AZ

Hər sabahını özü “yoğuran” insan

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Tanınmışın tanıdılması...

Milli Məclisin deputat köməkçisi, istefada olan polkovnik-leytenant Bayram Məmmədovla ilk tanışlığımız 2004-cü ildə olub. Onda Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbçilər arasında cüdo üzrə 30-cu Dünya çempionatı keçiriləcəkdi və təbii ki, belə bir beynəlxalq yarışa ciddi hazırlıq gedirdi. Xidmət etdiyim Hərbi nəşriyyat da tədbiri müxtəlif kitabça və bukletlərlə təmin etməli idi. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Sülh Naminə Tərəfdaşlıq Proqramının həyata keçirilməsi bölməsinin rəisi, polkovnik- leytenant Bayram Məmmədov da tədbirin əsas təşkilatçılarından biri kimi çap olunacaq vəsaitləri mətbəəyə təhvil vermək üçün gəlmişdi. Qısaca tanışlıqdan sonra əsas məsələyə keçdik... Təqribən 4-5 adda olan proqram və məlumat xarakterli kitabçaların orijinal nüsxələrini birlikdə diqqətlə yoxladıqdan sonra nəşrə qəbul etdim...

Bu işlər hər bir sifariş götürüləndə icra olunan adi prosedur idi... Amma budəfəki “sifarişçi”, yəni Bayram müəllim digər müəlliflərə bənzəmirdi, “necə məsləhət bilsəniz, elə də edərsiniz”, “siz daha yaxşı bilərsiniz” və s. deyib hər təkliflə dərhal yox, qarşılıqlı məsləhətləşmədən sonra ya razılaşırdı, ya da öz fikrində qalırdı... Bəli, Bayram müəllimlə ilk tanışlığımız belə başladı... Mən bu görüşümüzdə onu görəcəyi işi əvvəlcədən ciddi şəkildə götür-qoy edən, işin məsuliyyətini hərtərəfli qiymətləndirən və fəaliyyət prosesini mərhələlər üzrə planlaşdıran ciddi və işgüzar mütəxəssis kimi tanıdım... Adətən, deyirlər ki, adamların xarakteri haqqında ilk görüşdən alınan təəssürat, demək olar ki, həmişə doğru çıxır...

O gündən 22 il keçib, Bayram müəllimi hər dəfə görəndə bu işgüzar, təəssübkeş insanın xasiyyətcə zərrə qədər dəyişmədiyini görürəm... elə həmin emosional və narahat, heç vaxt “işdən yoruldum” sözlərini dilinə gətirməyən, görəcəyi işi bağrına basan insan... Elə bu cür işgüzar və bacarıqlı mütəxəssis olduğu üçün təsadüfi deyildir ki, onun iştirakı və təşkilatçılığı ilə Bakı şəhərində 100-dən artıq beynəlxalq tədbir yüksək səviyyədə hazırlanıb keçirilmiş, müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş hərbi nümayəndələr həm Azərbaycan, həm də Silahlı Qüvvələrimiz barədə xoş təəssüratlarla ayrılıblar... Mən Bayram müəllimin nə vaxtsa işsiz durduğunu təsəvvür etmirəm... iş olmasa belə, özünə faydalı bir məşğuliyyət tapacaq... asan, yaxud da çətin olmasının fərqinə varmadan hamısını eyni həvəslə, eyni ruh yüksəkliyi ilə başa çatdırar...

Son vaxtlar onun olduqca yüksək səviyyəli işgüzar keyfiyyəti barədə düşünəndə ağlıma bəzi dastanlarımızda istifadə olunan priyom – yuxuda gələcək qəhrəmana buta verilməsi epizodu düşür: fikirləşirəm ki, bəlkə elə Bayram müəllimə də bu cür işgüzarlığı ona yuxuda buta kimi bəxş ediblər... çox güman ki, elə belədir... Bu yazı Zəngilanın dağ cığırlarından başlayan, Arazın sahilinə qədər uzanan, sonra isə müəllim masası ilə hərbi qərargahın, qələm ilə silahın arasında özünə yol açan bir ömrün daxili dünyasından gələn səsinə qulaq asmaq cəhdidir. Adam var ki, adı ancaq ona aid olan sənədlərdə yazılır, insan da var ki, adı həm də yüzlərlə, minlərlə adamın yaddaşına həkk olunur. Bayram Məmmədovun ömür yoluna lap azacıq da bələd olanda inanırsan ki, onun adı və çoxistiqamətli əmək fəaliyyəti həm onu şəxsən tanıyanların qəlbində, yaddaşında, həm də rəsmi sənədlərdə özünə layiqli yer tapıb. Elə bu yazı da olduqca işgüzar, prinsipial, vətənpərvər bir insanın “dil açmış” əməllərinin “özünü təqdim” etməsidir.

