Güləşin inkişafı üçün bacardığımı etməyə çalışıram.
Sportinfo.az xəbər verir ki, bunu güləş üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev deyib.
O, Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə fikirlərini iştirakçılarla bölüşüb:
"Güləşin inkişafı üçün bacardığımı etməyə çalışıram. Güləş mübariz idman növüdür. İnsana ayaqüstə durmağı öyrədir. Çəkdiyin əziyyətin sonunda qələbə qazananda düşünürsən ki, buna dəyər. Bu hissləri yaşamağı hər birinizə arzulayıram".
O, güləşin Azərbaycanda milli idman növü kimi xüsusi çəkiyə malik olduğunu qeyd edib:
"Güləş bizim milli idman növümüzdür və xalqımız tərəfindən çox sevilir. Bu gün gördüyümüz maraq bir daha sübut edir ki, hər bir ailə öz övladının məhz güləşlə məşğul olmasını istəyir. Biz olimpiyaçılar olaraq dostlarımızla birgə çalışırıq ki, öz potensialımızı, keçdiyimiz yolu və bacarığımızı gənclərə ötürək. Əminəm ki, gənclərimiz bizdən də uğurlu və çevik olacaqlar. Dövlətimiz, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən lazımi şərait yaradılır ki, biz inkişafımızı məhz öz idman növümüz üzərində qura bilək".
Təcrübəli idmançı Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasında müzakirə olunan layihələrdən danışıb:
"Dünən Atletlər Komissiyasının iclası oldu, bu il görəcəyimiz işlərlə bağlı bir çox layihələr haqqında fikirlər bildirildi. Biz həm Beynəlxalq Olimpiya Komitəsi üçün layihələr hazırlayırıq, həm də gənc idmançıların şəxsi inkişafı, sosial media hesablarında özlərini düzgün ifadə etmələri üçün əlavə addımlar atırıq. Onların psixoloji cəhətdən hazır olması və beynəlxalq arenalarda qələbə qazananda xarici media nümayəndələri qarşısında ölkəmizi doğru-dürüst təmsil edə bilmələri çox vacibdir".
Rəsul Çunayev idmançıların beynəlxalq səviyyədə sərbəstliyi üçün xarici dil öyrənməyin əhəmiyyətini vurğulayıb:
"Bu il xarici dil kurslarının təşkilini də planlaşdırırıq. Əvvəllər belə təcrübəmiz olub. Çünki idmançı nə qədər çox xarici dil bilsə, xaricdə bir o qədər sərbəst olar, ölkəmizi və dövlətimizi daha yaxşı təmsil edə bilər. Gənclərimizin sürətlə öyrənməsi və bizi layiqincə təmsil etməsi qürurverici və gözəl hisslərdir".