AZ

79 gün qaldı...

Ermənistan seçim qarşısında - revanşizm və səfalət, yoxsa...

Ermənistanın müasir tarixinin həlledici seçim anına növbəti parlament seçkilərinə 79 gün qalır. İyunun 7-də baş tutacaq parlament seçkiləri bu ölkənin gələcəyi ilə bağlı bütün suallara cavab verəcək. Qeyd edək ki, artıq bir sıra siyasi təşkilatlar seçkidə iştirakla bağlı mövqeyini açıqlayıb. Əvvəldən də bildirildiyi kimi, seçkilərdə əsas favorit hazırkı iqtidar partiyası  - baş nazir Nikol Paşinyanın sədrlik etdiyi “Mülki müqavilə” partiyasıdır. 2021-ci ilin iyunun 20-də baş tutan növbədənkənar parlament seçkilərində səslərin 54 faizini, yerlərin isə 71-ni qazanan “Mülki Müqavilə” mütləq qələbə əldə etmişdi. Onu izləyən ən əsas rəqibi Robert Köçəryanın başçılıq etdiyi Ermənistan Alyansı təxminən iki dəfə az - 29 yerlə kifayətlənmişdi. Parlamentdəki əsas üçüncü partiya isə Artur Vanetsyanın rəhbəri olduğu “Şərəfim Var” Alyansı olmuşdu - partiya 7 yer qazanmışdı. Başqa heç bir partiya və ya ittifaq seçki hədd limitini  keçərək yer qazana bilməmişdi.

Əsas namizədlər, əsas rəqabət...

Siyasi ekspertlərin fikrincə, bu dəfə seçki marafonunda yarış daha fərqli aspektlər və tezislər üzrə müəyyənləşəcək. Əgər ötən seçki post-müharibə dövründə “etimad mandatı” statusu daşıyırdısa, bu dəfəki seçki prosesinin nəticəsi ölkənin yaxın 5 ildəki xarici siyasətinə, daxili sabitliyinə  əhəmiyyətli təsir göstərəcək. Namizədlər və onların seçki platformaları da bunu deyir.  

Qeyd edək ki, artıq seçkidə iştirakla bağlı bir sıra partiyalar öz mövqelərini açıqlayıblar. Real mübarizə platformasında “üzü-üzə” gələ biləcək təşkilatların adları isə məlumdur. Belə ki, iqtidar partiyasına qarşı əsas rəqabəti yenə də Köçəryanın başçısı olduğu “Ermənistan” bloku aparacaq. Seçkinin sürpriz adı isə bir müddət öncə həbs olunan oliqarx Samvel Karapetyandır. “Güclü Ermənistan” partiyasının lideri statusunda seçiklərə qatılacaq oliqarx-siyasətçinin seçki hazırlıqları isə özünün müxalif həmkarından, Robert Köçəryandan fərqlənir. Görünən budur ki, Karapetyan daha mütəşəkkil “komanda” və təbliğat vasitələri ilə seçkiyə qatılmağa hazırlaşır.

Fərqli baxış bucağı...

Vurğulandığı kimi, əsas mübarizə məhz bu üç namizədin başçılıq etdiyi siyasi təşkilatlar arasında baş tutacaq. Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, siyasi ekspertlər seçkini həm də “qütblərarası savaşın seçkisi” adlandırırlar. Bəlli olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir.

Samvel Karapetyan: pul gücünə təbliğat

Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır. Ötən ilin iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunraqa həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.

Son günlər isə Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası seçki ilə bağlı özünün proqramını açıqlayıb. “Güclü Sülh” adlanan proqramın artıq təqdimatı da baş tutub. Proqram partiyanın və onun baş nazirliyə namizədinin məramlarını əks etdirir. Proqramda bir sıra istiqamətlər müəyyənləşib. “Güclü Ermənistan” partiyasının təhlükəsizlik qrupunun rəhbəri Artur Avanesyan Samvel Karapetyanın təhlükəsizlik planını təqdim edərkən bildirib ki, “Bizim çoxsaylı zaminlər tərəfindən təmin edilən davamlı sülhə aparacaq güclü diplomatiyamız olacaq və danışıqlar birtərəfli güzəştlər olmadan aparılacaq”.