...Bayram Heydər oğlu Məmmədov Zəngilanın Canbar kəndində 1956-cı ilin 21 martında anadan olmuşdur, uşaqlıq xatirələri canından çox sevdiyi torpaqla, elatla, ailə ab-havası ilə bağlıdır. O illərdə adamların dəyəri əməlləri, sanballı sözləri və həmin sözlərə sadiqliyi, kişiyana hərəkətləri ilə ölçülürdü; o zamanlar həmin ellərdə ata nəsihəti dərs kitablarından daha ağır gəlirdi. Çox-çox soralar Bayram müəllim “Atam mənim də dostum idi” məqaləsini yazanda yalnız bir ailənin portretini “çəkmir”, kişilik məktəbinin necə formalaşdığını göstərir: elə bir məktəb ki, müəllimi ata, öyrəndikləri atanın elədiyi əməllər, qiymət verəni isə həm vicdanı, həm də el-oba olurdu. Atanın öyüdü həm fəaliyyət proqramı, həm də gələcəyə ötürülən məsuliyyət, cavabdehlik və işgüzarlıq keyfiyyətləri idi. Bu dəyərli xüsusiyyətlərin kökü təkcə bir nəslin yox, bütöv bir yurdun yaddaşından qaynaqlanırdı. Bayram müəllimin öz dünyasında “nəsil yaddaşı” məfhumu tamamilə fərqli, ayrıca bir xətt kimi keçir. Onun “Babam Qaçaq Nəbi ilə dost olub” yazısı elin yaddaşında yaşayan tarixin nə qədər canlı olduğunu göstərir. XIX əsrin sonları... o illərdə kənd həyatında bir insanın halal zəhmətlə dolanması, köməyə ehtiyacı olana əl uzatması, qonşuluğun və qohumluğun, igidliyin və mərdliyin ölçüsü-biçisi bir-birini tamamlayırdı. Qaçaq Nəbinin adı çəkilən yerdə sadəcə romantika yox, ədalət prinsipi önə keçirdi; o adın mahiyyətində zülmə qarşı qiyam, haqqı qorumaq, qorxunu aşmaq xüsusiyyətləri var idi.

Belə bir xatirələr Bayram Məmmədovun dünyagörüşündə bir istiqamətə çevrilir: insan harada olursa-olsun sözü ilə əməlləri bir olmalı, həmişə haqqın tərəfində dayanmalı, “hətta öz zərərinə olsa belə” həqiqətə göz yummamalıdır. O, “Atam mənim də dostum idi” adlı məqaləsində yazırdı: “Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini idim. Zəngilanda yaradılan ərazi özünümüdafiə taborunun komandiri təyin olundum. İlk vaxtlar əhalinin verdiyi tüfənglərlə silahlandıq. Torpağı qorumaq üçün vuruşduq. Atam sağ olsaydı, o da vuruşardı. Mütləq vuruşardı. Vətəni sevdiyini sevdiyimiz, duyduğumuz, gördüyümüz atamız bizə illərlə “Vətəni sevin” deyərdi”.

