AZ

Azərbaycan kibertəhlükəsizlikdə hüquqi bazanı genişləndirir, rəqəmsal idarəçiliyi sərtləşdirir – Şərh

Bakı, 19 mart, AZƏRTAC

Son həftələrdə baş verən hadisələr göstərir ki, Azərbaycanda kibertəhlükəsizlik artıq sadəcə texniki müdafiə sahəsi kimi deyil, dövlət idarəçiliyinin, rəqəmsal inkişafın və milli dayanıqlılığın əsas sütunlarından biri kimi qəbul olunur. Bu dəyişiklik təsadüfi deyil. Bir tərəfdən beynəlxalq hüquqi çərçivə genişlənir, digər tərəfdən isə Prezident səviyyəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə vahid idarəçilik yanaşması tələb olunur.

Ən yeni və diqqətçəkən addımlardan biri ötən ay Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqlənməsi barədə müvafiq Qanunun imzalanmasıdır. Həmin sənədə əsasən, Hanoyda imzalanmış konvensiya Azərbaycan tərəfindən müvafiq bəyanatlar və qeyd-şərtlərlə təsdiq olunub. Bu, xüsusilə informasiya-kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərə qarşı mübarizə və ağır cinayətlər üzrə elektron sübutların beynəlxalq mübadiləsi baxımından mühüm hüquqi mərhələdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Texniki Universitetinin Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli deyib.

İnstitutun direktoru vurğulayıb ki, bu prosesi yalnız yeni bir qanunun qəbulu kimi oxumaq doğru olmaz. Azərbaycanın kibercinayətkarlıqla beynəlxalq mübarizə üzrə hüquqi bazası əslində yeni qurulmur, o, daha geniş və daha müasir mərhələyə keçirilir. Çünki ölkə hələ 2009-cu ildə “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasını təsdiq etməklə bu sahədə fundamental beynəlxalq hüquqi çərçivəyə qoşulmuşdu. Həmin dövrdə Milli Məclisdə bu sənədin Azərbaycan üçün vacibliyi xüsusi vurğulanmış, internet və kompüter texnologiyalarının inkişafı ilə paralel olaraq kibercinayətlərin sayının və növlərinin artdığı qeyd edilmişdi.

Məhz buna görə bugünkü mərhələnin əsas məğzi “sıfırdan başlamaq” deyil, mövcud bazanı yeni qlobal reallıqlara uyğun şəkildə genişləndirməkdir. Dünyada artıq kiberhücumlar təkcə məlumat oğurluğu və ya sistemə müdaxilə ilə məhdudlaşmır, onlar maliyyə sabitliyinə, dövlət xidmətlərinə, kritik infrastrukturlara, hətta siyasi və hüquqi proseslərə qədər uzanır. Belə şəraitdə elektron sübutların operativ əldə olunması, qorunması və dövlətlər arasında hüquqi baxımdan etibarlı formada mübadiləsi sadəcə hüquq-mühafizə məsələsi deyil, milli təhlükəsizlik məsələsidir. Yeni konvensiyanın əhəmiyyəti də məhz burada üzə çıxır.

“Ancaq hüquqi sənədlər öz-özlüyündə nəticə yaratmır. Onları işlək edən siyasi iradə, institusional koordinasiya və icra mexanizmidir. Burada isə Prezident İlham Əliyevin sədrliyi ilə bu il fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə xüsusi əhəmiyyət daşıyır. Həmin müşavirədə Prezident açıq şəkildə bildirdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyən edir və bu məsələ Azərbaycanın gələcək fəaliyyətində əsas prioritetlər siyahısına daxil edilməlidir”, - deyə Rahid Ələkbərli bildirib.

Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru qeyd edib ki, bu yanaşma əslində kibertəhlükəsizliyi yeni bir məcraya daxil edir: “Çünki rəqəmsallaşma genişləndikcə, süni intellekt həlləri dövlət idarəçiliyinə daxil olduqca, data mərkəzləri və platformalar vahid arxitektura altında birləşdikcə, təhlükəsizlik də daha yüksək səviyyədə və daha sistemli formada qurulmalıdır. Prezidentin müşavirədə vurğuladığı kimi, nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə də çevrilməlidir. Bu isə rəqəmsal infrastrukturu fiziki infrastruktur qədər strateji kateqoriyaya çevirir. Dövlət başçısının çıxışında rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması istiqamətində təşəbbüslərin ölkənin uzunmüddətli və dayanıqlı inkişafını təmin etməli olduğu da xüsusi qeyd olunub”.

Müxbir - Pərvanə Qafarova

Seçilən
82
1
azertag.az

2Mənbələr