AZ

Davit Qokadze: Novruz bayramında ən çox yaddaşımda qalan yumurta döyüşdürmək və plov yeməkdir

Tbilisi, 19 mart, AZƏRTAC

Novruz bayramı sovetlər dövründə dövlət səviyyəsində qeyd edilmirdi. Dövlət bayramı deyildi. Mən uşaq vaxtı valideynlərimlə Azərbaycanda çox olmuşam. Bu bayramın nə Gürcüstanda, nə də Azərbaycanda bugünkü kimi xüsusi fərəh, sevinc və coşqu ilə, yüksək səviyyədə qeyd olunduğunu görməmişdim. Lakin Azərbaycan xalqı bu bayramı qapalı da olsa çox böyük sevgi, coşqu ilə qeyd edirdi. Elə onun nəticəsidir ki, indi bu bayram dövlət səviyyəsində qeyd olunur. Mən buna çox sevinirəm və azərbaycanlı qardaşlarımızı bu bayram münasibətilə təbrik edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin sabiq deputatı Davit Qokadze söyləyib.

O deyib ki, Novruz bayramında ən çox yaddaşında qalan yumurta döyüşdürmək, paxlava, şəkərbura və plov yeməkdir.

“Azərbaycanlıların bir neçə plov növü var. Tbilisin bir məhəlləsində plovu bir cür, digər məhəlləsində isə başqa cür bişirərdilər. Bizdə azərbaycanlı dostlarımızla evlərə qonaq gedib plovdan yeyərdik. Ən maraqlısı isə o idi ki, elə bil həmin evlərdə bizi gözləyirdilər. Bizi sevə-sevə qonaq edərdilər. Belə bir bayramı hamı qeyd etməlidir. Novruz bərəkət, paklıq, yenilik, sevgi, oyanış bayramıdır. Bir daha bayramınız mübarək!”, – deyə Qokadze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
64
azertag.az

1Mənbələr