Yeri gəlmişkən, hər kəsin həyatında təhsili də elə bu dəyərlərin davamı kimi görən Bayram Məmmədov 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin ingilis-Azərbaycan dili şöbəsini, 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu və 2009-cu ildə isə ABŞ Müdafiə Nazirliyinin Hərbi Dil İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Zəngilan rayon komsomol komitəsində, rayon partiya komitəsində, icraiyyə komitəsində çalışdığı illər gənclik enerjisinin təşkilatçılığa, idmana, kütləvi-müdafiə işinə çevrildiyi illər idi. Həmin illər sonrakı böyük sınaqlar üçün sanki bir hazırlıq kimi idi: həm insanları yaxından tanıyır, həm də öz güc-qüvvəsinə dərindən “bələd olurdu”. O, 1978-1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1980-ci ildən 1991-ci ilədək Zəngilan rayon komsomol komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri, Azərbaycan Kommunist Partiyası Zəngilan rayon komitəsində siyasi maarif kabinetinin müdiri və Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sədrinin müavini vəzifələrində işləyib.

...1988-ci ildən sonra bölgənin səmasını örtən qara buludlar hamının taleyinə öz təsirini göstərir. Erməni təxribatları, sərhəd kəndlərinin atəşə tutulması, girovgötürmə cəhdləri – belə əməllər bu gün adi cümlələr kimi səslənsə də, o günləri yaşayanlar üçün bu sözlərin arxasında yarımçıq qalan yuxular, sakinlərlə gecələyən qorxu, boğazda düyünlənən qubar dayanır. Bayram Məmmədov “Yurdsevər zəngilanlılar vətənə qayıtmağa hazırdırlar” deyəndə, o hazırlığın içində bir tək arzu yox, polad kimi əyilməz iradə var. Çünki yurd həsrəti adi həsrət deyil – o, insanı içdən yoğurur: onda adam ya sınır, ya da polad kimi bərkiyir. 1991-ci ilin 10 noyabr tarixi B.Məmmədovun həyatında bir dönüş nöqtəsi olur: Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə həqiqi hərbi xidmətə çağırılır və Zəngilan rayon ərazi özünümüdafiə taborunun (806 saylı hərbi hissənin) komandiri təyin olunur. İndi artıq sözün yanında silah, müəllimlik təcrübəsinin yanında döyüş məsuliyyəti dayanırdı. Həmin illərin təşkilati çətinlikləri, idarəetmənin çox pis səviyyədə olması, silah-sursat qıtlığı, mərkəzdən gələn ziddiyyətli göstərişlər, yerli rəhbərliklə çəkişmələr sanki bitmək bilmirdi: amma bütün bunların içində tək bir reallıq – torpağı qorumaq yanğısı çox qabarıq görünürdü. O yazı həm də canlı şahidlikdir: kənd və döyüşçü adları, bir alayın bir rayonu son nəfəsə qədər necə qorumağa çalışması, Arazın o tayına keçidin necə təmin edilməsi... Bunlar sadəcə fakt deyil, bir rayonun “ikinci Xocalı” olmaması üçün göstərdiyi müqavimətin hekayəsidir...

