AZ

Baharın müjdəçisi və türk dünyasının birlik bayramı NOVRUZ

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Novruz bayramı baharın gəlişini və təbiətin oyanışını simvolizə edən qədim bir bayramdır. Bu bayram hər il mart ayının 20-21-i qeyd olunur və yeni ilin başlanğıcı hesab edilir. Novruz min illərdir ki, Azərbaycan xalqı tərəfindən böyük sevinc və coşqu ilə keçirilir.

Bayrama hazırlıq həftələr əvvəl başlayır. İnsanlar evlərini təmizləyir, səməni yetişdirir və müxtəlif şirniyyatlar hazırlayırlar. Xüsusilə paxlava, şəkərbura və qoğal kimi nemətlər Novruz süfrəsinin əsas hissəsini təşkil edir. Novruz həm də birlik və mehribanlıq bayramıdır. Bu günlərdə insanlar bir-birini ziyarət edir, küsülülər barışır, ehtiyacı olanlara kömək edilir. Tonqal qalamaq və üzərindən tullanmaq isə pisliklərdən təmizlənmək mənasını daşıyır.

Novruz bayramı həm milli dəyərlərimizi yaşadan, həm də yeni ümidlər gətirən xüsusi bir gündür. Bu bayram təkcə Azərbaycanın yox, bütövlükdə qədim tarixə malik bütün türk xalqlarına məxsusdur.

Mövzu ilə əlaqədar Marmara Universiteti Humanitar və Sosial Elmlər fakültəsinin professor, tarixçi Ali Satan Avtosfer.az-a açıqlamasında bildirib ki, Novruz bayramı Anadolu və Orta Asiya coğrafiyasında min illərdir, Səlcuqlu və Osmanlı dövrləri də daxil olmaqla, həm xalq arasında, həm də dövlət səviyyəsində ənənəvi bahar bayramı kimi qeyd olunub:

“Novruzun təbiətin yenidən canlanması, türklərin Ergenekondan çıxaraq yenidən tarix səhnəsində yer alması kimi mənalara gəldiyi məlumdur. Ergenekon dastanı ilə əlaqələndirilən bu anlayış Novruza xüsusi simvolik məna qazandırır. Türkiyə Cümhuriyyətinin ilk illərində rəsmi bayram olmasa da, yerli səviyyədə qeyd olunmağa davam edib. Lakin zaman keçdikcə modernləşmə prosesləri və mədəni siyasətlər səbəbindən XX əsrin ortalarına doğru populyarlığını müəyyən qədər itib. Buna baxmayaraq, Anadoluda xalq arasında Novruz qeyd olunmağa davam edib. 1980-ci və 1990-cı illərdə isə Novruz, xüsusilə kürd siyasi hərəkatı tərəfindən kimlik və müqavimət simvoluna çevrildiyinə görə, təhlükəsizlik səbəbləri ilə tez-tez qadağan edilib. Türk dünyasının azadlaşması, müstəqil respublikalara çevrilməsi və Türkiyənin türk dünyası ilə əlaqələrinin genişlənməsi, xüsusilə televiziya yayımlarının mümkün olması ilə birlikdə Türkiyə Novruz bayramının türk dünyasında çox canlı, rəngarəng və rəsmi səviyyədə qeyd olunduğunu görərək bu qədim türk bayramını yenidən xatırlamışdır. 1995-ci ildən etibarən dövlət tərəfindən Novruzun rəsmi şəkildə qeyd olunmasına başlanıb. Bu tarixdən sonra dövlət rəsmiləri Novruz tonqalları qalamağa və tədbirlərdə iştirak etməyə başlayıb. Bu gün isə bayram tədbirləri adətən valiliklər tərəfindən təşkil olunur. Novruz bayramı UNESCO-nun “İnsanlığın Qeyri-Maddi Mədəni İrsi Siyahısı”nda yer alır”.

Ankara Rəsm və Heykəl Muzeyində yerləşən Tahir Burakın Ergenekon tablosu. Ergenekon və Novruz bayramı arasındakı əlaqəyə həmişə diqqət yetirilir.

Türkoloq Faiq Ələkbərli isə deyib ki, bu bayram humanizm, birlik və insanlıq dəyərlərini özündə əks etdirir:

“Tarixə baxdıqda görürük ki, Novruz bayramı əsasən türk xalqları arasında qeyd olunub. İndi isə həm də xaricdə yaşayanlar da onu qeyd edirlər. Yəni əfqanlar, taciklər, farslar və digər xalqlar da bu bayramı keçirirlər. Türk xalqlarına gəldikdə isə, uyğurlar, özbəklər, qazaxlar, qırğızlar, Azərbaycan türkləri, Anadolu türklərinin bəzi bölgələrində yaşayanlar, Kərkük türkləri və başqa yerlərdə yaşayan türk toplumları bu bayramı qeyd edirlər. Bu da ondan irəli gəlir ki, türk xalqları Uyğur bölgəsindən tutmuş Anadoluyadək geniş bir coğrafiyada yaşayırlar və bu ərazilərdə təbiətdə mövsümi dəyişikliklər baş verir. Qışdan yaza keçid müşahidə olunur və bu dəyişiklik türk xalqları tərəfindən yenidən dirçəliş kimi qəbul edilir. Qədim türk miflərində və nağıllarında da görürük ki, türklər öz oyanışlarını daha çox məhz mart ayı ilə əlaqələndirirlər. Tarixdə ilk dəfə Səlcuqlular dövründə, XI əsrdə Səlcuq hökmdarı Məlikşah bu bayramı dövlət səviyyəsində rəsmiləşdirilib. Azərbaycan xalqı da, şübhəsiz ki, tarix boyu türk xalqlarının yaratdığı bir çox dövlətlərin tərkibində olub. Bu dövlətlərin hər birində yaz bayramı, indiki adı ilə Novruz bayramı qeyd olunub. Bu bayramda insanların birliyi, dinindən, irqindən, cinsindən asılı olmayaraq qarşılıqlı hörmət, humanizm və qardaşlıq ideyaları ön plana çıxır. İnsanların bir-birini daha yaxşı anlaması, bir-birinə yaxınlaşması bu bayramın əsas məzmununu təşkil edir. Bu baxımdan bu gün də görürük ki, Novruz bayramı Azərbaycanda geniş şəkildə qeyd olunur. Yəni bu bayram bütün azərbaycanlılar üçün doğmadır. Azərbaycanda yaşayan bütün etnik qruplar, eləcə də Azərbaycan xalqının əsasını təşkil edən Azərbaycan türkləri bu bayramı birlikdə qeyd edirlər. Artıq Novruz bayramı minillər boyu inkişaf edərək bir çox xalqların ortaq bayramına çevrilmişdir. Hətta demək olar ki, dünyəvi xarakter daşıyır. Türkiyədə də bu bayram rəsmi şəkildə qeyd olunur, halbuki Osmanlı dövründə bu cür rəsmi qeyd olunmurdu. Bu gün biz bu bayramı qeyd etməklə Azərbaycan xalqı olaraq təkcə 10 milyonluq deyil, dünyanın müxtəlif yerlərində yaşayan 50-60 milyonluq azərbaycanlının birliyini və bütövlüyünü ifadə etmiş oluruq. Azərbaycan xalqı və ümumilikdə türk dünyası üçün bu bayram çox önəmlidir”.

 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
50
avtosfer.az

10Mənbələr