Bayram günlərində insanların daha çox bir araya gəlməsi, gəzintilərin artması və yorğunluq fonunda virus infeksiyalarına yoluxma riski yüksəlir. Yaz mövsümündə bitkilərin çiçəkləməsi allergik fon yaradır və bu da orqanizmi viruslara qarşı daha həssas edir. Eyni zamanda qışdan sonra immunitetin zəifləməsi yoluxma ehtimalını daha da artırır.
Bu barədə Pediatrik Kardiologiya və Revmotologiya İB-nin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva QHT.az-a məlumat verib.
Sveta Rəfiyevanın sözlərinə görə, belə dövrlərdə profilaktik tədbirlərə xüsusi diqqət yetirilməlidir. Əllərin tez-tez yuyulması əsas şərtlərdəndir. Su olmayan mühitlərdə antiseptik vasitələr və nəm salfetlərdən istifadə tövsiyə olunur.
O qeyd edib ki, bol maye qəbulu, C vitamini ilə zəngin limon, kivi və digər sitrus meyvələrinin istifadəsi faydalıdır. Qidalanmada ət, balıq və toyuq kimi zülal tərkibli məhsullara üstünlük verilməlidir. Gündəlik 7–8 saat yuxu rejimi də immun sisteminin güclənməsi üçün mühüm rol oynayır.
Həkim əlavə edib ki, bayırdan evə qayıdarkən burunun dəniz suyu ilə yuyulması, ictimai yerlərdə məsafə saxlanılması və xəstə şəxslərlə təmas zamanı maskadan istifadə viruslardan qorunmaq üçün effektiv üsullardandır.
Zəhra Ağayeva