B.Məmmədov 1991-ci ildən 2006-cı ilədək hərbi hissə komandiri, komandir müavini, alay komandirinin arxa cəbhə üzrə müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar Bölməsinin baş zabiti, beynəlxalq hərbi əməkdaşlıq istiqamətində müxtəlif vəzifələr, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi... 6 iyun 2006-cı il tarixdən etibarən Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub. Bu faktların arxasında bir ömrün sərf olunduğu digər sahələr də var, belə ki, yorulmaz vətənpərvər Bayram müəllim üçün təkcə döyüş meydanı deyil, ordu quruculuğu, diplomatiya sahəsi, dil və kommunikasiya fəaliyyətləri də mübarizənin aparıldığı döyüş meydanının əsas tərkib hissələrindəndir. O, məntiqli, qətiyyətli, bir qədər də emosional söhbətləri, çıxışları ilə beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edib, onlarla ölkədə təşkil olunan kurslarda, konfranslarda, seminar və görüşlərdə iştirak edib – həmişə və hər yerdə, Vətəni böyük coşqu ilə lazımi səviyyədə təbliğ etməyin, tanıtmağın, düşmənlər tərəfindən ölkəmizə atılan böhtanları puça çıxartmağın mümkün olduğunu öz fəaliyyəti ilə göstərib. Azərbaycan Silahlı Qüvvələri quruculuğunda və beynəlxalq hərbi əməkdaşlıq sahəsində fəal iştirak edib. ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Bolqarıstan, Qazaxıstan, İspaniya, İsveç, İsveçrə, İtaliya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya, Macarıstan və s. ölkələrdə keçirilən təlim, seminar, kurs, konfrans, iclas və digər müxtəlif görüşlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edib. Eyni zamanda 13-22 noyabr 2004-cü il tarixlərində Azərbaycanda keçirilmiş hərbçilərin cüdo üzrə 30-cu Dünya çempionatının, 28 oktyabr-3 noyabr 2006-cı il tarixlərində hərbçilərin güləş üzrə 24-cü Dünya çempionatının, 21-30 noyabr 2008-ci il tarixlərində hərbçilərin boks üzrə 52-ci Dünya çempionatının, 24-28 oktyabr 2010-cu il tarixlərində Beynəlxalq Hərbi İdman Şurasının Avropa Konfransının, 2-14 iyul 2013-cü il tarixlərində isə Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol kubokunun koordinatoru olub. Silahlı Qüvvələrdə xidmət etdiyi müddətdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 85 illiyi” döş nişanı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 100 illiyi” yubiley medalları, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası müdafiə naziri və müdafiə naziri müavininin fəxri fərmanları və qiymətli hədiyyələri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, Azərbaycan Mətbuat Şurasının diplomu və Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına diplomu ilə mükafatlandırılıb. Eyni zamanda SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilib. Azərbaycan Respublikası Hap-ki-do Federasiyasının vitse-prezidentidir və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mütəmadi olaraq respublikanın aparıcı qəzetlərində (kütləvi informasiya orqanlarında) siyasi, hərbi, elmi və publisist yazıları ilə çıxış edir. O bir neçə elmi məqalənin müəllifi olmaqla yanaşı, “İngilis dilində Hərbi qısaltmalar lüğət”inin, “Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi lüğət”in, eyni zamanda “İngiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət”in müəllifidir. Onun yazdığı elmi məqalələr və hazırladığı bu lüğətlər Azərbaycan dilinin hərbi leksikologiyasının zənginləşdirilməsində əvəzsiz rol oynamışdır.

Qələminə dinclik verməyən publisist...

