AZ

Merts Orbanı Ukraynaya görə hədələyib

BAKI, 20 mart. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya Aİ tərəfindən ayrılması nəzərdə tutulan hərbi kreditə veto qoymasını sərt tənqid edib və bunun nəticələrinin olacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Avropa İttifaqının sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

Merts bu addımı kobud qeyri-loyallıq aktı adlandıraraq bildirib ki, baş verənlər dərin iz buraxacaq və Aİ bu vəziyyəti cavabsız qoymayacaq.

Onun sözlərinə görə, Aİ liderləri bu məsələ ilə bağlı vahid mövqedədir və bugünkü Avropa Şurasında baş verənləri qəbul etməyəcəklər. Kansler əlavə edib ki, bu qərarın nəticələri təkcə bu hadisə ilə məhdudlaşmayacaq.

Merts qeyd edib ki, Aİ liderləri Avropa Komissiyasına Macarıstan və Slovakiyanın mövqeyinə baxmayaraq, Ukraynaya vəsait ayrılması üçün alternativ yollar tapmağı tapşırıblar.

Bildirilib ki, sammit Ukraynaya 90 milyard avroluq kredit məsələsi ilə bağlı razılıq əldə olunmadan başa çatıb. Məlumata əsasən, Aİ liderləri qapalı müzakirələr zamanı Orbanın mövqeyini tənqid etsələr də, göstərilən təzyiqlər onun qərarını dəyişməyib.

Qeyd edək ki, Macarıstan və Slovakiya Ukraynaya 90 milyard avroluq hərbi kreditin ayrılmasını, eləcə də Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklayıb. Bu qərarlar konsensus tələb etdiyindən, 27 ölkədən 25-nin dəstəyinə baxmayaraq qəbul olunmayıb.

Macarıstan tərəfi isə bildirib ki, Ukrayna “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməyənə qədər Aİ-nin Kiyevin xeyrinə qərarlarını dəstəkləməyəcək.

Seçilən
117
50
teleqraf.com

10Mənbələr