AZ

Dövlət siyasəti: Vətəndaşyönümlü sosial-iqtisadi yanaşma

“Dövlət qulluğu haqqında” Qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda əməkhaqqı sistemində köklü dəyişikliklərin qanuni əsasını yaradıb. 

Belə ki, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri, aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib. 

Məlumata görə, hazırda dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Deməli, bu dəyişikliklər Azərbaycanda olduqca geniş dairəni əhatə edəcək, çox sayda insanın iqtisadi-sosial vəziyyətini birbaşa yaxşılaşdıracaq, onların maddi təminatının daha yüksək səviyyəyə qalxması təmin olunacaq. 

Əvvəlki sistemin ləğv edilməsi və mükafatların vəzifə maaşına daxil edilməsi beynəlxalq təcrübədə sınaqdan keçirilmiş sistem olmaqla özünü təsdiqləyib. Ekspertlərin ortaq yanaşmasına görə, yeni əməkhaqqı sistemi vahid və nəticəyönümlü olmaqla, dövlət quluqçularının, onların ailə üzvlərinin maddi rifah halının yaxşılaşdırılmasına yönəlik olduqca vacib islahatdır. 

Beləliklə, həm Azərbaycanda dövlət qulluqçularının əməkhaqqı sistemi beynəlxlaq standarlara uyğunlaşdırılır, həm şəffaflıq təmin edilir, həm də əməkhaqqının vəzifə maaşında ümumi payı yüksəlmiş olur. 

Ekspertlər bildirirlər ki, bu, dövlət qulluqçularının işə yanaşmasında ciddi dəyişiklik yaratmaqla, korrupsiya risklərini də azaltmış olacaq. Daha yüksək maaş daha yaxşı motivasiya, daha yaxşı iş, gələcəkdə sosial təminatla bağlı daha az narahatlıq deməkdir. 

Ən müxtəlif istiqamətlərdəvə ölkələrdə aparılan araşdırmalar təsdiqləyir ki, maddi təminatı daha yüksək səviyyədə olan və gələcəyi üçün narahatlıq keçirməyən əməkdaşların faydalılıq əmsalı daha yüksək olur. 

Onlar dövlətə və xalqa xidmətdə qarşılarına qoyulan vəzifələrin öhdəsindən daha bacarıqla, həvəslə gəlir, təşəbbüskar olur, dövlətə xidmətdə bilik - bacarıqlarından maksimum istifadəyə çalışır, öz üzərlərində işləyir, yeniliklərin tətbiqinin tərəfdarı olurlar. 

Azərbaycanda da dünyanın inkişaf etmiş ölkələrindəki kimi əməyin qarşılığnın ödənilməsi sisteminə yanaşmadakı bu köklü dəyişiklik vətəndaşlara olan dövlət qayğısının təzahürüdür. Qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək dəyərləndirilməsi və tətbiqi ölkə vətəndaşlarının maddi rifah halını yüksəltməklə məhdudlaşmayaraq, həm də dövlətə olan etimadı, güvəni daha da artıracaq. 

Yeni fərman vətəndaşların həyat səviyyəsinin, sosial təminatının yaxşılaşdırılmasının dövlət siyasəti olduğunun sübutudur. Hər bir dövlət öz vətəndaşına daha layiqli həyat təmin etməyə borçlu olduğu kimi, vətəndaş da dövlətə xidmət yolunda öz bilik və bacarığından istifadəyə borçludur. 

Qarşılıqlı etimad üzərində qurulan dövlət-vətəndaş münasibətlərinin əsasını bu qarşılıqlı anlaşma təşkil edir. Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla dövlətin öz vətəndaşının maddi rifah halını yüksəltmək istiqamətində ciddi tədbirlər gördüyünü söyləməyə əsas verir. 

Eyni zamanda, bu, dövlət qulluqçularında motivasiyanı artıracaq ki, bu da nəticədə daha peşəkar kadrların dövlət qulluğuna cəlb olunmasına imkan yaradacaq.  Dövlət qulluğunda rəqabətli əməkhaqqı şəffaqflığı təmin edəcək, kadrların dövlətə xidmət yolunda səylərini gücləndirməsinə təkan verəcək. Bütün bu tədbirlər vətəndaşyönümlü sosial-iqtisadi yanaşmanın Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlməsinin göstəricisidir. 

Azərbaycan dövləti öz vətəndaşına dəyər verir, onların daha layiqli həyat təminatı üçün böyük resursları səfərbər edir, bununla da vətəndaş-dövlət münasibətlərinin həm də iqtisadi-sosial əsaslarını daha da möhkəmləndirmiş olur. 

“Cebhe.info” Analitik Qrupu

Seçilən
66
1
cebheinfo.az

2Mənbələr