Bayram müəllim çox məhsuldar, özünə və qələminə istirahət verməyən publisistdir. Onun publisistikasında Birinci Qarabağ müharibəsinin acı həqiqətləri sərt və “yanğılı dillə” qələmə alınıb. O, müharibənin nə olduğunun və hansı dəhşətlər törətdiyinin canlı şahidi kimi yazdığı məqalələrində düşmənin vandalizmini təkcə qəzəbin dili ilə deyil, mədəni irsin yerlə-yeksan edilməsini, abidələrin dağıdılmasını, talan edilmiş sərvətləri konkret faktlarla göstərir. Bu cür yazılar həm ittiham, həm də gələcək nəsillərə “unutmayın” çağırışıdır. “Heç nəyi unutmayacağıq” məqaləsi elə həmin çağırışın ən bariz ifadəsidir. Orada tarix təkcə keçmiş kimi deyil, həm də bu gün kimi danışır: “Gülüstan” da, “Türkmənçay” da, soyqırımlar da, işğal da unudulmur. Bu yazının ruhu bir fikrə söykənir: “Unudulan faciə vaxtaşırı olaraq təkrarlanır, xatırlanan faciə isə təkrarlanan dərsə çevrilir”. Elə buna görə də Bayram müəllimin fikirlərində yaddaş həm də xalqın özünü qoruma instinkti kimi başa düşülməlidir. 2006-cı ildə ehtiyata buraxıldıqdan sonra onun müəllimlik fəaliyyəti daha da səmərəli olur. Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində, Hərbi Akademiyada xarici dillər üzrə rəhbər və baş müəllim kimi çalışır. Bu ərəfələrdə “Əməkdar müəllim” adına layiq görülməsi də təsadüfi deyil: müəllimlik onun üçün təkcə peşə deyil, həm də halallıqla yaşanan həyat tərzidir. Pedaqoji fəaliyyətindən əlavə, o, hərbi qısaltmalar lüğəti, hərbi-siyasi lüğət də tərtib edir... Bayram Məmmədov haqqında yazılan portret yazılarında onun xarakterinin əsas cizgiləri tez-tez təkrarlanır: sadəlik, dürüstlük, insanpərvərlik, işə ciddi münasibət, böyük coşqu ilə vəzifələrini icra etmək, işin çoxluğundan heç vaxt şikayətlənməmək... Onun sözü ilə əməli arasında nəinki uçurum, heç cüzi sapıntı da olmur, adamlarla ünsiyyətdə səmimi, xidmətdə isə olduqca tələbkar olub. Belə mətnlər bir gerçəyi vurğulayır: vətənpərvərlik bəzən böyük tribunalardan təsirli nitq söyləmək deyil, əl atdığın, öhdənə götürdüyün işi vicdanla başa çatdırmaqdır.  Bayram müəllimə olan el məhəbbətinə poeziya nümunələrində də rast gəlirik. Alı Alıyevin “Əhsən sənə” şeirində o həm döyüşçü, həm müəllim, həm də dostlarını həmişə anan, yurd həsrəti ilə yanan, Vətənə xidmət edən bir patriot kimi obrazlaşdırılır. Zaur Sahilin “Zəngilan elinin mərd oğlu Bayram” poeması isə onun ömrünü dastana çevirir: sətirlərdə həm Zəngilanın bənzərsiz təbiətindən, Zəngilan rayon ərazi özünümüdafiə taborunun qurulmasından, ölüm-dirim döyüşlərin getdiyi qaynar nöqtələrdən, itkilərin ağrısından və ailə ənənəsinin davam etdirilməsinə qədər uzanan poetik xətt qurulur. Poemadakı şeiriyyət faktların dərd yükünü yüngülləşdirmir, əksinə, faktın içindəki kədərli duyğunu daha da qabardır. Çünki bəzən bir insanın taleyindəki ağrı yükünü adi cümlələr daşıya bilmir, onda obrazlı poetik misralar köməyə gəlir... 2020-ci ilin payızı... Bayram Məmmədovun publisistikası artıq qələbənin gur işığında danışır: “Biz düz yoldayıq, Haqq bizimlədir” məqaləsində işğaldan azad edilən Hadrut, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qaracallı, Əfəndilər, Süleymanlı, Qışlaq, Sur kimi yaşayış məntəqələrinin işğaldan azad edilməsi xəbəri sadəcə hərbi xronika deyil, o, xalqın qəlbinə düşən ümid nurunun ünvanıdır. Burada Ali Baş Komandanın qətiyyəti, ordunun yüksək döyüş hazırlığı, mənəvi-psixoloji üstünlüyü, xalq-ordu birliyi kimi məqamlar önə çıxır... Bayram müəllimin “Tarixi qələbəmizi müjdələyən zəfərlər” məqaləsi Zəngilan rayonunun işğaldan azad olunması sevincinin gur səsidir. Rayon mərkəzinin və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin azad edilməsi xəbərinin ölkəyə ildırım sürəti ilə yayılması, zəngilanlıların qüruru, rayon özünümüdafiə taborunun ilk komandiri kimi müəllifin yaşadığı duyğular – bütün bunlar yurd həsrətinin bir anın içində sevincə necə çevrildiyini göstərir. O sevincin içində həm də uzun illərin ağrısı vardı: Zəngilanın müdafiəsi, Araz çayından keçirməklə əhalinin xilas edilməsi... “Hərbi qənimətlər parkı” adlı məqalənin amalı parkın yaradılma ideyasının dünyaya çatdırılmasıdır: “erməni işğalı “mif” olmayıb, real dağıntı və cinayət olub, bunu da heç kim inkar edə