyol.info

1Mənbələr