AZ

Üçtərəfli danışıqlar prosesi dayandırılıb?

Rusiya-Ukrayna-ABŞ platformasının gələcəyi sual altındadır

Yaxın Şərqdə münaqişənin davam etməsi nəticəsində Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı aparılan danışıqlar arxa plana keçib. Çünki hazırda ABŞ-ın İsraillə birlikdə İrana qarşı müharibə aparması Ukrayna probleminə daha çox diqqət ayrılmasını mümkünsüz edir. Xatırladaq ki, Donal Tramp yenidən hakimiyyətə gəldikdən sonra bu müharibəni həll edəcəyini vəd etmişdi. Tramp bunun üçün diplomatik fəallığı artıraraq tərəflər arasında vasitəçilik edib. Belə ki, Vaşinqtonun təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndələrinin  dəfələrlə görüşü keçirilib.

Sonuncü üçtərəfli Cenevrə görüşü...

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin həllinə dair üçtərəfli danışıqların sonuncu - üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə baş tutmuşdu. Birinci gün məsləhətləşmələr təxminən altı saat davam edib və Rusiya ilə ABŞ və Rusiya ilə Ukrayna arasında ikitərəfli əlaqələri, eləcə də mənbələrin gərgin adlandırdığı üçtərəfli müzakirələri əhatə edib. RF nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq ediblər. Amerika tərəfini isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və digər vasitəçilər təmsil ediblər. Danışıqların ikinci günü Əbu-Dabidə keçirilən əvvəlki raundlarla müqayisədə daha geniş məsələlərin müzakirəsinə həsr olunub.

Proses iştirakçılarının sözlərinə görə, tərəflər humanitar məsələləri, təhlükəsizlik zəmanətlərini, mümkün həllin siyasi parametrlərini, eləcə də bir sıra ərazi və iqtisadi aspektləri müzakirə ediblər. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vaşinqtonun səyləri sayəsində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. Tərəflər liderlərinə məlumat vermək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər. Bir neçə Qərb mediası isə danışıqlar prosesini mürəkkəb və mübahisəli hesab edib. Almaniya, Fransa, Böyük Britaniya və İtaliyadan olan nümayəndələr də Cenevrədə ayrıca məsləhətləşmələr aparıblar, lakin əsas danışıqlar formatına daxil edilməyiblər.

Peskov: Üçtərəfli qrup fasilə verib

Növbəti üçtərəfli görüşün fevralın 26-da keçirilməsi qərara alınsa da, sonradan martın əvvəlinə kimi təxirə salınmışdı. Lakin bu da baş vermədi. ABŞ-ın İranla müharibəyə başlaması danışıqlar prosesinin gələcəyini sual altına qoyub. Bugünlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Senatın kəşfiyyat komitəsindəki dinləmələr zamanı “ABŞ İrandakı eskalasiyaya baxmayaraq, Rusiya ilə qarşıdurma şəraitində Ukraynanı bundan sonra da dəstəkləmək niyyətindədir” desə də, reallıq ortadadır. Təsadüfi deyil ki, Kremlin sözçüsü Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında Rusiya və Ukrayna arasında Birləşmiş Ştatların vasitəçi qismində iştirakı ilə üçtərəfli danışıqlar prosesinin dayandırıldığını bildirib. O deyib ki, Rusiya Prezidentinin xarici dövlətlərlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ikitərəfli Rusiya-Amerika qrupu formatında öz fəaliyyətini dayandırmayıb: “Kirill Dmitriyev işləməyə davam edir. Üçtərəfli qrup isə fasilə verib”.

Hazırda ABŞ-ın əsas diqqətinin İrana yönəlməsi rəsmi Kiyevi və onun müttəfiqlərini ciddi narahat edir. Kiyev problemin beynəlxalq birliyin gündəmindən düşməməsinə çalışır. Prezident Volodimir Zelenski deyib ki, Ukrayna və ABŞ komandaları sanksiya siyasəti və təhlükəsizlik zəmanətləri ilə bağlı fəal məsləhətləşmələr aparırlar. Lakin əsas məsələlərin həlli üçün iki prezident arasında şəxsi görüş zəruridir. Zelenskinin sözlərinə görə, komandalar sanksiya təzyiqi də daxil olmaqla, geniş məsələləri müzakirə edirlər. Prezident qeyd edib ki, Trampla Rusiyaya qarşı sanksiyaları və ya ABŞ məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etməyib. Bununla belə, o, ABŞ lideri ilə birbaşa əlaqəyə ehtiyac olduğunu deyib. Zelenskinin nə deməsindən asılı olmayaraq, Vaşinqtonun Rusiya neftinin ixracına məhdudiyyəti aradan qaldırması Moskva üçün olduqca əlverişlidir.

Avropa İttifaqı (Aİ) da Ukrayna probleminin həllinin beynəlxalq gündəmdən çıxmamasının tərəfdarıdır. Ukraynadakı vəziyyətlə bağlı gələcək müzakirələrdən danışan Aİ-nin ali nümayəndəsi Kallas Yaxın Şərqə olan diqqətin Ukraynadakı vəziyyətdən yayındırmamasının vacibliyini vurğulayıb. “ABŞ-ın Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaların yumşaldılması arzuolunmaz presedent yarada bilər, çünki indiki vəziyyətdə Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə resurslarını məhdudlaşdırmaq vacibdir. Hörmüz boğazının bağlanması da Rusiyanın xeyrinə olmaqla ona bu müharibəni maliyyələşdirməyə imkan verir” - deyə, o bəyan edib.

Belə bir şəraitdə rəsmi Ankara yenidən sülh üçün tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh prosesinə təsir etməməlidir. “Müzakirələrin növbəti raundu üçün Türkiyə ev sahibliyi etməyə hazırdır”,- deyə H. Fidan bildirib və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilən son telefon danışığını xatırladıb: “Söhbət zamanı Moskva ilə Kiyev arasında sülhün əldə olunması istiqamətində fikir mübadiləsi aparılıb”. Xatırladaq ki, müharibənin başladığı ilk vaxtlardan regionun ən güclü dövlətlərindən biri olan Türkiyə sülh naminə tərəflər üçün vasitəçilik və danışıqlara ev sahibliyi edib. Ankaranın vasitəçiliyi müəyyən qədər müsbət nəticələr verib. Ona görə də, Türkiyənin təşəbbüsləri bundan sonra da effekt verə bilər.

Zelenskinin reytinqi yüksəlib

Türkiyədən fərqli olaraq, ABŞ Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışır. Kiyevə təzyiq məqsədilə Vaşinqton Ukraynada prezident seçkilərinin keçirilməsini də gündəmə gətirib. Kiyev seçkilərin keçirilməsinə hazır olduğunu bəyan etsə də, bunun üçün təhlükəsizlik zəmanəti istəyir. Moskva və Vaşinqton prezident seçkiləri nəticəsində Zelenskinin hakimiyyətdən gedəcəyini düşünsə də, rəy sorğuları bunun əksini göstərir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi fevral ayı ilə müqayisədə 9 faiz artıb. Mart ayının əvvəlində respondentlərin 62 faizi onu dəstəkləyib. Bu faktlar Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) sorğusunun nəticələrində özünü göstərir.

Zelenskiyə etibar edən vətəndaşların 62 faizindən 28 faizi Prezidentə “tam” etimad göstərir, əksəriyyəti (34 faiz) isə ona “daha çox” etibar edir. Lakin respondentlərin 32 faizi ona etimad göstərmir.

N.BAYRAMLI

Seçilən
70
yeniazerbaycan.com

1Mənbələr