bilməz. Ən əsası isə, beynəlxalq qurumların illərlə məsələyə subyektiv münasibət bəsləməsinə baxmayaraq, nəhayət ki, həqiqət öz yerini tapmışdır. Azərbaycan təkcə döyüş meydanında yox, həqiqətin nümayişi meydanında da qalib olmalıdır. Onun beynəlxalq tədbirlərdə koordinator kimi fəaliyyəti də adi bir detal deyil, dövlətini, vətənini və özünü təqdimetmə mədəniyyətidir. Hərbçilərin müxtəlif dünya çempionatları, konfranslar, iclaslar – bunlar ölkənin nüfuz xəritəsini genişləndirir. O illərdə Bayram Məmmədov həmin xəritədə görünməyən, amma vacib xətlər çəkən adamlardan olub: işin arxa planında durub nəticəni ön plana çıxaranlar kimi. Bayram müəllimin qələmə aldığı məqalələrdə təsvir elə ustalıqla qurulur ki, istənilən oxucu özünü təsvirini oxuduğu hadisənin və yaxud məkanın mərkəzində hiss edir. Sanki bir neçə il əvvəl elə özünün də iştirak etdiyi hadisəni digər bir şahidin dilindən eşidir: orada kəndin əkin-biçin ritmi, əmək meydanı, ağsaqqal sözü, uşaqlıqda formalaşan məsuliyyət kimi detallar təsadüfi deyil, bunlar bir ömrün özünü necə yoğurduğunu göstərən xırda, amma həlledici məqamlardır... Mənzərə böyüdükcə anlayırsan ki, bu ömür yolunda əsas xətt dəyişmir: məsuliyyət hissi, haqq duyğusu və Vətənə sədaqət. Bayram Məmmədovun Zəfər payızı haqqında yazısında təsvir elədiyi situasiya oxucunu hadisənin mərkəzinə cəzb edir və onun “əli” müəllifin çatdırmaq istədiyi bütün mətləblərə yetir. Orada 2020-ci ilin döyüş ruhu, xalq-ordu birliyi, Zəngilanın azad olunması sevinci məqalənin ruhunu formalaşdırır... Onun yazılarında zaman çox vaxt təqvim kimi yox, duyğu kimi keçir. Bir il bəzən bir cümlənin içində çəkilib uzanır, iyirmi yeddi il isə bir nəfəsdə deyilir. Köçkün illərinin uzunluğu, gözləmənin ağırlığı, qayıdışın sevincinə qarışan nisgil – bunlar elə tərzdə verilir ki, oxucu təkcə informasiya almır, həm də hissin ağırlığını paylaşır. Həmin paylaşımın içində müəllim təmkini də var: nə qədər yanğılı yazsa da, sözünü amansız qisas çağırışına çevirmir və daha çox dərs çıxarmağı təklif edir: dünəni bilmək, bu günü qorumaq, sabahı qurmaq. Bayram Məmmədovun “portretində” daha bir qiymətli və vacib xarakterik cizgi də var: kollektiv taleyin içində şəxsi heysiyyətin itirilməməsi. Müharibə zamanı qəbul olunan qərarlar, taborun komplektləşdirilməsi, silahların qaytarılması üçün aparılan yazışmalar, müxtəlif qurumlarla çətin danışıqlar – bunlar hamısı insanı yora bilər. Amma həmin xatirələrdən görünür ki, o, yorğunluğu heç vaxt bəhanəyə çevirməyib. Əksinə, ən çətin məqamlarda belə, qayda-qanun, intizam və nizam ölçüsünü qoruyub saxlayıb. Hərbi hissə komandirinin xarakterində bu, kiçik bir detal kimi görünsə də, onun  arxasında dövlətçiliyimizə sədaqət, qayda-qanuna ciddi əməl eləmək, nizam-intizam və məsuliyyət kimi dəyərlər durur. Bayram müəllimin həyatı təkcə öz taleyini deyil, bir nəslin tarixçəsini əks etdirir. “İdmançı, müəllim, məşqçi, ustad” yazısı oğlu Orxan Məmmədli haqqındadır. Orxanın Zəngilanda doğulması, köçkünlük ağrısını uşaq yaşlarından yaşaması, idmanda yüksəlməsi, “taekvan do” və “hap ki do” üzrə dünya və Avropa uğurları, hərbi xidmət və zabitlik – bütün bunlar bir atanın ömründəki dəyərlərin başqa bir formada davamıdır. Orxanın idmançı və zabit kimi xidmət yolu, ustad-şagird xətti kimi detallar təsadüfi deyil: bunlar bir fərdin özünü necə formalaşdırdığını göstərən xırda, amma həlledici məqamlardır. Müəllif bunları bir-birinə ahəngdar şəkildə uyğunlaşdıraraq bütöv bir mənzərə yaradır... və görürsən ki, bu ömür yolunun əsas xətti dəyişmir: ata-ana nəsihəti ilə yoğurulan bir övladın nümunəvi yaşam tərzi, varlığına hakim olan məsuliyyət hissi, haqq-ədalət duyğusu və Vətənə sonsuz sədaqət hissi heç vaxt azalmayacaq... Köksü sanki şifahi xalq ədəbiyyatı nümunələrinin “arxivi” olmuş anası ilə bağlı xatirələri yada salanda... onun haqqında danışanda oxucu qeyri-iradi olaraq söhbətin həm şahidi, həm də eşitdiyi əhvalatların “iştirakçısı” olur. Orada ananın bayatı dili, ailə faciəsinin ağrısı, Surxay dayının taleyi, nəsil yaddaşının dərsi kimi detallar təsadüfi deyil; bunlar bir insan ömrünün çətin və faciəli şəraitdə necə formalaşdığını göstərən xırda, lakin həlledici məqamlardır.

