AZ

Xeyirlə şərin mübarizəsi , qışdan yaza keçid... Novruz təkcə bayram deyil, tarixi mədəni irsin daşıyıcısıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Novruzun kökləri ilə bağlı müxtəlif yanaşmalar var. Zərdüştlük dövründə onun eramızdan əvvəl II minilliyin sonu və ya I minilliyin əvvəllərində bir bayram kimi mövcud olduğu ehtimal edilsə də, erkən Zərdüşt mətnlərində bu adla birbaşa qeyd olunmur. Belə ki, Əhəmənilər dövründə qədim mənbələrdə, xüsusilə yunan müəlliflərinin təsvirlərində, Böyük Kirin dövründə Persepolisdə keçirilən mərasimlər haqqında məlumatlar verilir. Qeyd edilir ki, həmin mərasimlərin birbaşa Novruzla bağlı olub-olmaması bu gün də tədqiqatçılar arasında müzakirə mövzusudur. Persepolisin divarlarında təsvir olunan barelyeflərdə bəzi alimlər bayram səhnələrini görsələr də, bu fikir birmənalı qəbul edilmir.

Tarixi mənbələrə nəzər salanda görürük ki, Novruzla bağlı daha aydın məlumatlar Parfiya və Sasani dövrlərinə aiddir. Xüsusilə, Sasani imperiyası zamanı Zərdüştlük dövlət dini statusu qazandıqdan sonra bayramın qeyd olunması daha sistemli xarakter alır.

Pəhləvi mətnlərində “noğ roz” kimi qeyd edilən bu bayram yazın gəlişi ilə əlaqələndirilir.

Zərdüşt dünyagörüşündə xeyirlə şərin mübarizəsi əsas yer tutduğundan, qışdan yaza keçid də bu mənəvi qarşıdurmanın simvolik ifadəsi kimi qəbul olunur.

Tarixi mənbələr Novruzun eramızdan əvvəl III əsrə qədər gedib çıxdığını göstərir. Eyni zamanda, bəzi mənbələrdə Hunların yaz fəslində bayramlar keçirdiyi qeyd olunur.

Türk dünyasında Novruz "Ergenekon dastanı" ilə əlaqələndirilir. Rəvayətə görə, uzun illər qapalı bir vadidə qalan türklər dağın dəmir hissəsini əridərək azadlığa çıxırlar və bu hadisə 21 mart gününə təsadüf edir. Bu səbəbdən Novruz türklər üçün həm də yenidən doğuluşun və azadlığın simvolu kimi qəbul olunur.

Müasir dövrdə də Novruz öz əhəmiyyətini qoruyub saxlayır. 2010-cu ildə bir sıra ölkələrin təşəbbüsü ilə 21 mart Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Beynəlxalq Novruz Günü” kimi tanınıb. Müxtəlif xalqlar bu bayramı “nevruz”, “navruz”, “novrız” kimi fərqli adlarla qeyd etsə də, onun mahiyyəti dəyişmir. “Yeni gün” mənasını verən bu bayram təbiətin oyanışını, yeni ilin başlanğıcını və insanın mənəvi yenilənməsini ifadə edir.

Novruzun adət-ənənələri də əsrlər boyu formalaşıb və bu günə qədər gəlib çatıb. İnsanlar bayrama təmizlənərək, yeni paltar geyinərək hazırlaşır, evlərini səliqəyə salırlar. Səməni cücərdilməsi, tonqal qalamaq, yumurta döyüşdürmək kimi ənənələr bolluq, bərəkət və həyatın davamlılığını simvolizə edir. Tonqal üzərindən tullanmaq isə pisliklərdən təmizlənmək inancı ilə bağlıdır.

Qeyd etməliyik ki, Novruz süfrəsi də rəmzi məna daşıyır. Ənənəyə görə, süfrədə “S” hərfi ilə başlayan yeddi nemətin olması vacib sayılır. Bu nemətlər bolluq, sağlamlıq və firavanlıq arzularını ifadə edir.

Eyni zamanda, bu bayramda qəbiristanlıqların ziyarət edilməsi, dünyasını dəyişənlərin yad olunması da geniş yayılmış adətlərdəndir.

Novruz ədəbiyyatda da öz əksini tapıb. Xüsusilə, klassik Şərq ədəbiyyatında bu bayramın təsvirləri geniş yer alır. Məşhur “Şahnamə” əsərində də Novruzun yaranması ilə bağlı rəvayətlər yer alır.

Buna baxmayaraq, tarix boyu bəzi dini çevrələr bu bayrama fərqli yanaşıblar.

Tarixi mənbələrdə qeyd edilir ki, bəzi müsəlman alimləri Novruzu qəbul etməsələr də, digərləri onun xalq ənənəsi kimi yaşamasını təbii hesab ediblər. Hətta bəzi mənbələrdə peyğəmbərin bu bayramla bağlı müsbət münasibət göstərdiyi barədə rəvayətlər də qeyd olunur.

Bütün bu faktlar göstərir ki, Novruz təkcə bayram deyil, müxtəlif mədəniyyətlərin, inancların və tarixlərin kəsişdiyi bir ənənədir. Əsrlər keçsə də, o, insanların həyatında yenilənmə, ümid və başlanğıc rəmzi kimi yaşamaqda davam edir.

Novruz bayramının adət-ənənələri müxtəlifdir. Tonqal qalamaq və üzərindən tullanmaq Novruzun ən məşhur rituallarından biridir. İnsanlar tonqalın üzərindən tullanaraq “ağırlığım-uğurluğum odda qalsın” deyir və bununla pis enerjidən, xəstəlikdən təmizləndiklərinə inanırlar.

Bayramın digər bir ənənəsi isə Səməni cücərtməkdir.

Səməni həyatın yenilənməsinin, bolluq və bərəkətin rəmzidir. Novruzdan əvvəl buğda isladılıb cücərdilir və bayram süfrəsinin mərkəzinə qoyulur.

Qapı pusmaq da Novruzun adət-ənənələrindəndir. Gənclər qonşuların qapısı arxasında dayanaraq eşitdikləri ilk sözlərə görə niyyət tuturlar. Eşidilən sözlərin yaxşı və ya pis olması gələcək üçün işarə sayılır.

Novruzun bir adəti də qapıya papaq atmaqdır. Uşaqlar və gənclər qapıya papaq atır, ev sahibləri isə onu şirniyyat və hədiyyələrlə doldurur. Bu, paylaşma və sevinc rəmzidir.

Digər Novruz adəti isə rənglənmiş yumurtaların toqquşdurulmasıdır. Bu oyun həm əyləncə, həm də həyatın davamlılığını və gücü simvolizə edir.

Su ilə bağlı rituallar diqqət çəkir. Novruz səhəri insanlar axar suyun üzərindən tullanır və ya su ilə yuyunurlar. Su təmizlik, saflıq və yeni başlanğıc deməkdir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
bizimyol.info

1Mənbələr