On il hakimiyyətdə olmuş Robert Koçaryan yadda işğalçı Ermənistanın cinayətkar dövlət başçısı kimi qalıb. Buna görə on səkkiz il səsini çıxarmayan mafioz indi “dil açıb.” Ancaq bu “dili” ona verənlər var.
“Qarabağ klanı”nın ən alçaq siması, təkcə Azərbaycan xalqına deyil, öz toplumuna da böyük faciələr yaşatmış müharibə canisi “Hayastan” blokundan qarşıdakı parlament seçkilərində namizədliyini irəli sürüb. Əsla təəccüblü deyil ki, onun namizədliyini özü kimi xəbis revanşistlər və daşnaklar da dəstəkləyib.
Ancaq boş xəyaldır. Onun tərəfdarları hamısı bir yerdə seçicilərin cəmi 8-9 faiz səsini toplaya bilər. Bunu aparılan rəy sorğuları da göstərib.
Buna baxmayaraq Robert Sedrakoviçin (əslində Sırtıkoviç) “şaykası” seçkilərədək vəziyyətin dəyişə biləcəyinə ümid edir. Bu, suda batanın saman çöpündən yapışmasına oxşayır.
“Ermənistanın bütün təhdidləri birgə neytrallaşdırmaq üçün güclü orduya, güclü liderə və güclü müttəfiqə ehtiyacı var”-Koçaryan namizəd kimi ilk çıxışında deyib.
Yəni ki, Ermənistana Nikol Paşinyan qismində “zəif lider” yox, yenə də Koçaryan tipli avantürist və quldurun biri gəlsin. Guya özü güclü bir lider imiş. Onun-bunun ətəyini öpən simasız Koçaryanın hakimiyyət çevrilişi, parlamentdə spiker Karen Dəmirçiyanın, onun müavinlərinin, baş nazir Vazgen Sarkisyanın, üç deputatın meyidləri üzərindən baş kürsüdə oturması hələ yaddaşlardan silinməyib. 1999-cu il oktyabrın 27-də altı nəfər terrorçu silahlanıb parlamentə daxil olaraq oradakıları gülləbaran etmişdilər. Koçaryanın arxasında Moskva dayandığı üçün qətlin təşkilində adı hallanmadı.
Koçaryan çıxışında demək istəyib ki, Ermənistanın ordusu faktiki yoxdur. Utanmadan bu sözləri deyən həyasız eks unudur ki, bunun günahı dostu Serjik Sarkisyanda və onun özündədir. Erməni əsgərlərinin payını, ölkəyə göndərilən yüz milyonlara qrant pullarını və yardımları həzm-rabedən keçirəndə düşünmürdü ki, ordu zəif olacaq? Bu zaman unudur ki, beş il əvvəl layiqli cəzasına çatan bir işğalçı ölkə, kasıb dövlət niyə yenidən külli miqdarda pul xərcləyib işğalçı müharibəyə hazırlaşmalıdır? Məgər hansısa qonşu Ermənistanı təhdi edir, müharibə ilə hədələyir, yoxsa onun ərazisini işğal edib? Cənubi Qafqazda iki yüz ildir bu xislətlə yaşayan qondarma dövlət gərək ki, Ermənistan idi. Bir budaqda oturub yüzünü silkələyən simasız Robertin ölkəsi deyildimi?
Araba kölgəsi tapan bu lakey yenidən “xoruzlanmağa” başlayıb. Moskvanın buyruqlarını it sədaqəti ilə yerinə yetirən Pobert Koçaryan şübhəsiz ki, yenə də oradan təlimat alıb. Ona görə də səsini qaldırıb “mən də varam” deyir. Yoxsa on səkkiz ildir dili niyə lal olmuşdu? Harada qalmışdı əvvəlki yekəxana ədalar?
“Biz Azərbaycanla sülh tərəfdarıyıq, amma bu sülh real zəmanətlərə əsaslanmalıdır. Bu, dünyada qanunun aliliyinin güc aliliyi ilə əvəz olunduğu vaxtda xüsusilə vacibdir”, - Koçaryan pafosla bildirib. Buna baxın, Qarabağı işğal edərək çapıb-talayan bu tip quyruğu qapı arasında qalanda qanunun aliliyindən dəm vurur. Xocalıda uşaqları, qocaları, qadınları vəhşiliklə qətlə yetirəndə, kəndləri dağıdıb yandıranda qanunun aliliyi yaddan çıxmışdı. Bəlkə o vəhşiliklər qanuni idi?
O, həmçinin iddia edib: “Mən əminəm ki, şəri təmsil edən bu hakimiyyət məğlub olacaq”. “Ağıllı” Robert yekəbaşlıq edərək özünü guya xeyirin təmsilçisi adlandırıb. Hünəri varsa bu sözləri müharibədə öldürülən və itkin düşən əsgər valideynlərinin qarşısında desin. Amma onda o hünər yoxdur. Ermənistan cəmiyyətinə gün kimi aydındır ki, cinayətkar Robert yenə talamağa, var-dövlətini artırmağa, öz mafiyasını dirçəltməyə gəlmək istəyir. O dinc həyatı pozmağa, ölkənin “yüyənini” “ağasının” ixtiyarına verməyə, dövlətin müstəqilliyinin üstündən qara xətt çəkməyə, yeni müharibəyə başlamaq üçün gəlməyə cəhd edir. Yəni, Ermənistana yeni bədbəxtliklər gətirmək niyyətində olduğunu gizlətmir, əksinə, niyyəti baş tutarsa cəmiyyəti uçuruma sürükləyəcəyini bildirir. Məhz bunun hakimiyyəti dövründə Ermənistan dalan dövlətinə çevrildi. Ancaq erməni olanda nə olar, onlar da başa düşürlər ki, şərəfini itirmiş bu rəzil hakimiyyətdə olanda siçovul simasını göstərib. İndi Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa, qonşularla sülh şəraitində yaşamağa üstünlük verən baş nazir Nikol Paşinyana düşmən kəsilib. Çünki Paşinyan daşnakların qonşulara düşmən münasibətini xəstə beyinlərdən qaşıyıb atmaq, ermənilərin də normal insan kimi yaşamasını istəyir. Fərq göz önündədir. Yəqin ki, müharibənin acılarını dadmış ermənilər düzgün seçim edəcək, hakimiyyət sükanını türmə həyatı yaşamış quldurun birinə deyil, sülhü təmin edənə tapşıracaqdır.
Vəli İlyasov, “İki sahil”