Məhəmməd Əsədullazadə: “Görünür regionda genişmiqyaslı müharibənin baş verməsi gözlənilir”
NATO Türkiyənin cənubundakı Adana əyalətində ABŞ və digər ölkələrdən olan personalın yerləşdiyi İncirlik hava bazasına daha bir “Patriot” raketdən müdafiə sistemi yerləşdirir. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava məkanımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün görülən milli tədbirlərə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığı tərəfindən sifariş edilən daha bir “Patriot” sistemi, orada yerləşən mövcud İspaniya “Patriot” sisteminə əlavə olaraq, Adanada yerləşdirilir”, - məlumatda bildirilir.
Qeyd edək ki, ötən həftə Malatyaya “Patriot” sistemi yerləşdirilmişdi. Bu qərar İran müharibəsi fonunda qəbul olunub. Xüsusən də Türkiyəyə atıldığı deyilən 3 raketdən sonra “Patriot” sistemlərinin İncirlik bazasına yerləşdirilməsi söhbətləri intensivləşdi. Reallıqda Türkiyəyə gətirilən “Patriot” sistemlərinin əsil hədəfi kimdir? Bu, doğurdanda İrandırmı? Doğurdanmı NATO İncirlik hava bazasında bu hazırlıqları İranın hücumlarına, bu ölkəyə cavab vermək üçün artırır? Doğurdanmı hədəf budur? Yoxsa burada məsələnin altında daha dərin hədəflər var?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Birləşmiş Ştatlar-İsrail tandeminin İrana qarşı hücumları və qarşı tərəfin hərbi bazalara yönəlik raket hücumları belə addımların atılmasını zərurətə çevirib: “Nəzərə almalıyıq ki, ABŞ-ın Türkiyədə hərbi bazaları mövcuddur. Türkiyə həm də NATO üzvüdür. İncirlik hava bazası, həm də NATO bazası hesab edilir. Alyansın üzv ölkələrdə hərbi bazaları qorumaq öhdəliyi var. İran bir neçə həftə əvvəl İncirik bazasını hədəf alıb. Atılan raketlər məhz NATO qüvvələri tərəfindən zərərsizləşdirilib. Növbəti “Patriot” raketdən müdafiə sisteminin Türkiyəyə yerləşdirilməsi təsadüfü deyil. Görünür regionda genişmiqyaslı müharibənin baş verməsi gözlənilir. Çünki proseslərin ümumi mənzərəsi onu göstərir ki, ərəb ölkələrinin də İrana qarşı bu koalisiyaya qoşulması ehtimalı var. Körfəzdə artıq neft-qaz yataqları qarşılıqlı olaraq vurulur. Bu da İranı daha çox aqressivləşdirir. Ona görə də İran növbəti dəfə çalışacaq ki, İncirlik hava bazasına zərbə vursun. Çünki İran rəsmən bəyan edir ki, ABŞ hərbi bazaları hədəfimizdir. NATO-nun Türkiyə qarşısında öhdəlikləri olduğu üçün Almaniya və digər üzv ölkələrdən “Patriot” raket batareyaları İncirrik bazasına gətirilir. Məqsəd potensial genişmiqyaslı regional müharibə fonunda müdafiəni daha da gücləndirməkdir. Bir sözlə, bütün bunlar onu göstərir ki, eskalasiya genişlənməkdədir”.
Vidadi ORDAHALLI