Avanesyanın “birtərəfli güzəşt” fikri çox güman ki, Konstitusiya dəyişikliyi və Zəngəzur dəhlizi (TRIPP) anlayışına qarşı yönəlib. Yəni, Karapetyanın hakimiyyətə gəlişi Vaşinqton prosesindən birmənalı imtina demək kimi də anlaşıla bilər. Göründüyü kimi, Karapetyan bölgədə formalaşan sülh prosesinə təhdidi özündə əks etdirən planlar təbliğ etməkdədir. Məsələn, revanşist namizəd ölkəsinin iqtisadi potensialının yüksəldilməsi ilə bağlı qarmaqarışıq fikirlər səsləndirsə də, “ordu qurculuğu” məsələsində daha aydın - təcavüzkar mövqe sərgiləyir. Partiyanın başqa bir üzvü Artur Mikaelyan bildirir ki, Karapetyan “nə zabitlərin, nə də əsgərlərin siyasi uğursuzluqlara görə məsuliyyət daşımayacağı bir ordu qurmaq məqsədi”ni irəli sürür. Maraqlıdır ki, yüksək maddi imkanlara malik Karapetyan artıq bir sıra KİV-ləri və siyasi analitikləri də “ələ ala bilib”. Rusiyapərəst siyasi təhliliçilər açıq şəkildə Karapetyanın təbliğatı ilə məşğuldurlar.

Robert Köçəryan: nostalji, nasizm  və revanşizm...

Seçkilərin başqa bir namizədi - Xocalı qatili, Azərbaycana qarşı törədilmiş bir sıra cinayətlərin iştirakçısı və rəhbəri Robert Köçəryan 1997-1998 -ci illərdə Ermənistanın baş naziri, 1998-2008-ci illərdə isə prezidenti olub. Onun hakimiyyət illəri əsasən Ermənistanın Rusiyanın “for-post”u olduğu dövr kimi yadda qalıb. Siyasi ekspertlərin fikrincə, Köçəryanın hakimiyyətə qayıdışı da eyni motivlə müşayət olunacaq - Ermənistan yenidən 90-cı illərin sonundakı dövrə yuvarlanacaq. Qeyd edək ki, bu dəfəki seçkidə Erməni İnqilab Federasiyası (Daşnaksütyun) da Köçəryanı dəstəkləyir. Köçəryanın əsas seçki prinsipi işğalçı düşüncədir - o, revanşist təfəkkürü davam etdirəcəyini və açıq şəkildə yeni müharibə arzularını dilə gətirir. Ermənistan mətbuatının məlumatına görə, Köçəryanın seçki proqramı daha çox “nostalji” hisslər üzərində qurulub:

- Köçəryan Ermənistanın yenidən Cənubi Qafqazın təhdid mənbəyi kimi görmək istəyir - o, Ermənistanın mövcud reallıqlara uyğunlaşmayan bir dövlət kimi analiz edir;

- Köçəryan şovinizmi, nasizmi və erməni kilsəsinin ideyalarını təbliğ edir.  “Ermənistan” blokunun deputatı İşxan Saqatelyan bildirib ki, Köçəryan erməni Apostol Kilsəsini “varlığımızın təməli” kimi dəyərləndirir;

- Köçəryan Ermənistan dövlətinin “sükanını” yenidən lobbi qruplarının ixtiyarına buraxmaq niyyətindədir. O, xaricdə yaşayan ermənilərin dövlətin idarəçiliyində iştirakının tərəfdarıdır.

Vurğulayaq ki, 2018-ci il hadisələrindən sonra Köçəryan siyasi palitradan uzaqlaşmışdı - yerinə isə oğlu Levon Köçəryanı gətirmişdi. Amma oğul Köçəryan atasını “əvəz edə bilmədi”. Ekspertlər bildirirlər ki, 73 yaşlı ata Köçəryanın Rusiyadan qayıdışı və yenidən siyasi fəaliyyətə başlaması göstərişi alması da Levonun gözlənilən effekti verməməsi ilə bağlıdır. Amma bununla belə Köçəryanın seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir - səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir.

Nikol Paşinyan: Ermənistanın gələcəyi üçün sülh arzusu

Nəhayət, seçkilərin açıq favoriti hazırki baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityası sayılır. Son sorğular da bu faktı təsdiqləyir. Belə ki, mart ayında 1506 respondent arasında keçirilmiş sorğuda iqtidar partiyası 24 faiz səslə lider olub. Samvel Karapetyanın Güclü Ermənistan Partiyası respondentlərin 9, Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan Alyansı isə təxminən 3 faiz səs toplayıb. Digər 3 faiz isə milyarder Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan partiyasına səs verəcəklərini bildirib.

Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi, Nikol Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, Konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırki düzəni dağıtmasından qorxur - Paşinyanın apardığı siyasəti isə Ermənistanın “xilası” adlandırırlar. Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsi Ermənistan üçün “iqtisadi nəfəslik” ola bilər.

Pərviz SADAYOĞLU

Seçilən
116
yeniazerbaycan.com

1Mənbələr