Onun üçün işin böyük-kiçiyi yoxdur

Bayram Məmmədovun bugünkü əsas fəaliyyəti ilə paralel olaraq “Azərbaycanca-ingiliscə” və “İngiliscə-azərbaycanca” lüğətlərin hazırlanması da mühüm yer tutur. Onun gündəlik fəaliyyətində dilimizin lüğət tərkibini zənginləşdirmək, elm və texnikanın sürətli inkişafı ilə əlaqədar yeni terminləri hərbi leksikamıza gətirmək, dünyanın qabaqcıl ölkələrinə təcrübə mübadiləsinə, ya da təhsil almağa göndərilən hərbçilərin xarici dil bazasını zənginləşdirmək, tədris, gənc zabitlərin hazırlığı mühüm yer tutur. Bu işlərin hamısı bir ömrün özünü necə yoğurduğunu göstərən xırda, amma həlledici məqamlardır. Çünki insanın əhəmiyyətli qərarları çox vaxt böyük sözlərdən yox, ilk baxışdan sadə görünən məqamlardan başlanır: uşaqlıqda şahidi olduğu və təsirləndiyi bir ibrətamiz hadisə, eşitdiyi və unuda bilmədiyi əhvalat... Bu detallar Bayram müəllimin nəinki yadından çıxır, əksinə, müəllif onları bir-biri ilə çox ustalıqla əlaqələndirərək möhtəşəm səhnə yaradır və bu ömrün əsas amalı, ana xətti olan ciddi məsuliyyət hissi, haqq duyğusu və Vətənə sədaqət dəyişmir. Zəngilanın yurd qoxusu, Arazın səsi, Canbarla bağlı xatirələr, hərbi hissə komandirinin bütöv bir rayonun taleyinə görə məsuliyyəti, döyüş yollarının enişi-yoxuşu, şəhidi-qazisi, müəllim masasında qalan təbaşir izi, qəzet səhifəsində quruyan mürəkkəb – bunların hamısı bir insanda birləşəndə, həmin şəxs artıq təkcə öz taleyinin sahibi olmur, o, bir yurdun söz və yaddaş daşıyıcısına çevrilir. Bayram Məmmədovun haqqında yazılanların hamısı da elə bunu deyir: “Vətənə sevgi bəzən qılıncın parıltısı deyil, ürəyin səssiz dözümüdür; bəzən böyük tribunalar deyil, bir kəndin adını sevgi ilə, ləyaqətlə çəkməkdir; bəzən təkcə qələbə günü sevinmək yox, qələbəyə gedən yolu unutmamaqdır. Və elə buna görə də bu yazı bir insanın hekayəsi kimi oxunsa da, içində bir xalqın yaddaşı döyünür...”

Mərhəmət Abiyev,

Ehtiyatda olan polkovnik-leytenent, veteran hərbi jurnalist

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
1
525.az

2Mənbələr