Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən 200 milyard dollardan çox vəsait istənilməsi barədə yayılan xəbərləri təsdiqləyib.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri jurnalistlərə açıqlamasında məlumat verib.
Nazir bildirib ki, sözügedən məbləğ 200 milyard dollardan çoxdur: "Məbləğə gəldikdə isə, düşünürəm ki, bu rəqəm dəyişə bilər. Buna görə də, artıq gördüyümüz və gələcəkdə görməli ola biləcəyimiz işlər üçün kifayət qədər maliyyələşdirildiyimizdən əmin olmaq üçün Konqresə və oradakı nümayəndələrimizə müraciət edəcəyik".
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.(oxu.az)